Rusiyanın Avstraliyadakı səfirinin həyat yoldaşı İrina Petrakovanın Kanberra Beynəlxalq Qadınlar Klubuna (WIC) üzv qəbul edilməsi Ukrayna, İtaliya və Estoniya səfirlərinin həyat yoldaşlarının təşkilatı tərk etməsinə səbəb olub. "Politico" nəşrinin məlumatına görə, WIC-in prezidenti Sendi Keyn bildirib ki, klub Petrakovanı hüquqi məsləhət aldıqdan sonra üzvlüyə qəbul edib. Həmin məsləhətdə qeyd olunub ki, mənşə ölkəsinə əsaslanaraq ona üzvlükdən imtina etmək ayrıseçkiliyə qarşı qanunların pozulması demək olardı. Ukrayna səfirinin həyat yoldaşı Liana Miroşniçenko bu qərara etiraz edərək bildirib ki, onun narazılığı Petrakovanın vətəndaşlığına deyil, Rusiyanın təmsilçisi kimi roluna aiddir. Miroşniçenkonun etirazını İtaliya və Estoniya səfirlərinin həyat yoldaşları, eləcə də Avropa İttifaqının Avstraliyadakı səfiri Qabriele Visentin dəstəkləyib. 1964-cü ildə təsis edilmiş WIC təşkilatının "50-dən çox ölkəni təmsil edən 300-dən çox üzvü" olduğu iddia edilir. Təşkilata qoşulmaq üçün hər hansı dəyərlərə əsaslanan meyarlar mövcud deyil; üzvlük burada körpü (kart oyunu), maconq, tennis, kitab klubları və dil qrupları kimi fəaliyyətlərdə mütəmadi iştiraka görə verilən bir "imtiyaz" kimi təsvir olunur. SAMİRƏ