Reytinq naminə milli elmi potensialın qurban verilməsi və elm siyasətinin iflası Azərbaycan elmində baş verənlərə artıq sadəcə yanlış idarəetmə, uğursuz eksperiment və ya növbəti bürokratik layihə kimi baxmaq mümkün deyil. Burada daha ciddi bir problemin əlamətləri görünür: milli elmi inkişaf etdirmək əvəzinə, onun zahiri göstəricilərini xaricdən gətirilmiş adlarla bəzəmək siyasəti formalaşır. Elm və Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə xaricdə çalışan, Azərbaycan universitetlərinin elmi mühitində real fəaliyyəti, davamlı iştirakı və institusional bağlılığı olmayan bir sıra əcnəbi alimlərin yerli universitetlərlə əlaqələndirilməsi nəticəsində dünyanın tanınmış alimlərinin 2 faizlik siyahısında Azərbaycanı təmsil edənlərin sayı 45-ə çatıb. Bunu böyük elmi nailiyyət kimi təqdim edirlər. Bu 45 alimin neçəsi Azərbaycanda elmi məktəb yaradıb? Neçəsi yerli doktorant yetişdirib? Neçəsi laboratoriya qurub? Neçəsi Azərbaycan universitetlərinin elmi infrastrukturunu inkişaf etdirib? Neçəsi ölkəmizin konkret elmi, texnoloji və iqtisadi problemlərinin həllinə töhfə verib? Bu sualların cavabını vermədən 45 rəqəmini uğur kimi təqdim etmək elmi inkişaf deyil. Bu, statistik göstəricilərin arxasında gizlənən institusional uğursuzluqdur. Ən böyük təhlükə odur ki, biz elmi inkişaf etdirmək əvəzinə, elmin inkişaf etmiş kimi görünməsini təmin etməyə çalışırıq. Elmə legioner futbolçu münasibəti: Alimin adı var, elmi fəaliyyəti haradadır? Futbolda legioner anlayışı məlumdur. Klub nəticə əldə etmək üçün başqa ölkədən futbolçu dəvət edir, ona müqavilə bağlayır, əməkhaqqı verir. Bu, idmanın qəbul edilmiş praktikasıdır. Amma elm futbol deyil. Alim futbolçu deyil. Universitet də mövsümlük nəticə əldə etmək üçün oyunçu transfer edən klub deyil. Elmdə xarici alimlə əməkdaşlıq etmək tamamilə normaldır. Beynəlxalq professorları dəvət etmək, birgə tədqiqat aparmaq, laboratoriyalar yaratmaq, elmi məktəblər formalaşdırmaq müasir universitetin inkişafının mühüm şərtidir. Lakin burada söhbət əməkdaşlıqdan yox, elmi mənsubiyyətin formal şəkildə rəsmiləşdirilməsindən, alim adının universitetin reytinq aktivinə çevrilməsindən gedirsə, bu, artıq başqa məsələdir. Alim Azərbaycan universitetinin əməkdaşı kimi göstərilir. Onun adı universitetin elmi göstəricilərinə daxil edilir. Universitet reytinq üstünlüyü əldə edir. Nazirlik isə bunu milli elmin inkişafı kimi təqdim edir. Bəs universitetin özündə nə dəyişib? Yeni elmi məktəb yaranıbmı? Yerli professorun tədqiqat imkanları artıbmı? Doktorantın elmi rəhbər seçimi yaxşılaşıbmı? Universitetin laboratoriyası müasirləşibmi? Yerli tədqiqatçı beynəlxalq elmi şəbəkələrə qoşulubmu? Əgər bunların heç biri baş verməyibsə, onda biz hansı elmi inkişafdan danışırıq? Alimin adını universitetin siyahısına yazmaqla universitetdə elm yaratmaq mümkün deyil. Daha açıq deyək: Azərbaycan universitetinin adını xarici alimin məqaləsində göstərmək həmin universitetin elmi potensialını avtomatik artırmır. İnstitusional mənsubiyyətin formal dəyişdirilməsi elmi fəaliyyətin real lokallaşdırılması demək deyil. Belə yanaşma elmi əməkdaşlıq yox, reytinq üçün qurulmuş vitrin mexanizmidir. Öz alimini yetişdirə bilməyən ölkə başqasının alimini icarəyə götürür Bir xalqın elmi potensialı onun öz alimlərinə yaratdığı şəraitlə ölçülür. Azərbaycanın elmi tarixində güclü elmi məktəblər, fundamental tədqiqat ənənələri, dünya elminə töhfə vermiş alimlər olub. Bu potensialı inkişaf etdirmək əvəzinə, uzun illər elmə münasibətdə qalıq prinsipindən çıxış edilib. Alimlərin sosial vəziyyəti, əməkhaqqı, laboratoriya təminatı, tədqiqat maliyyələşməsi, beynəlxalq elmi mübadilə imkanları lazımi səviyyədə olmayıb. Universitetlərdə dərs yükü çox vaxt elmi fəaliyyətin əsas vaxtını və enerjisini udub. Doktorantura formal prosedura çevrilib, gənc tədqiqatçıların karyera perspektivləri məhdudlaşıb. Nəticədə nə baş verib? · İstedadlı gənclərin bir hissəsi elmdən uzaqlaşıb. · Bir hissəsi xarici universitetlərə gedib və orada elmi fəaliyyətini davam etdirib. · Bir hissəsi universitetlərdə qalıb, lakin tədqiqat aparmaq üçün zəruri imkanlardan məhrum olub. · Elmi nəsillər arasında varislik zəifləyib. · Bəzi sahələrdə elmi məktəblər tədricən şəxslərdən asılı, institusional dayaqları zəif strukturlara çevrilib. İndi isə paradoksal vəziyyət yaranıb: Öz alimlərinin yetişməsi üçün zəruri şəraiti təmin edə bilməyən sistem xaricdən alim cəlb etməyi elmi inkişaf strategiyası kimi təqdim edir. Bu, hansı məntiqə əsaslanır? Öz alimimizin elmi məqalə yazması üçün ona laboratoriya, maliyyə və vaxt ayırmaq əvəzinə, xarici alimin adını universitetin elmi göstəricilərinə əlavə etmək daha asan görünür.
Çünki birinci yol məsuliyyət, uzunmüddətli investisiya və ciddi idarəetmə tələb edir. İkinci yol isə hesabatda rəqəm yaratmağa imkan verir. Biz öz alimimizi yetişdirməyə sərmayə qoymuruq, başqasının artıq yetişmiş elmi nüfuzunu satın almağa çalışırıq. Bu, sadəcə iqtisadi səmərəsizlik deyil. Bu, milli elmi potensialın inkişafından imtina fəlsəfəsidir. Reytinq xəstəliyi: Nazirlik elm yaradır, yoxsa hesabat hazırlayır? Elm və Təhsil Nazirliyinin fəaliyyətində əsas prioritet nədir: elmin real inkişafı, yoxsa beynəlxalq reytinqlərdə görünən rəqəmlər? Bu sualın verilməsi artıq zərurətə çevrilib. Son illərdə universitetlərin reytinqləri, beynəlxalq siyahılar, Q1 jurnallar, indekslənmiş məqalələr, sitat göstəriciləri və müxtəlif statistik nəticələr elmi siyasətin əsas müzakirə mövzularından birinə çevrilib. Bunların heç biri özlüyündə pis deyil. Əksinə, beynəlxalq elmi görünürlük universitetin inkişafı üçün vacibdir. Problem ondadır ki, göstərici məqsədə çevriləndə onun arxasında dayanmalı olan məzmun unudulur. Reytinq vasitədir, məqsəd deyil. Məqalə elmi nəticənin ifadəsidir, elmin özü deyil. Sitat sayı elmi təsirin göstəricilərindən biridir, elmi keyfiyyətin tam ekvivalenti deyil. Universitetin elmi gücü yalnız neçə məqalə dərc etdirməsi ilə ölçülmür. O, həm də yeni bilik yaratmaq, texnoloji həllər hazırlamaq, gənc tədqiqatçılar yetişdirmək, cəmiyyətin problemlərinə cavab vermək və davamlı elmi məktəblər formalaşdırmaq qabiliyyətidir. Əgər universitetin öz laboratoriyası işləmir, doktorantı elmi rəhbərdən real dəstək almır, professorun tədqiqat üçün vaxtı yoxdur, amma hesabatda beynəlxalq alimlərin sayı artırsa, bu, inkişaf deyil. Bu, göstəricilərin idarə edilməsi adı altında reallığın manipulyasiyasıdır. Daha ciddi təhlükə isə odur ki, rəhbərlik zaman keçdikcə real inkişafla hesabat uğurunu fərqləndirmək qabiliyyətini itirir. Nəticədə idarəetmə sisteminin özü saxta müvəffəqiyyət hissi yaradır. Beləliklə, universitetin əsas vəzifəsi bilik istehsal etməkdən çıxıb, reytinq göstəricilərini təmin etməyə yönəlir. Elm hesabatın əlavəsinə, alim isə statistik göstəricinin vasitəsinə çevrilir. Bu pullar hara gedir və kim cavabdehdir? Ən ciddi suallardan biri maliyyə məsələsidir. Xarici alimlərin universitetlərlə müqavilələri hansı şərtlərlə bağlanır? Onlara nə qədər vəsait ödənilir? Ödəniş hansı konkret elmi nəticələrin müqabilində həyata keçirilir? Bu nəticələr necə yoxlanılır? Müqavilələrdə dərs demək, doktorant hazırlamaq, birgə tədqiqat aparmaq, laboratoriya yaratmaq kimi öhdəliklər varmı?
Əgər belə öhdəliklər yoxdursa, yaxud onların icrası yoxlanılmırsa, dövlət vəsaitinin səmərəliliyi barədə ciddi suallar yaranır. Burada konkret rəqəmlər olmadan yüz minlərlə və ya milyonlarla manatın xərcləndiyini fakt kimi iddia etmək düzgün olmaz. Lakin xərclərin açıqlanmasını tələb etmək tamamilə qanunidir. Mənim təklifim sadədir: Elm və Təhsil Nazirliyi bu proqramın maliyyə və nəticə hesabatını ictimaiyyətə açıqlamalıdır. Açıqlanmalıdır: 1. Proqram üzrə neçə xarici alimlə müqavilə bağlanıb? 2. Hər universitet üzrə ayrılan vəsait nə qədərdir? 3. Müqavilələrin müddəti və ödəniş mexanizmi necədir? 4. Həmin alimlərin universitetlərdə faktiki elmi və pedaqoji fəaliyyəti nədən ibarətdir? 5. Neçə yerli doktorant və gənc alim onların rəhbərliyi ilə hazırlanır? 6. Neçə birgə elmi layihə və laboratoriya yaradılıb? 7. Proqramın yerli elmi potensiala ölçülə bilən təsiri nədir? 8. Ayrılan vəsaitin nəticə ilə əlaqəsi necə qiymətləndirilir?
Dövlət büdcəsindən maliyyələşən elmi proqramın hesabatı yalnız reytinqdəki rəqəmlə məhdudlaşa bilməz. Dövlət pulu xərclənirsə, dövlət və cəmiyyət qarşısında nəticə məsuliyyəti də olmalıdır. Əgər proqramın real elmi nəticələri yoxdursa, onun davam etdirilməsinin məqsədəuyğunluğu yenidən qiymətləndirilməlidir. Yerli alimə münasibət: Öz evində ikinci dərəcəli alim olmaq Azərbaycan elminin ən ağrılı problemlərindən biri yerli alimə münasibətdir. Ömrünü bu ölkənin universitetlərində, elmi-tədqiqat institutlarında keçirən, tələbə və doktorant yetişdirən, elmi məktəblərin qorunmasına çalışan alimlər çox vaxt öz fəaliyyətlərini davam etdirmək üçün zəruri şəraitdən məhrumdurlar. Onların bir çoxu üçün elmi tədqiqat aparmaq əlavə vaxt, şəxsi maliyyə və böyük səbir tələb edir. Belə bir şəraitdə universitetə xarici alim gətirmək, ona yüksək ödəniş etmək, adını beynəlxalq siyahılarda universitetlə əlaqələndirmək, amma yerli professorun elmi fəaliyyətini dəstəkləməmək hansı elmi siyasətin təzahürüdür? Bu, sadəcə sosial ədalətsizlik deyil. Bu, elmi inkişafın öz məntiqinə ziddir. Yerli alim universitetin yaddaşıdır. O, tələbəni tanıyır, təhsil mühitini bilir, ölkənin problemlərini araşdırır, elmi ənənəni davam etdirir. Onun fəaliyyəti universitetin uzunmüddətli inkişafının əsasını təşkil edir. Xarici alim isə əməkdaşlıq vasitəsilə bu potensialı zənginləşdirə bilər. Amma onun yerini tuta bilməz. Əslində, güclü universitet xarici alimi öz yerli elmi potensialını inkişaf etdirmək üçün cəlb edir. Zəif universitet isə bəzən xarici alimin nüfuzundan öz zəifliyini ört-basdır etmək üçün istifadə edir. Fərq məhz bundadır. Xarici alim yerli elmin əvəzedicisi yox, onun inkişafının tərəfdaşı olmalıdır. Elmi idarə edənlər elmin mahiyyətini başa düşürlərmi? Burada daha fundamental bir məsələyə toxunmaq lazımdır: elmin idarə edilməsi fəlsəfəsi. Elm inzibati göstərişlə inkişaf