Bəhruz Quliyev: “Burada kommersiya tələbatı, sifarişlərin həcmi, mövsümi amillər və digər logistika məsələləri də rol oynaya bilər”
Məlum olduğu kimi, 2025-ci ilin payızından etibarən Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya mənşəli yüklərin dəmir yolu ilə daşınmasına start verilib. Bu proses uzunmüddətli fasilədən sonra tranzit məhdudiyyətlərinin aradan qaldırılması və regionda nəqliyyat əlaqələrinin bərpası çərçivəsində həyata keçirilir.
Bir məqam diqqəti cəlb edir. Neçə vaxtdır Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan və digər ölkələrdən Ermənistana müxtəlif növ yüklərin daşınması müşahidə edilmir. Ən azından bununla bağlı məlumatlar yayılmır. Ən son avqust ayında belə yükdaşımalar olub. Ola bilərmi ki, Ermənistan Azərbaycana münasibətdə adekvat addımlar atmadığı üçün belə vəziyyət yaranıb?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, Azərbaycan Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırmaqla regionda iqtisadi kommunikasiyaların açılmasına və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verib: “Bu, Azərbaycanın sülh gündəliyinə, regional sabitliyə və iqtisadi inteqrasiyaya verdiyi töhfənin konkret təzahürüdür. Mövcud açıq məlumatlara görə, 2026-cı il sentyabrın 10-da belə tranzit həyata keçirilib. Həmin gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən 1400 ton arpa və 1469 ton buğda göndərilib. Sentyabrın 5-də də taxıl, gübrə və taxta materiallarının daşınması barədə məlumat yayılmışdı. Lakin bundan sonrakı dövr üzrə yeni yükdaşımalar haqqında açıq məlumatların olmaması diqqət çəkir. Hesab edirəm ki, bu məsələyə yalnız texniki və logistika prosesi kimi yanaşmaq düzgün olmazdı. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlər hazırda sadəcə iki ölkənin iqtisadi əlaqələri müstəvisində deyil, daha geniş geosiyasi və regional təhlükəsizlik kontekstində inkişaf edir. Burada əsas məsələ qarşılıqlı etimad və adekvatlıq prinsipidir. Azərbaycan öz üzərinə düşən addımları atır, iqtisadi kommunikasiyaların açılması istiqamətində konstruktiv mövqe nümayiş etdirir. Belə olan halda Ermənistanın da bu siyasətə uyğun davranması, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşması, sülh prosesinə mane ola biləcək siyasi davranışlardan çəkinməsi vacibdir”.
Politoloqun fikrincə, yükdaşımaların azalmasını və ya fasiləyə düşməsini birbaşa Ermənistanın qeyri-adekvat davranışı ilə əlaqələndirmək üçün hazırda rəsmi təsdiqlənmiş əsas yoxdur: “Burada kommersiya tələbatı, sifarişlərin həcmi, mövsümi amillər və digər logistika məsələləri də rol oynaya bilər. Lakin siyasi kontekstin də diqqətdən kənarda saxlanılması doğru olmazdı. Mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan özünün xoşməramlı addımlarını davam etdirərkən qarşı tərəfin davranışlarını da nəzərə almalıdır. Sülh birtərəfli güzəştlər demək deyil. Sülh qarşılıqlı məsuliyyət, siyasi iradə və etimad tələb edir. Ermənistan anlamalıdır ki, Azərbaycanın yaratdığı yeni regional reallıqlar fonunda əməkdaşlıq imkanlarından bəhrələnmək istəyirsə, bunun qarşılığında siyasi məsuliyyət nümayiş etdirməlidir. Azərbaycanla münasibətlərdə adekvat yanaşma sərgiləmək, sülh müqaviləsinin imzalanmasına mane olan məsələləri aradan qaldırmaq və real əməkdaşlığa üstünlük vermək məhz Ermənistanın da maraqlarına xidmət edir. Bütün bunların fonunda bir həqiqət aydındır ki, Azərbaycan regional əməkdaşlığa hazırdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmət və bərabər məsuliyyət prinsipləri əsasında qurulmalıdır”.
Vidadi ORDAHALLI