Ramil Hüseynov: “Tramp o qədər səhv qərarlar verib ki, onun özünün impiçmentdən xilas olması çətin görünür”
Bu həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasında impiçment səsverməsi ilə üzləşə bilər. Kentukki ştatından olan respublikaçı konqresmen Tomas Massi Heqsetə qarşı səkkiz maddədən ibarət impiçment qətnaməsi təqdim edib.
İttihamlar arasında Konqresin razılığı olmadan İrana qarşı müharibə aparılması və səlahiyyətlərdən sui-istifadə ilə bağlı digər hallar yer alır. Massi jurnalistlərə bildirib ki, palatanın respublikaçı rəhbərliyi prosedur xarakterli təklif irəli sürərək qətnaməni gündəmdən çıxara, impiçmentin mahiyyəti üzrə birbaşa səsvermədən yayınmağa çalışa bilər.
Demokratlar yanvarın 3-də Nümayəndələr Palatasına nəzarəti rəsmi olaraq təhvil alanadək prezident Donald Trampın Respublikaçılar Partiyası palatada çoxluğu əlində saxlayır. Amma "Reuters" Konqresdəki mənbələrə istinadla yazır ki, qətnamənin qəbul edilməsi üçün yetərincə səs toplana bilər. Senatda isə Heqsetin təqsirli bilinməsi ehtimalı aşağıdır. Çünki bunun üçün səslərin üçdə ikisi tələb olunur, respublikaçılar isə 100 yerlik Senatda 53 mandata malikdirlər.
Maraqlıdır, bu, Trampın öz oyunu ola bilərmi? Yəni o mənada ki, İran və digər uğursuzluqlarla bağlı ictimai rəydə ona qarşı olan qəzəbi Heqsetin üzərinə yönəldib özünün impiçmentinin qarşısını alsın? Belə bir plan ola bilərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov prinsipcə, bunu istisna etmədi: “ABŞ Konqresinin aralıq seçkilərində Respublikaçılar Partiyasının ağır məğlubiyyəti Trampın ikinci prezidentlik dövründə apardığı uğursuz daxili və xarici siyasətlə bağlıdır. Demokratlar həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti ələ keçirərək Respublikaçılara tarixi zərbə vurublar. 2026-cı ilin fevralında İrana qarşı başladılan hərbi əməliyyatlar Hörmüz boğazında tədarük zəncirini pozub və qlobal enerji qiymətlərini kəskin artırıb. ABŞ-də benzinin orta qiyməti 4,27 dolları keçib və seçicilərin təxminən 60 faizi bu müharibəni yanlış qərar kimi qiymətləndirib. Hələ seçkilərdən əvvəl keçirilən sorğularda seçicilərin təxminən 90 faizi yaşayış xərclərinin artmasını əsas problem kimi göstərib. Seçicilərin üçdə ikisi yüksək qiymətlərə və tarif müharibələrinin yaratdığı iqtisadi çətinliklərə görə birbaşa Tramp administrasiyasını günahlandırıb. Aydın məsələ idi ki, Respublikaçılar Partiyası uduzacaq. Gör necə biabırçı nəticə oldu ki, Trampın şəxsən dəstəklədiyi namizədlər Texas, Şimali Karolina və Cənubi Karolina kimi ənənəvi mühafizəkar ştatlarda uduzdular. İndi Tramp həm məğlubiyyəti kiminsə üstünə yıxmaq istəyir, həm də komanda üzvlərindən olan Heqseti impiçment sınağına çəkir. Çox güman ki, Tramp bununla özünü qorumaq istəyir. Ancaq Tramp o qədər səhv qərarlar verib ki, onun özünün impiçmentdən xilas olması çətin görünür. Çox güman ki, gələn il Trampın impiçmenti yenidən müzakirə predmeti olacaq”.
Vidadi ORDAHALLI