Akif Nağı:“Belə terminologiyanın dövlət sənədlərində yer alması Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların mahiyyətinə uyğun gəlmir”
Ermənistan hökuməti Qarabağdan köçüb getmiş ermənilərin müvəqqəti himayə statusunu bir il müddətinə uzadacaq. Bununla bağlı layihə hökumətin müzakirəsinə çıxarıb. Respublikasını tərk edərkən “070” kodlu pasport və müvəqqəti “müdafiə şəhadətnaməsi” yalnız birlikdə təqdim edildikdə və istifadə olunduqda etibarlı sayılır. “070” kodlu pasportun etibarlılıq müddəti başa çatdıqda, müvəqqəti “müdafiə şəhadətnaməsi” (qondarma qaçqınlıq) də dəyişdirilməlidir.
Layihənin əsaslandırmasında qeyd olunur ki, müvəqqəti müdafiə statusu almış şəxslərin Ermənistan vətəndaşlığı əldə etmək üçün müraciətlərinin sayının artması onların şəxsiyyətini təsdiq edən sənədlərin fasiləsiz qüvvədə qalmasını zəruri edir.
Belə ki, 2025-ci ilin ikinci yarısında müvəqqəti müdafiə statusuna malik 2154 nəfər Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. 2026-cı ilin birinci yarısında isə bu göstərici 6929 nəfərə çatıb.
Ermənistan qanunvericiliyinə əsasən, vətəndaşlıq əldə etmək üçün tələb olunan sənədlər sırasında müvəqqəti müdafiə statusu verilmiş şəxsin şəxsiyyətini təsdiq edən sənəd də yer alır.
Bu səbəbdən qanun layihəsində həmin şəxslərə verilmiş müvəqqəti müdafiə statusunun müddətinin daha bir il – 2027-ci il dekabrın 31-dək uzadılması təklif olunur. Sənədin əsaslandırılmasına görə, bu qərar şəxsiyyəti təsdiq edən sənədlərin qüvvədəolma ardıcıllığını təmin etməyə, Ermənistan vətəndaşlığı əldə etmək prosesində yarana biləcək inzibati maneələri azaltmağa imkan verəcək.
Bu layihdə diqqət çəkən bir neçə məqam var. İlk növbədə, Ermənistanın rəsmi dövlət sənədində “Dağlıq Qarabağdan zorla qovulmuş ermənilər” ifadəsinin işlədilməsi diqqət çəkir. Layihədə insanların keçmiş Dağlıq Qarabağdakı “yaşayış yerlərindən zorla məhrum edildiyi” iddia olunur. Halbuki, həmin insanların əraziləri tərk etməsi zorakılıq nəticəsində baş verməyib, onlar öz qərarları ilə köçüb gediblər. Belə olan halda, rəsmi sənəddə bu cür terminologiyadan istifadə edilməsi hansı məqsədə xidmət edir? Görünür, burada hüquqi və siyasi baxımdan müəyyən bir narrativ formalaşdırmaq cəhdi var.
İkinci diqqətçəkən məqam Qarabağdan köçmüş ermənilərə verilən müvəqqəti müdafiə statusunun növbəti ilin dekabr ayına qədər uzadılmasıdır. Əslində, bu statusun hər il yenilənməsi həmin insanlarda müəyyən gözləntilər yarada bilər. Onlar bunu belə anlaya bilərlər ki, müdafiə statusunun bir il müddətinə uzadılması gələcəkdə Qarabağa qayıdış məsələsinin də gündəmdə saxlanılması deməkdir.
Burada mühüm bir sual ortaya çıxır: Əgər söhbət yalnız həmin insanların sosial müdafiəsindən, təhlükəsizliyindən və hüquqlarının qorunmasından gedirsə, niyə bu status hər dəfə birillik müddətə uzadılır? Niyə daha uzunmüddətli, məsələn, on, iyirmi və ya otuz illik müdafiə mexanizmi nəzərdə tutulmur?
Məsələ burasındadır ki, birillik müddət müəyyən siyasi və psixoloji gözləntilərin davam etməsinə şərait yarada bilər. İnsanlarda hər dəfə yeni müddət başlayanda gələn il geri qayıdacaqları ilə bağlı ümid formalaşa bilər. Bu isə onların Qarabağ məsələsi ətrafında siyasi proseslərə cəlb olunmasına, revanşist çağırışlara dəstək verməsinə zəmin yarada bilər.
Beləliklə, müvəqqəti müdafiə statusunun hər il uzadılması sadəcə humanitar və sosial məsələ kimi deyil, eyni zamanda siyasi nəticələri baxımından da qiymətləndirilməlidir.
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Ermənistanın son qərar və bəyanatları bir daha göstərir ki, bu ölkənin siyasi rəhbərliyi Azərbaycanla münasibətlərin tam və qəti şəkildə normallaşmasında nə dərəcədə maraqlıdır. “Görünən odur ki, İrəvan sülh prosesini başa çatdırmaqdan daha çox, müəyyən siyasi və geosiyasi şərtlərin dəyişəcəyinə ümid edərək vaxt qazanmağa çalışır.
Biz Ermənistan rəhbərliyinin Azərbaycanla uzunmüddətli sülh şəraitində yaşamağa hazır olduğuna dair bəyanatlarına ehtiyatla yanaşmalıyıq. Çünki Ermənistanın davranışları onun hələ də mövcud reallıqları tam qəbul etmədiyini göstərir. Onlar ümid edirlər ki, bəlkə regionda siyasi vəziyyət dəyişəcək, Rusiyan hakimiyyətinin mövqeləri dəyişəcək, yaxud ABŞ-da və digər güc mərkəzlərində baş verəcək dəyişikliklər Ermənistanın maraqlarına uyğun yeni imkanlar yaradacaq. Başqa sözlə, Ermənistan indiki məğlubiyyətinin nəticələrinə uyğun sülh müqaviləsi imzalamağa tələsmir və gələcəkdə siyasi vəziyyətin dəyişməsi ehtimalını nəzərə alaraq özünə manevr imkanları saxlamağa çalışır”.
