Afsəddin Nəbiyev: “Berlin prosesi sürətləndirə və əlverişli mühit yarada bilər, lakin tərəflərin siyasi iradəsini əvəz edə bilməz”
Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi fürsətdən istifadə edib, buna görə hər iki ölkəyə minnətdarıq. Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Bu məsələ Ermənistanda görüşümün əsas mövzusu olacaq. Hər şeyi edəcəyik ki, sülh müqətirən aviləsi imzalansın. Azərbaycan Prezidenti də buna hazırlığını ifadə edib”, – nazir bildirib.
Vadeful “hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın” deyərkən nə nəzərdə ütülür? Almaniya bunla bağlı nələr edə bilər?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Almaniyanın xarici işlər naziri Yohann Vadefulun açıqlamasında əsas diqqət çəkən məqam Berlinin Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına fəal töhfə vermək istəyidir. Nazirin “Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın” ifadəsi Almaniyanın öz siyasi nüfuzundan, Avropa İttifaqındakı çəkisindən və beynəlxalq əlaqələrindən istifadə edərək prosesə dəstək vermək niyyətini göstərir. Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Almaniya bu istiqamətdə bir neçə mühüm addım ata bilər. Bu addımlardan ən vacibi İrəvanla sıx əlaqələrindən yararlanaraq sülh sazişinin Ermənistanın öz milli maraqlarına uyğun olduğunu izah edə bilər. Müqavilədən sonra investisiyalar və regional layihələr üçün Avropa İttifaqının dəstəyini səfərbər edə bilər. Almaniya şirkətlərinin regiona marağını artıraraq nəqliyyat, enerji, sənaye və infrastruktur layihələrinə töhfə verə bilər. Çünki ortaq iqtisadi maraqlar davamlı sülhün ən etibarlı təminatıdır. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və humanitar məsələlər üzrə müzakirələri təşviq edə bilər. Təbii ki, bütün bu proseslər dövlətlərin suverenliyinə, beynəlxalq hüquqa və qarşılıqlı razılığa söykənməlidir”.
A.Nəbiyev on da qeyd etdi ki, bununla belə, kənar dəstək nə qədər önəmli olsa da, yekun qərarı məhz Bakı və İrəvan verməlidir: “Berlin prosesi sürətləndirə və əlverişli mühit yarada bilər, lakin tərəflərin siyasi iradəsini əvəz edə bilməz. Nazirin səfərdən əvvəlki bəyanatında region ölkələrinin öz gələcəklərini müstəqil müəyyən etməli olduğunu vurğulaması da bu reallığın təsdiqidir. Bu mesaj həm də onu göstərir ki, Avropanın aparıcı dövləti Azərbaycanın sülhə hazırlığını yüksək qiymətləndirir və müqavilənin imzalanması məsələsini İrəvan qarşısında qətiyyətlə gündəmə gətirməyə hazırdır.
Mühüm detal ondan ibarətdir ki, unutmamalıyıq ki, əsl sülh yalnız kağız üzərində imzalanan sənədlə bitmir. Davamlı sabitlik üçün qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünə hörmət, ərazi iddialarına birdəfəlik son qoyulması və kommunikasiyaların açılması vacibdir. Bu yanaşma Almaniyanın sülh təşəbbüsünü müsbət qarşılamaqla yanaşı, Azərbaycanın prinsipial mövqeyini və gələcək risklərin tam aradan qaldırılması tələbini də aydın şəkildə ortaya qoyur”.
Vidadi ORDAHALLI