Arzuxan Əlizadə: “Paşinyan bu mövzunu gələcəkdə Azərbaycanın Qərbi Azərbaycan məsələsindən imtinası üçün siyasi təzyiq vasitəsinə çevirməyə çalışsa belə, buna yol verilməməlidir”
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament və hökumət iclaslarındakı çıxışında Müstəqillik Bəyannaməsində yer alan “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşdirilməsi” müddəalarını tənqid edib. O, bu yanaşmaların ölkəni münaqişə məntiqinə bağladığını vurğulayıb.
Paşinyan bəyan edib ki, Ermənistan "Dağlıq Qarabağ" və "Qərbi Ermənistan" ideyasından tamamilə imtina etməlidir.
Paşinyanın sözlərinə görə, “Qərbi Ermənistan” anlayışına istinad etmək Azərbaycan və Türkiyə tərəfindən “Qərbi Azərbaycan” və “Şərqi Türkiyə” kimi qarşı iddialar və ifadələr üçün zəmin yaradır. O qeyd edib ki, ermənilər bu siyasi reallıqla üzləşməlidir.
Paşinyan parlamentdəki çıxışlarında “Qarabağ hərəkatı”ndan imtina etdiklərini və sülh sazişinin imzalanmasının vacibliyini təkrarlayıb. O həmçinin Qarabağ ermənilərinin geri qayıdışı məsələsini münaqişə məntiqinin davamı kimi qiymətləndirib.
Ola bilərmi ki, Paşinyan "Qərbi Ermənistan" ideyasından imtinanı gələcəkdə Azərbaycanı Qərbi Azərbaycan ideyasından imtina etməyə çağırış kimi bir əsasa çevirsin? Ola bilərmi ki, bunu etsin ki, Ermənistan "Qərbi Ermənistan" ideyasından imtina edir, Azərbaycan da Qərbi Azərbaycandan imtina etsin? Burada məsələni bu istiqamətə çevirə bilərmi?
Millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, Nikol Paşinyanın Ermənistanın “Dağlıq Qarabağ” və “Qərbi Ermənistan” ideyalarından imtina etməli olduğu ilə bağlı mövqeyi ilk növbədə Ermənistanın özünün siyasi gələcəyi, qonşularına münasibəti və regionda sülhün bərqərar olması baxımından qiymətləndirilməlidir. “Ermənistan uzun illər ərzində ərazi iddialarına, tarixi saxtalaşdırmalara və qonşu dövlətlərin suverenliyinə hörmətsizliyə əsaslanan siyasət yürüdüb. Bu yanaşmadan imtina edilməsi, əlbəttə ki, müsbət addım olardı. Ancaq burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: Ermənistanın öz daxilində hansı ideoloji və siyasi dəyişiklikləri həyata keçirməsi Azərbaycanın milli maraqlarını, tarixi həqiqətləri və hüquqi mövqeyini müəyyən edə bilməz.
Burada Paşinyanın gələcək siyasi gedişlərlə bağlı müəyyən hesablamalarının ola biləcəyini də istisna etmirəm. Çünki o, daha əvvəl də Qarabağ ermənilərinin geri qayıdışı məsələsi ilə Qərbi Azərbaycan məsələsinin eyni vaxtda gündəmdən çıxarılmasını təklif edib. İndi isə “Qərbi Ermənistan” anlayışını da bu müzakirəyə daxil etməsi təsadüfi görünmür. Belə bir yanaşma ilə gələcəkdə Ermənistanın tarixi ərazi iddialarından imtinası qarşılığında Azərbaycanın da Qərbi Azərbaycan məsələsindən imtina etməli olduğu barədə siyasi paralel yaratmağa çalışa bilər”.
A.Əlizadə hesab edir ki, lakin bu iki məsələni eyniləşdirmək düzgün deyil. Millət vəkili vurğuladı ki, Qərbi Azərbaycan məsələsi tarixi torpaqlarından qovulmuş azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ, tarixi yaddaşın qorunması və ədalətin bərpası ilə bağlıdır. “Bu, Ermənistanın ərazi bütövlüyünə qarşı iddia irəli sürmək demək deyil.
Azərbaycan bu məsələdə öz mövqeyini aydın ifadə etməlidir. Biz Ermənistanın “Qərbi Ermənistan” kimi ərazi iddialarından imtina etməsini müsbət qarşılayarıq, lakin bu, Azərbaycanın öz tarixinə, milli yaddaşına və soydaşlarımızın hüquqlarına münasibətini dəyişdirməməlidir. Sülh qarşılıqlı güzəşt görüntüsü yaratmaqla deyil, beynəlxalq hüququn prinsiplərinə, suverenliyə və xalqların hüquqlarına hörmət əsasında qurulmalıdır. Paşinyan bu mövzunu gələcəkdə Azərbaycanın Qərbi Azərbaycan məsələsindən imtinası üçün siyasi təzyiq vasitəsinə çevirməyə çalışsa belə, buna yol verilməməlidir. Bizim mövqeyimiz ondan ibarət olmalıdır ki, Ermənistan öz siyasi və ideoloji yanaşmasını dəyişə bilər, amma Azərbaycan xalqının tarixi həqiqətləri və soydaşlarımızın dinc qayıdış hüququ heç bir siyasi sövdələşmənin predmetinə çevrilə bilməz”-deyə A.Əlizadə qeyd etdi.
İradə SARIYEVA