“Biz Nikol Paşinyanın referendum adı altında Ermənistanı Azərbaycan koloniyasına çevirməsini istəmirik”. Bunu "Ermənistan" blokunun parlament fraksiyasının katibi Artur Xaçatryan bildirib. O, daha sonra qeyd edib: “Nikol Paşinyan deyir: icazə verin, Ermənistanı Azərbaycan koloniyasına çevirim, sonra növbəti seçkilərdə iştirak etməyəcəyəm. Əgər siz Ermənistanı Azərbaycan koloniyasına çevirəcəksinizsə, onda növbəti seçkilərin mənası nədir? Üstəlik, əgər biz Azərbaycan koloniyasına çevrilsək, artıq seçkilər olmaya bilər və Azərbaycan sadəcə buraya qubernator göndərəcək. Ona görə də, bağışlayın, heç kim bu nağıllara inanmır və buna görə də Nikol Paşinyana qanun çərçivəsində referendum keçirə bilməyəcək. Ona belə bir fürsət verilə bilməz. Qanunu poza bilərmi? Əlbəttə ki, poza bilər, amma buna bütün sonrakı nəticələrlə birlikdə dövlət çevrilişi deyilir".
Hakimiyyətin kifayət qədər səs toplaya bilməyəcəklərindən və məqsədlərinə heç vaxt çata bilməyəcəklərindən qorxduqları üçün növbədənkənar seçkilər məsələsini gündəmdən çıxardığı fikrini şərh edən deputat qeyd edib: "Tamamilə razıyam. Onun burada dediklərinə baxın. O deyir ki, müxalifət seçkilərin legitimliyinə etiraz edir. Siz də onlara etiraz edirsiniz, “Vətəndaş Müqaviləsi” də onlara etiraz edir və iddia edir ki, 550 min vətəndaşa rüşvət verilməsəydi, bu nəticə baş verməzdi. Bəs seçkilərin legitimliyinə etiraz edirsinizsə, niyə bu seçkilərin nəticələrini tənqid etmək və yeni seçkilər tələb etmək əvəzinə Konstitusiya Məhkəməsində müdafiə etdiniz? Çünki onlar başa düşürlər ki, nə qədər səy göstərsələr də - inzibati təsirlər, dövlət vəsaitləri, həbslər, kompromat materialları - kifayət qədər səs toplaya bilməyəcəklər. Beləliklə, görünür, onlar bəzi hesablamalar aparıblar və referendumda qələbənin seçkilərdən daha çox ehtimal olunduğu qənaətinə gəliblər, buna görə də buna üstünlük veriblər".
Nikol Paşinyanın növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə hazırkı iki müxalifət qüvvəsinin parlamentə keçə bilməyəcəyi barədə iddiasına gəldikdə, Xaçatryan deyib: "Deməli, Nikol Paşinyana bizim üçün narahat olmaq tapşırılıb? Qoy özü üçün narahat olsun. Təşəkkür edirəm, məmnunuq və onun narahatlığını qiymətləndiririk. Qoy istefa versin, növbədənkənar seçkilər keçirilsin və biz də problemlərimizi Nikol Paşinyanın fəal müdaxiləsi olmadan həll edəcəyik". O, növbədənkənar seçkilər baş tutacağı təqdirdə, yeni parlamentdə müxalifət kimi deyil, hökumət kimi işləyəcəyinə əminliyini bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Milli Məclisdə müxalifətə müraciət etmişdi: "Mən təklif edirəm ki, müxalifət lazımi altı səsi versin; bütün fraksiyanın səs verməsinə ehtiyac yoxdur. Və biz yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirəcəyik. Rəsmi olaraq bəyan edirəm: əgər xalq yeni Konstitusiyanın "əleyhinə" səs verərsə, referendumun nəticələrinin dərc olunmasından bir həftə ərzində istefa verəcəyəm. Əgər xalq "bəli" səs verərsə, növbəti seçkilərin müntəzəm və ya növbədənkənar olmasından asılı olmayaraq, mən baş nazirliyə namizəd olmayacağam. Bu, açıq təklifdir və mən bunu müxalifətin müxtəlif arqumentləri kontekstində nəzərdən keçirmək istəyirəm".
Tahir TAĞIYEV