Fuad İbrahimov: “Ucuz kredit mühiti formalaşdırıb kimə və necə gəldi kredit verilsə, bu, problem yaradacaq”
Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasətinə dair qərarın açıqlanması zamanı keçirilən mətbuat konfransında bildirib ki, bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard manat təşkil edir.
Məlum olur ki, bankların sərəncamında 4 milyard 600 milyon manat sərbəst vəsait (likvidlik) olmasına baxmayaraq, kredit bazarında, xüsusilə də real sektorun şah damarı olan biznes kreditləşməsində ciddi tələb zəifliyi müşahidə olunur. Niyə? Pul ola-ola niyə banklar sərfəli şətlərlə biznes kreditləri verib iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafına töhfə vermirlər? Əgər vəsait varsa, o zaman onun verilməsinə nə mane olur?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, birinci növbədə ölkədə biznes mühitinin varlığı ilə bağlı sual verilməlidir: “Nəzərə almaq lazımdır ki, bankirlər öz işlərinin peşəkarıdırlar. Yəni kredit vermək naminə, ucuz kredit mühiti formalaşdırıb kimə və necə gəldi kredit verilsə, bu, problem yaradacaq. Nəticədə problemli kreditlərin həcmi daha da artacaq. Onsuz da problemli kreditlərin həcmi artır. Söhbət təkcə bundan getmir. Söhbət ondan gedir ki, Azərbaycanın özündə istənilən formada biznes mühitinin özü yoxdur. Bunun da Taleh müəllimin fəaliyyətinə aidiyyəti yoxdur. Onu bu gün İqtisadiyyat Nazirliyi başda olmaqla digər müvafiq orqanlar sözügedən mühiti formalaşdırmalıdırlar. O mənada ki, ölkədə biznes mühiti formalaşsın, həqiqi biznes kreditləri götürülsün. Bizdə bu gün bunun payı çox azdır. Yüzlərlə misal gətirə bilərik ki, fabrik, zavod açırlar, amma 6 aydan sonra fəaliyyətini dayandırır. Bu, nədən irəli gəlir? Ona görə ki, texniki-iqtisadi əsaslandırmalar əsassız olur. Nəyin bahasına olursa olsun özlərini kiməsə özlərini göstərmək üçün zavod açırlar, amma bu, belə deyil. Ona görə də belə olmamalıdır. Həqiqi biznes mühiti olmalıdır. Biznes mühitinə uyğun da güzəştli kreditlər olmalıdır. Bax əsil mənzərə budur. Bu gün həmin model Özbəkistanda, Gürcüstanda müşahidə edilir. Bizdə nə qədər vətənpərvər olsaq, özümüzü seçsək də təəssüflər olsun yoxdur. Bunun da səbəbləri müxtəlifdir. Biznesə lazımsız müdaxilələr, biznesi geriyə salan ödənişlər. Ona görə də bütün bu problemlər həll edilməlidir. Nə qədər ki, həll edilməyib, biznes yerində sayacaq”.
Vidadi ORDAHALLI