Tural İsmayılov: “Ermənistan hakimiyyəti üçün qarşıdakı aylar həm Konstitusiya layihəsinin legitimliyini təmin etmək, həm də daxili siyasi müqaviməti idarə etmək sınağı olacaq”
Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirələri 2027-ci ilin yazınadək davam edəcək. Bu barədə 2026-cı il noyabrın 23-də hakim "Mülki Müqavilə" fraksiyasının rəhbəri Arusyak Manavazyan brifinqdə məlumat verib.
Ermənistan hökuməti yeni Konstitusiya layihəsinin mətnini 23 noyabr 2026-cı ildə xüsusi yaradılmış elektron platformada ictimaiyyətə təqdim edib.
Yaza qədər davam edəcək müzakirələr müddətində bütün vətəndaşlar həmin onlayn platforma vasitəsilə layihə ilə bağlı öz fikir və təkliflərini sərbəst şəkildə təqdim edə biləcəklər.
Hakim partiyanın deputatı Alxas Qazaryanın sözlərinə görə, hökumət bu məsələdə tələsmək niyyətində deyil. Geniş ictimai müzakirələr başa çatdıqdan sonra sənəd parlamentə (Milli Məclisə) təqdim olunacaq və ardınca ümumxalq referendumuna çıxarılacaq.
Yeni Konstitusiya layihəsinin preambulasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. Baş nazir Nikol Paşinyan referendumda layihə qəbul olunmazsa istefa verəcəyini, qəbul olunacağı təqdirdə isə növbəti seçkilərdə namizəd olmayacağını bəyan edib. Parlament müxalifəti isə sənədin referenduma çıxarılmasını dəstəkləməyəcəyini bildirib.
Bu qədər vaxt nəyə lazımdır?
Hansı ölkədə belə uzun referendumqabağı müddət olub?
Prosesin uzanmasına dair şübhələr mövcuddur.
Bunun əsas səbəbləri barədə siyasi təhlilçilərin fikirlərində və mediada yayılan şərhlərdə prosesin 6 ay ləngiməsi bir neçə amillə əlaqələndirilir. Burada parlamentdə səs çatışmazlığı önə çəkilən amillərdəndir. Belə ki, mövcud Konstitusiyaya görə, layihəni referenduma çıxarmaq üçün parlamentdə deputatların ən azı üçdə ikisinin səsi tələb olunur, lakin hakim “Vətəndaş Müqaviləsi” partiyasının bunun üçün təxminən 6 səsi çatmır. Baş nazir Nikol Paşinyanın müxalifətə referendumun keçirilməsini dəstəkləmək çağırışı hələlik nəticə verməyib.
Müxalifətin sərt müqaviməti də burada diqqət çəkən faktor olaraq özünü göstərir. Ermənistanın əsas müxalifət qüvvələri yeni layihəni kəskin şəkildə rədd edir, onu xarici təzyiqlərin və Bakının tələblərinin nəticəsi adlandıraraq referendumun keçirilməsinə mane olacaqlarını bəyan edirlər.
Sülh müqaviləsinin taleyi. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını əsas şərt kimi irəli sürür. İctimai müzakirələrin 2027-ci ilin yazına qədər uzadılması və referendum tarixinin hələ də qeyri-müəyyən qalması yekun sülh müqaviləsinin imzalanmasının daha da gecikə biləcəyi ilə bağlı şübhələri artırır.
Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Ermənistanda yeni Konstitusiya layihəsinin ictimai müzakirəsinin 2027-ci ilin yazına qədər davam etdirilməsi qərarı bir neçə mühüm siyasi və hüquqi məqamı gündəmə gətirir. “Altı aylıq müddət ilk baxışdan demokratik iştirakçılıq üçün geniş imkan kimi təqdim oluna bilər. Lakin Konstitusiya kimi fundamental sənədin müzakirəsinin bu qədər uzadılmasının arxasında təkcə hüquqi məsələlər dayanmır.
Nikol Paşinyan hakimiyyəti yaxşı anlayır ki, söhbət adi Konstitusiya dəyişikliklərindən getmir. Yeni layihədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanın əsas tələblərindən birinə cavab verir. Bu isə Ermənistan daxilində ciddi siyasi mübahisə doğurur. Müxalifətin müqaviməti, Erməni Apostol (əslində Qriqoryan-İ.S) Kilsəsi ilə münasibətlər və cəmiyyətin müxtəlif təbəqələrinin mövqeyi hakimiyyətin qarşısında mürəkkəb siyasi mənzərə yaradır.
Bəs altı ay nə üçün lazımdır? İlk növbədə, hakimiyyətə cəmiyyətin müxtəlif təbəqələri ilə işləmək, layihənin ətrafında mümkün qədər geniş razılıq formalaşdırmaq və referendum öncəsi ictimai etirazları azaltmaq üçün vaxt lazımdır. Digər tərəfdən, Paşinyan bu müddətdə Konstitusiya dəyişikliyini Ermənistan-Azərbaycan sülh gündəliyinin ayrılmaz hissəsi kimi təqdim etməyə çalışacaq”.
T.İsmayılov qeyd etdi ki, dünya təcrübəsində belə uzun müddətlərə rast gəlinib. “Məsələn, Madaqaskarda 2010-cu ildə konstitusiya ilə bağlı ictimai məsləhətləşmələr təxminən 17 ay davam edib. Burundidə 2005-ci ildə referendumqabağı proses beş aya yaxın, Tailandda isə 2017-ci ildə təxminən dörd ay davam edib. Deməli, altı ay beynəlxalq təcrübədə görünməmiş müddət deyil. Ancaq ictimai müzakirə ilə rəsmi referendum kampaniyasını eyniləşdirmək olmaz.
Əsas məsələ müddətin uzunluğu deyil, bu zamanın hansı məqsədlə istifadə olunacağıdır. Ermənistan hakimiyyəti üçün qarşıdakı aylar həm Konstitusiya layihəsinin legitimliyini təmin etmək, həm də daxili siyasi müqaviməti idarə etmək sınağı olacaq. Azərbaycan üçün isə əsas meyar dəyişməzdir: yeni Konstitusiyanın məzmunu sülh müqaviləsinin imzalanmasına maneə yaradan müddəaları aradan qaldırmalıdır”-deyə T.İsmayılov vurğuladı.
İradə SARIYEVA