A. Nağı qeyd etdi ki, bu gün Ermənistan rəsmiləri sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını, konstitusiyaya dəyişiklik ediləcəyini bəyan edirlər. “Lakin bu proseslərin uzadılması üçün müxtəlif bəhanələrin ortaya atılması İrəvanın real niyyətləri ilə bağlı suallar yaradır. Azərbaycan hakimiyyəti Ermənistanın bu davranışlarına münasibətdə prinsipial mövqe nümayiş etdirməli, sülh prosesinin süni şəkildə uzadılmasına imkan verilməməlidir.
Diqqət çəkən məqamlardan biri də Ermənistanın rəsmi sənədlərində Qarabağdan çıxmış ermənilərin guya zorla öz yaşayış yerlərindən məhrum edildiyi barədə ifadələrin işlədilməsidir. Belə terminologiyanın dövlət sənədlərində yer alması Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların mahiyyətinə uyğun gəlmir. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, niyə yenidən əsassız iddiaları gündəmə gətirir? Niyə Qarabağdan köçmüş ermənilərin geri qayıtması məsələsini siyasi gündəmdə saxlamağa çalışır?
Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsini tamamilə bağlamaq niyyətində deyil. Əksinə, bu mövzunu gələcəkdə Azərbaycana qarşı siyasi və diplomatik təzyiq vasitəsi kimi istifadə etmək üçün açıq saxlamağa çalışır. Ermənistan hökumətinin mövqeyi ilə bəzi beynəlxalq təşkilatların sənədlərində Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq hüququnun xüsusi vurğulanması da bu baxımdan diqqət çəkir.
Digər mühüm məsələ isə Qarabağdan köçmüş ermənilərə verilən müvəqqəti müdafiə statusunun müddətinin uzadılmasıdır. Bu addım ilk baxışda humanitar xarakter daşısa da, onun siyasi nəticələrini də nəzərə almaq lazımdır. Ermənistan hakimiyyəti həmin insanların ölkədə kollektiv şəkildə saxlanılmasında maraqlı görünür. Çünki bu toplum gələcəkdə müəyyən siyasi məqsədlər üçün istifadə edilə, beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə təsir göstərmək məqsədilə Azərbaycana qarşı təzyiq mexanizminə çevrilə bilər.
Eyni zamanda, Qarabağdan köçmüş ermənilərin bir hissəsinin Ermənistanı tərk edərək başqa ölkələrə üz tutması da diqqətdən yayınmamalıdır. Bu fakt onların gələcəklərini artıq başqa ölkələrdə qurmağa çalışdıqlarını göstərir. Ermənistan hakimiyyəti isə müvəqqəti müdafiə statusunu uzatmaqla həmin insanların ölkədə qalmasına və müəyyən siyasi proseslər üçün kollektiv şəkildə qorunmasına şərait yaradır.
Burada əsas məsələ Qarabağdan ermənilərin köçürülməsi prosesinin siyasi nəticələridir. Bu prosesin necə təşkil edilməsi, hansı şəraitdə baş verməsi və sonradan beynəlxalq müstəvidə hansı məqsədlərlə gündəmə gətirilməsi ilə bağlı suallar hələ də mövcuddur. İndi Ermənistanın atdığı addımlar həmin məsələnin siyasi müstəvidə bağlanmadığını, əksinə, gələcək təzyiq vasitəsi kimi saxlanıldığını düşünməyə əsas verir.
Beləliklə, Ermənistan hakimiyyəti bir tərəfdən demokratiyadan, sülhdən və regionda sabitlikdən danışır, digər tərəfdən isə Qarabağ mövzusunu beynəlxalq gündəmdə saxlamaq üçün yeni siyasi mexanizmlər formalaşdırır. Bu baxımdan Nikol Paşinyanın bəyanatlarına yalnız söz səviyyəsində deyil, Ermənistanın real siyasi davranışları kontekstində qiymət vermək lazımdır.
Azərbaycan heç bir halda arxayınlaşmamalıdır. Sülh danışıqlarının aparılması təhlükələrin tamamilə aradan qalxması demək deyil. Ermənistanın daxilində və xaricində revanşist mövqelər mövcuddur və regional vəziyyət dəyişəcəyi təqdirdə Azərbaycana qarşı yeni iddiaların, siyasi təzyiqlərin və hətta təxribatların gündəmə gətirilməsi ehtimalı nəzərə alınmalıdır.
Ona görə də Azərbaycanın əsas vəzifəsi güclü dövlət, güclü ordu və ayıq-sayıq cəmiyyət modelini qoruyub saxlamaqdır. Dövlət öz təhlükəsizlik siyasətini mövcud reallıqlara uyğun qurmalı, cəmiyyəti baş verən proseslər barədə düzgün məlumatlandırmalı və mümkün təxribatlara qarşı hazırlıqlı olmalıdır.
Unutmaq olmaz ki, sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla, qarşılıqlı etimadla və mövcud reallıqların qəbul edilməsi ilə mümkündür. Ermənistan isə hələlik bu istiqamətdə özünün nə dərəcədə səmimi olduğunu sübut edə bilməyib. Azərbaycan üçün əsas prinsip dəyişməz qalmalıdır: sülhə hazır olmaq, lakin heç bir təhlükəni gözardı etməmək və dövlətin təhlükəsizliyini hər şeydən üstün tutmaq”-deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA