ABŞ və Çin noyabr ayında Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılan Prezident Donald Tramp, Prezident Vladimir Putin və Çin Prezidenti Si Tszinpin arasındakı mümkün görüşün formatı ilə bağlı razılığa gələ bilməyiblər.
Bu barədə danışıqların hazırlıq prosesindən xəbərdar olan mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Mənbələrin sözlərinə görə, Pekin görüşün ciddi şəkildə əvvəlcədən müəyyən edilmiş ssenari əsasında keçirilməsini, yəni hər bir liderin hazırlanmış bəyanatı oxumasını və açıq müzakirələrə, demək olar ki, yer qalxmamasını istəyir. Tramp administrasiyası isə, əksinə, daha sərbəst fikir mübadiləsinin aparılmasında israrlıdır. Danışıqların 18–19 noyabr tarixlərində Çində keçiriləcək APEC sammiti çərçivəsində baş tutması ehtimal olunur; lakin qəzet qeyd edir ki, format və gündəliklə bağlı fikir ayrılıqları görüşün ümumiyyətlə baş tutub-tutmayacağı ilə bağlı şübhələr yaradıb. Çinli rəsmi şəxs WSJ-yə bildirib ki, Pekin üçtərəfli görüşə hazırdır, lakin bunun üçün hazırlıq prosesində razılaşdırılmış gündəlik və "əvvəlcədən müəyyən edilmiş nəticə" təmin olunmalıdır. Belə bir çərçivədə Çin Ukrayna və digər məsələləri müzakirə etməyə razı ola bilər. Mənbə əlavə edib ki, əgər belə bir hazırlıq olmazsa, Pekin ayrı-ayrı ikitərəfli görüşlərə üstünlük verəcək. Digər bir mübahisəli məqam isə nüvə silahlarına nəzarət mövzusudur. Tramp Putin və Si ilə "nüvəsizləşdirmə də daxil olmaqla, bir çox məsələləri" müzakirə etmək istədiyini bildirib. ABŞ Dövlət katibi Marko Rubio da bu mümkün görüşü üç nüvə dövlətinin liderləri arasında silahlara nəzarət məsələsini müzakirə etmək üçün bir fürsət kimi xarakterizə edib. Bununla belə, çinli rəsmi şəxs WSJ-yə bildirib ki, Pekin bu mövzu ilə bağlı üçtərəfli danışıqlarda iştirak etməyəcək. Qəzetin izahına görə, Çin öz nüvə arsenalının ABŞ və Rusiyanınkından daha kiçik qalacağı bir statusun rəsmiləşməsindən narahatdır. Eyni zamanda, WSJ-nin məlumatına görə, ABŞ administrasiyası silahlara nəzarət üzrə yeni sazişə Çin Xalq Respublikasının da daxil edilməsində israrlıdır.
SAMİRƏ