Türkiyədə uşaqların sosial mediadan istifadəsinə yeni məhdudiyyətlər 1 noyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək. Məlumata görə, sosial media xidmətləri göstərən şirkətlərin 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərməsi qadağan ediləcək, daha böyük yeniyetmələrə isə əlavə məhdudiyyətlər tətbiq olunacaq.
Bununla bağlı qərarda sosial şəbəkələrdən istifadəçilərin yaşını təsdiqləmələri və 15 yaşdan kiçik uşaqların hesab yaratmasına icazə verməmələri tələb olunur. Yaşın yoxlanılması dövlət tərəfindən idarə olunan e-Devlet elektron xidmətlər sistemi vasitəsilə aparılacaq. Qaydalara əsasən, sistem platformadan tam şəxsi məlumatlarını açıqlamağı tələb etmədən istifadəçinin yaş kateqoriyasını təsdiqləməlidir.
15-18 yaş arası istifadəçilər üçün xüsusi təhlükəsizlik parametrləri mövcud olacaq. Onların hesabları standart olaraq məxfi olacaq, canlı yayım qadağan ediləcək və yalnız izlədikləri hesablardan şəxsi mesajlar ala biləcəklər. Platformalara bu istifadəçilərə fərdiləşdirilmiş reklamlar göstərmək də qadağan ediləcək.
Bundan əlavə, sosial şəbəkələr valideynlərə platformadan istifadə müddətini məhdudlaşdırmağa, uşaqların hesab parametrlərini idarə etməyə və ödənişli əməliyyatları izləməyə imkan verən nəzarət vasitələri təqdim etməlidir.
2027-ci il martın 31-dək istifadəçilərdən yaşlarını ən azı bir dəfə təsdiqləmələri tələb olunacaq. Doğrulama prosesi zamanı müəyyən edilmiş 15 yaşdan kiçik istifadəçilərin hesabları isə bağlanacaq.
Yeni qaydalar uşaqların onlayn müdafiəsini gücləndirmək və onların potensial təhlükəli məzmuna çıxışını məhdudlaşdırmaq məqsədi daşıyır.
Türkiyə qanunlarını pozan sosial media platformaları məsuliyyətə cəlb olunacaq.
Tahir TAĞIYEV