Vüqar Bayramov: “Bu, ondan xəbər verir ki, tərəflər arasında ciddi, dərin iqtisadi əlaqələr qurulur”
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışında bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb:
“Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi ticarət əlaqələrinin dahada genişlənməsi müşahidə edilir: “2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi isə 1 milyard 765 milyon dolları keçib. Bu əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir. Belə ki, 2024-cü ildə ümumi ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar olmuşdur. Bu, ondan xəbər verir ki, tərəflər arasında ciddi, dərin iqtisadi əlaqələr qurulur. Bu bir tərəfdən özünü idxal-ixrac əməliyyatlarında göstərir, digər tərəfdən isə qarşılıqlı investisiya qoyuluşları da ölkələr arasında iqtisadi əlaqələrə təsir göstərir. Azərbaycanın demək olar bütün Mərkəzi Asiya ölkələri ilə Azərbaycan ilə birgə investisiya fondları var. Bu da təbii ki, həmin ölkələr vasitəsi ilə ölkələrdə sərmayə qoyuluşlarının həyata keçirilməsinə imkan yaradır. Birgə layihələrin reallaşdırılması baxımından vacibdir. Ümumilikdə bu, ticarət əlaqələrinə müsbət təsir edəcək. Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Belə ki, Orta Dəhliz vasitəsi ilə region üzərindən daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb. Bu qardaş Türk dövlətlərinin valyuta gəlirlərinin artmasına imkan yaradır”.
Vidadi ORDAHALLI