40 milyon əhalisi olan ölkədə yoxsul əfqanlar aclıqdan qurtulmaq üçün orqanlarını, əsasən də böyrəklərini satırlar. Halbuki, insanların əksəriyyəti tək böyrəklə normal yaşaya bilmir. "Taliban" 2021-ci ildə hakimiyyəti ələ keçirəndən sonra Əfqanıstanda humanitar böhran daha da ağırlaşıb. İqtisadiyyat kiçilib, işsizlik və yoxsulluq kəskin artıb. İndi milyonlarla əfqan ərzaq yardımından asılıdır. Yardım təşkilatları ölkədə qidalanma probleminin dərinləşdiyi barədə xəbərdarlıq edirlər.
Bəzi insanlar ailələrini dolandırmaq üçün orqanlarını, hətta bəzi hallarda uşaqlarını belə satmağa məcbur olurlar. Qərbi Herat vilayətində yaşayan Zahirə adlı qadın böyrəyini 100 min əfqaniyə və ya 1 min 550 dollara satdığını deyib. Bu vəsaitlə ailənin borclarının yalnız bir hissəsini ödəyə biliblər və artıq bütün pul qurtarıb. 35 yaşlı Zahirənin yaşlı əri işləyə bilmir. 16 yaşlı oğlu isə qonşu İrana qanunsuz keçərək orada iş tapmağa çalışır. Hazırda ailənin yeganə qazanc gətirəni Zahirədir. O, evdə iki qızı ilə qaldığını, gündə birtəhər bir dəfə yemək yeyə bilmək üçün arabir təmizlik işlərində çalışdığını deyir. Qonşu Fərah vilayətində yaşayan Bismillah da böyrəklərindən birini satmaq istəsə də, bu, alınmayıb. Bismillah fəhləlik etmək üçün kənddən vilayət mərkəzi olan Fərah şəhərinə gedir: "Qarşımda üç yol var: uşağımı satmaq, intihar etmək, ya da oğurluq etmək. Beş gün iş axtardım, amma tapmadım. Altı aydır evdə oturmuşam. İrana keçməyə çalışsaq da, bizi deportasiya edib geri qaytarırlar". 2021-ci ildən bəri yoxsulluqdan və "Taliban"dan qaçan yüz minlərlə əfqan qonşu İrana qanunsuz yollarla keçib. Ancaq ABŞ və İsraillə müharibə şəraitində olan Tehran sənədsiz əfqanları kütləvi şəkildə deportasiya edir. Əfqanlar böyrəklərini çox vaxt qanunsuz orqan alveri şəbəkələri vasitəsilə satırlar. Vasitəçilər böyrəyini satmaq istəyənlər üçün qan qruplarına uyğun alıcılar tapırlar. Alıcılar isə əsasən varlı əfqanlar, yaxud İran, Pakistan və Körfəz ölkələrindən gələnlər olur. Əfqanıstanın devrilmiş hökumətində qanunsuz orqan ticarətini araşdırmış Seyid Əşrəf Sadat deyir ki, pulun böyük hissəsi vasitəçilərə çatır. Böyrəyini satan şəxslər isə məbləğin çox kiçik bir hissəsini, adətən orqanın həqiqi dəyərinin cəmi 20-30 faizini əldə edə bilirlər.
Cərrahiyyə əməliyyatları özəl xəstəxanalarda və ya gizli klinikalarda aparılır, korrupsiyaya bulaşmış tibb işçiləri isə buna göz yumurlar. Hətta Herat vilayətindəki yaşayış məntəqələrindən birinə yerli sakinlər arasında "təkböyrəkli kənd" adı verilib. "Radio Azadi" yazır ki, Əfqanıstanda qanunsuz satılan böyrəklərin dəqiq statistikası yoxdur. Amma "Taliban" hakimiyyətə gələndən sonra bu barədə məlumatların sayı kəskin artıb. BMT-nin məlumatına görə, təxminən 14 milyon insan, yəni hər üç əfqandan biri kəskin aclıq çəkir. Təşkilat ölkənin 34 vilayətindən 12-də uşaqlar arasında yetərsiz qidalanmanın rekord həddə çatdığını bildirib. Şimal-qərbi Badğis vilayətində tayfa ağsaqqalı Abdullah yerli sakinlərin orqanlarını sırf səfalət və yoxsulluqdan satdıqlarını deyib: "Allah rəhm etsin, bir yol açsın, çünki belə yaşamaq olmaz". Digər tərəfdən, "Taliban" 2024-cü ildə insan orqanlarının alqı-satqısını və transplantasiyasını yasaqlayıb. Silahlı qruplaşma orqan köçürülməsini "İslama zidd" adlandırıb. Bu qərar xəstələrin və həkimlərin narazılığına səbəb olub. Onlar minlərlə əfqanın tibbi səbəblərdən orqan köçürülməsinə təcili ehtiyacı olduğunu bildirirlər. Halbuki, orqan transplantasiyası, İslam ölkələri də daxil olmaqla, bütün dünyada qəbul edilmiş bir müalicə üsuludur.
Samirə SƏFƏROVA