etmir. Elmi nəticə məmur qərarı ilə yaranmır. Elmi məktəb əmr əsasında formalaşmır. İnnovasiya hesabat cədvəlinə rəqəm yazmaqla meydana gəlmir. Elmin özünəməxsus qanunauyğunluqları, akademik azadlıq prinsipləri, tədqiqat etikası, institusional mühiti və uzunmüddətli inkişaf mexanizmləri var. Elmi idarə etmək üçün yalnız menecer olmaq kifayət deyil. Elmin mahiyyətini, elmi tədqiqatın mürəkkəbliyini, universitetin missiyasını və akademik mühitin xüsusiyyətlərini dərindən anlamaq lazımdır. Əks halda idarəetmə texnokratik göstəricilərə, inzibati tapşırıqlara və formal hesabatlara çevrilir. Mənim qənaətimcə, Azərbaycan elminin əsas problemlərindən biri məhz elmi siyasətin formalaşdırılması ilə onun inzibati icrası arasındakı sərhədin itirilməsidir. Elmi ictimaiyyətin rəyi dinlənilmədən, universitetlərin real vəziyyəti öyrənilmədən, yerli alimlərin imkanları qiymətləndirilmədən qəbul edilən qərarlar elmi inkişafı sürətləndirmir. Əgər elmi siyasət alimlərin iştirakı olmadan hazırlanırsa, onun nəticələrinin niyə gözlənilən effekti vermədiyinə təəccüblənmək lazım deyil. Bu səbəbdən məsələni yalnız legioner alimlər proqramı ilə məhdudlaşdırmaq olmaz. Bu proqram daha geniş idarəetmə probleminin simptomudur. Nə etməli? Reytinq imitasiyasından milli elmi inkişaf modelinə keçid Azərbaycanın xarici alimlərlə əməkdaşlığa ehtiyacı var. Lakin bu əməkdaşlıq milli elmi potensialın gücləndirilməsinə xidmət etməlidir. Bunun üçün aşağıdakı dəyişiklikləri zəruri hesab edirəm. 1. Formal akademik mənsubiyyətə son qoyulmalıdır. Universitetdə adı göstərilən xarici alimin faktiki elmi və pedaqoji fəaliyyəti yoxlanılmalıdır. Müqavilə yalnız real fəaliyyət və ölçülə bilən öhdəliklər əsasında bağlanmalıdır. 2. Bütün maliyyə məlumatları açıqlanmalıdır. Xarici alimlərin cəlb edilməsi proqramının büdcəsi, müqavilə şərtləri və əldə olunan nəticələr ictimaiyyətə təqdim edilməlidir. Müstəqil audit keçirilməlidir. 3. Yerli alimlər üçün Milli Elmi İnkişaf Proqramı yaradılmalıdır. Bu proqram gənc tədqiqatçıların, doktorantların və professorların elmi fəaliyyətini dəstəkləməli, fərdi tədqiqat qrantları, laboratoriya maliyyələşməsi, beynəlxalq təcrübə və nəşr imkanları yaratmalıdır. 4. Xarici alimlərdən elmi mentorluq tələb edilməlidir. Xarici professorun fəaliyyətinin əsas nəticəsi onun adının universitetin siyahısında görünməsi yox, yerli tədqiqatçıların inkişafına verdiyi töhfə olmalıdır. Doktorant hazırlığı, birgə elmi layihələr, laboratoriya fəaliyyəti və bilik transferi müqavilələrin əsas göstəricilərinə çevrilməlidir. 5. Universitetlərin elmi nəticələri kompleks qiymətləndirilməlidir. Reytinq göstəriciləri ilə yanaşı aşağıdakılar da ölçülməlidir: · Yerli gənc alimlərin hazırlanması; · Doktorantların elmi nəticələri; · Beynəlxalq əməkdaşlıqdan yaranan real elmi məhsullar; · Patentlər və texnoloji həllər; · Elmi nəticələrin iqtisadiyyata və cəmiyyətə tətbiqi; · Laboratoriyaların və elmi məktəblərin davamlılığı; · Tədqiqatların keyfiyyəti və təkrar istehsal oluna bilməsi. 