Ermənistan üzvlük haqları üzrə borcunu ödəmək məsələsini həll etdiyi təqdirdə, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak hüquqları bərpa oluna bilər. Lakin bununla bağlı yekun qərar Ermənistan rəhbərliyindən asılıdır. Bu barədə KTMT-nin baş katibi Taalatbek Masadıkov Moskvada keçirilən sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan üzvlük haqları üzrə borcunu ödədikdən sonra öz nümayəndələrini təşkilata göndərmək və KTMT-nin fəaliyyətində iştirak etmək imkanını yenidən əldə edə bilər.
“Ermənistan üzvlük haqları üzrə borcunu ödəmək məsələsini həll edən kimi həm öz əməkdaşlarını təşkilata göndərmək, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirak etmək hüququnu bərpa edə bilər. Qərar Ermənistan rəhbərliyindən asılıdır”, – deyə baş katib qeyd edib.
Masadıkov, həmçinin bildirib ki, KTMT sammitində Ermənistanın təşkilatdan çıxarılması məsələsi müzakirə olunmayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada keçirilən KTMT sammitinin iştirakçılarının Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul etdiklərini açıqlamışdı.
Tahir TAĞIYEV