ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri Yassamin Ansari və Ro Khanna Konqresi İrana qarşı hücum xarakterli hərbi əməliyyatların maliyyələşdirilməsini dayandırmağa çağırıblar.
Bu çağırış dekabrın 11-də dövlət xərclərinin təsdiqi üçün nəzərdə tutulan son müddətin yaxınlaşdığı bir vaxtda səsləndirilib. Qanunvericilər maliyyələşmə ilə bağlı razılığa gələ bilməsələr, ABŞ-da federal hökumətin fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Birgə video müraciətlərində Yassamin Ansari bildirib ki, amerikalılar noyabrın 3-də keçirilən aralıq seçkilərdə baş verənlərə qarşı narazılıqlarını açıq şəkildə ifadə ediblər. O, 23 ABŞ hərbçisinin və Yaxın Şərqdə minlərlə insanın həlak olduğunu, eyni zamanda yanacağın və yaşayış xərclərinin bahalaşdığını vurğulayıb.
“Biz bu müharibəyə son qoymalıyıq”, – deyə Ro Khanna bildirib.
O, ABŞ-ın Vyetnam müharibəsini Konqresin hücum xarakterli hərbi əməliyyatların maliyyələşdirilməsindən imtina etməsindən sonra başa çatdırdığını xatırladıb: “İranda hücum əməliyyatlarının maliyyələşdirilməsini dayandırmalıyıq”.
Konqres üzvləri dekabrın 11-dək müvafiq qərar qəbul etməyə çağıraraq, dövlət vəsaitlərinin ABŞ-ın daxili problemlərinin həllinə yönəldilməsinin vacibliyini vurğulayıblar.
“Amerika vergiödəyicilərinin bir dolları belə artıq bu müharibəyə xərclənməməlidir”, – deyə demokratlar bəyan ediblər.
Tahir TAĞIYEV