Məhəmməd Əsədullazadə: “Pekin Ukrayna məsələsində ABŞ-a, Qərbə qarşı diferensial təzyiqin artırılmasında maraqlıdır”
Pekin Rusiya və Ukrayna arasındakı münaqişənin noyabrın 19-da Şençjendə Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçiriləcək danışıqların gündəliyinə daxil edilməsinə hələ də qarşı çıxır.
“Reuters” agentliyi Çinin mövqeyi ilə tanış olan mənbələrə istinadən xəbər verir ki, rəsmi Pekin bu məsələnin üçtərəfli görüşdə müzakirə olunmasının əleyhinədir.
Maraqlıdır, Çin niyə Ukrayna məsələsinin üçtərəfli müstəvidə müzakirəsinə qarşıdır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ümumiyyətlə, Rusiya-Ukrayna münaqişəsində Çin həmişə çalışır neytral mövqe tutsun: “Və ümumiyyətlə, Rusiyanın iştirak etdiyi dəyirmi masada bunu müzakirə etmək istəmir. Çünki biz bilirik ki, Çin Rusiyaya hərbi yardımlar edir. Hətta Ukrayna məsələsində özünü nə qədər neytral göstərsədə Çin Rusiyanı dəstəkləyir. Pekin Ukrayna məsələsində ABŞ-a, Qərbə qarşı diferensial təzyiqin artırılmasında maraqlıdır. Ona görə də Çin maraqlı deyil ki, üçtərəfli görüşdə Ukraynada gedən müharibə müzakirə edilsin. Pekin çalışır ki, müharibə davam etsin və hər iki tərəf zəifləsin. Ancaq Çin maraqlı deyil ki, müharibədə Rusiya uduzan tərəf olsun. Məsələnin həm də bu tərəfi var. Heç Rusiya da üçtərəfli görüşdə Ukrayna ilə bağlı müzakirələrin aparılmasında maraqlı deyil. Rusiyanın marağı odur ki, dünyanın nüfuz dairəsinə bölünməsində iştirak etsinlər və onlara da bundan pay çatsın. Ancaq hesab edirəm ki, dünyanın nüfuz dairələrinə bölünməsində Rusiya iştirak edə bilməyəcək. Ona görə də noyabrın 19-da keçiriləcək görüş yalnız görüş xatirinə görüş olacaq. Çin nə İran, nə də Ukayna məsələsində ortaq mövqeyə gəlmir. Prosesdə tamamilə öz maraqları müstəvisindən çıxış edir. Ona görə də Çin çalışır ki, Sakit okean pereferiyasında öz mövqelərini gücləndirsin və beynəlxalq müstəvidə söz sahibi olsun. Nəinki İran və Ukrayna məsələsində. O üzdən, üçtərəfli görüşdən ciddi gözlənti gözləmirəm”.
Vidadi ORDAHALLI