Erməni siyasi analitik Suren Surenyantsın fikrincə, Azərbaycan ticarətə Ermənistan üzərində yeni təsir vasitələri yaratmaq üçün bir vasitə kimi baxır. Onun sözlərinə görə, bunu statistik məlumatlar göstərir və Azərbaycanın rəsmi statistikası Ermənistanla inkişaf edən ticarət əlaqələrinin narahatedici mənzərəsini əks etdirir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə məlumatlarına görə, Ermənistandan Azərbaycana cəmi 95,5 min dollar dəyərində mal, əsasən alüminium folqa ixrac edilib, əks istiqamətdə isə ixrac təxminən 23,45 milyon dollar təşkil edib. Suren Surenyants bildirir: "Azərbaycanın Ermənistana ixracı əks mal axınından təxminən 246 dəfə çoxdur. Ticarət balansı, demək olar ki, tamamilə Bakının xeyrinədir". O, ticarətin strukturuna da toxunub: "Azərbaycan Ermənistanı əsasən neft məhsulları - dizel yanacağı və benzinlə təmin edir, Ermənistan ixracatı isə əhəmiyyətsiz olaraq qalır". Surenyants hesab edir ki, bu, qarşılıqlı faydalı ticarətin sübutu deyil, əksinə, birtərəfli enerji asılılığının formalaşması üçün ilkin şərtlərdir. Bu arada, Gürcüstan vasitəsilə mallar daşınmağa davam edir: Ermənistan-Azərbaycan sərhədi bağlıdır və ölkələr arasında tam iqtisadi münasibətlər yoxdur: "Mən Azərbaycanla ticarətin qətiyyən əleyhinə deyiləm. İqtisadi əməkdaşlıq qarşılıqlı fayda və qarşılıqlı asılılığa əsaslanarsa, sülhün möhkəmlənməsinə həqiqətən töhfə verə bilər. Lakin birtərəfli asılılıq iqtisadi və siyasi təzyiqin əlavə vasitəsinə çevrilə bilər". O, həmçinin, potensial uzunmüddətli riskləri nəzərə almadan ticarətin bərpasını PR kampaniyasına çevirən Ermənistan hakimiyyətinin yanaşmasından narahatdır. Ekspert əmindir ki, Ermənistanın, Azərbaycandan asılılığını dərinləşdirmək əvəzinə, ölkənin suverenliyini gücləndirəcək və milli maraqlarına xidmət edəcək regional iqtisadi əməkdaşlığa ehtiyacı var. Əks təqdirdə, sülh şüarları altında Azərbaycanın hərbi və siyasi təzyiq arsenalını iqtisadi rıçaqlarla tamamladığı bir sistem yarana bilər.
Xatırladaq ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycan Ermənistana 23 milyon 450 min 70 dollar dəyərində mal ixrac edib. Bu, Azərbaycanın ümumi ixracının 0,1%-ni təşkil edir. Eyni zamanda, Ermənistandan Azərbaycana idxal 96 min 460 dollar təşkil edib.
Ramil QULİYEV