Firdovsi Şahbazov: “Erməni mediasında yazılanların heç bir əsası yoxdur və Azərbaycanı qaralamaq məqsədi daşıyır”
Erməni mediası yazır ki, Ankara ilə Bakı arasında artan gərginliyin dinamikasını anlamaq üçün 2009-cu ilə qayıtmaq lazımdır. O zaman Türkiyənin Bakının təzyiqi altında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını əngəlləyib.
Erməni mediası iddia edir ki, 2009-cu ildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını uğurla əngəllədikdən sonra Azərbaycan Türkiyədəki təsirini artırmağa başlayıb, ölkənin ən böyük investorlarından birinə çevrilib və hətta xəbər televiziya kanalı əldə edib. Onların fikrincə, Türkiyə başa düşməlidir ki, 2020-ci il müharibəsində qalib gəldikdən sonra Azərbaycan artıq Türkiyənin "kiçik qardaşı" deyil, müstəqil xarici siyasət oyunçusudur. Türkiyə ilə Azərbaycan arasında mövcud gərginlik nəzərə alınmaqla, Ankara Ermənistanla sərhədi açmayacaq.
Ümumilikdə, bəli, Azərbaycan 2009-cu ildə Türkiyə-Ermənistan sərhədinin açılmasına imkan vermədi. Ancaq erməni mediası elə təəssürat yaratmağa çalışır ki, guya pul müqabilində Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına imkan vermir. Yəni Türkiyəyə daha çox sərmayə qoymaqla, orada zavodları almaqla bunun qarşısını aldı. Erməni tərəfinin deməyindən belə çıxır ki, Türkiyə Azərbaycana təzyiq göstərmək və bu ölkədən daha çox investisiya cəlb etmək xatirinə 2008-2009-cu illərdə Ermənistanla açılım prosesi elan etmişdi. Guya Azərbaycan açılım prosesini iflasa uğradandan sonra Türkiyəyə sərmayə qoyuluşunu artırıb.
Maraqlıdır, erməni mediasının bu versiyası nə dərəcədə həqiqətə uyğundur?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə Firdovsi Şahbazov baki-xeber.com-a açıqlamasında bildirdi ki, erməni mediasının yazdıqları sadəcə Azərbaycana qarşı iftiradır: “Azərbaycan nəyinsə müqabilində Türkiyə iqtisadiyyatına sərmayə qoymur və yaxud da bundan bir təmənna ummur. Azərbaycan dost-qardaş ölkə olaraq Türkiyə iqtisadiyyatına investisiya yatırır. 2009-cu ildən əvvəl də Türkiyə iqtisadiyyatına Azərbaycan böyük sərmayələr yatırıb və bu siyasət uzun illərdir davam edir. Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı ümumi investisiyaların həcmi 20 milyard dollara yaxındır. Təkcə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 603 milyon 765 min dollar investisiya yatırıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 426 milyon 402 min dollar və ya 3,4 dəfə çoxdur. Həmin dövrdə Türkiyəyə ən çox birbaşa xarici investisiya qoyan ölkələr arasında Azərbaycan da ön sıralarda yer alıb. Türkiyəyə edilən ümumi birbaşa investisiyaların təxminən 5 faizi Azərbaycanın payına düşüb. Türkiyə Azərbaycanın ən çox investisiya yatırdığı 2-ci ölkə olub. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin mühüm hissəsi Dövlət Neft Şirkətinin (SOCAR)-ın həyata keçirdiyi layihələrlə bağlıdır. Xüsusilə İzmir şəhərindəki STAR Neft Emalı Zavodu və Petkim neft-kimya kompleksi bu investisiyaların əsasını təşkil edir. Təkcə SOCAR-ın Türkiyəyə yatırdığı vəsait 19 milyard dollar civarındadır. Bir sözlə, uzun illərdir Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayə qoyur. Ərazilərimiz işğal altında olanda da, ondan sonra da. O üzdən, erməni mediasında yazılanların heç bir əsası yoxdur və Azərbaycanı qaralamaq məqsədi daşıyır”.
Vidadi ORDAHALLI