Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib. Nəticədə Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin təşkilatçıları da daxil olmaqla 11 nəfər saxlanılaraq Azərbaycana gətirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Kiyevdə fəaliyyət göstərən qanunsuz “Call Center”lərdə keçirilən tədbirlər zamanı saxlanılanlar arasında şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov da var.
Araşdırmalarla müəyyən olunub ki, şəbəkənin fəaliyyəti Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında yaradılmış “Call Center”lər vasitəsilə təşkil edilib. Şəbəkəyə yeni üzvlərin cəlb olunması üçün “Telegram”da informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən iş elanları yerləşdirilib. Bu yolla bəzi Azərbaycan vətəndaşları həmin qanunsuz mərkəzlərə cəlb olunublar.
DİN-in məlumatına görə, şəbəkə üzvləri xüsusi hazırlanmış danışıq ssenariləri əsasında vətəndaşlara zəng edərək özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim ediblər.
Onlar vətəndaşlara hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, bank kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar veriblər. Digər hallarda isə yüksək gəlir vəd edən saxta investisiya təkliflərindən istifadə olunub.
Bu üsullarla vətəndaşlar vəsaitlərini guya təhlükəsiz hesablara köçürməyə, bank kartı məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələrini açıqlamağa sövq ediliblər.
Məlumatda qeyd olunub ki, Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyev xaricdəki şəbəkə üzvləri ilə “Telegram” vasitəsilə əlaqə saxlayaraq kiberdələduzluq yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasında iştirak ediblər. Onlar talanmış pulları istifadələrində olan bank kartı hesablarında cəmləyib, razılaşdırılmış faizi götürdükdən sonra qalan vəsaiti kriptovalyutaya çevirərək xaricə göndəriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə başçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslərlə bağlı istintaq araşdırmaları aparılır.
DİN vətəndaşları yüksək əməkhaqqı və asan qazanc vəd edən şübhəli iş təkliflərinə ehtiyatla yanaşmağa, kart məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələri naməlum şəxslərlə paylaşmamağa çağırıb. Şübhəli zənglər zamanı verilən məlumatların rəsmi mənbələrdən yoxlanılması, kiberdələduzluq halları ilə bağlı isə dərhal polisə müraciət edilməsi tövsiyə olunub.
ZÜMRÜD