6. Alimə işləmək imkanı yaradılmalıdır. Professorun dərs yükü, inzibati vəzifələri və hesabat öhdəlikləri elmi fəaliyyət üçün real vaxt saxlamalıdır. Tədqiqat maliyyələşməsi təsadüfi deyil, uzunmüddətli və rəqabətli mexanizmlərlə təmin olunmalıdır. 7. Elm siyasəti müstəqil elmi ekspertizaya əsaslanmalıdır. Elmi proqramların hazırlanmasında və qiymətləndirilməsində nüfuzlu yerli və beynəlxalq alimlərin iştirakı təmin edilməlidir. Nazirliyin özü həm proqramı hazırlayan, həm icranı qiymətləndirən, həm də uğur elan edən yeganə tərəf olmamalıdır. 45 AD BİZƏ NƏ VERDİ? Mən bu məsələni bir neçə xarici alimin Azərbaycan universitetləri ilə əməkdaşlığı kimi qiymətləndirmirəm. Məsələ daha ciddidir: milli elmi inkişaf etdirmək əvəzinə, onun beynəlxalq nüfuzunu hazır şəkildə əldə etməyə yönəlmiş yanaşma formalaşırsa, bu, strateji yanlışlıqdır. Dünyanın tanınmış alimləri ilə əməkdaşlıq etməkdən qürur duymalıyıq. Amma öz alimlərimizə lazımi şərait yaratmadığımız halda başqalarının elmi nüfuzu ilə fəxr etmək bizim elmi siyasətimizin uğuru sayıla bilməz. 35 il ərzində Azərbaycan elmi niyə öz güclü beynəlxalq elmi məktəblərini kifayət qədər inkişaf etdirə bilmədi? Niyə yerli alimlərin potensialını üzə çıxarmaq əvəzinə, reytinq siyahılarında xarici adların sayını artırmaq prioritetə çevrilib? Bu proqramın ölkənin elmi və insan kapitalına real töhfəsi nədir? Bu siyasətin nəticələrinə görə kim və hansı meyarlarla məsuliyyət daşıyır? Bu sualların cavabını vermək lazımdır. Çünki söhbət ayrı-ayrı şəxslərin nüfuzundan deyil, dövlətin elmi siyasətindən və ictimai vəsaitin səmərəli istifadəsindən gedir. Mənim mövqeyim qətidir: Azərbaycan elminin inkişafı xarici alimlərin adlarını yerli universitetlərin siyahısına yazmaqla təmin edilə bilməz. Xarici alimlərə ayrılan vəsaitdən daha çox, yerli elmi potensialın inkişafına investisiya qoyulmalıdır. Bir daha vurğulayıram: problem xarici alimdə deyil, onu elmi inkişafın əvəzedicisi kimi təqdim edən düşüncə tərzindədir. Azərbaycan elminin 45 legionerə deyil, 45 güclü elmi məktəbə ehtiyacı var. Bizə reytinq üçün icarəyə götürülmüş adlar yox, ölkədə elmi nəticə yaradan, yeni nəsil alimlər yetişdirən, texnologiya və innovasiya istehsal edən universitetlər lazımdır. Əgər bu gün elmi inkişafın əvəzinə reytinqin imitasiyasını seçiriksə, sabah reytinqdə görünən, amma öz elmi məhsulu olmayan universitetlər sisteminə çevriləcəyik. Reytinq cədvəlində Azərbaycanın adının görünməsi hələ Azərbaycan elminin dünyada görünməsi demək deyil. Elmin nüfuzu alınmır. Elmin nüfuzu yaradılır. Bu nüfuzu başqasının aliminin adı ilə deyil, öz alimimizin biliyi, əməyi və elmi nəticələri ilə etməliyik.
İlham Əhmədov
Təhsil eksperti