Arzuxan Əlizadə: “İlk növbədə, bu, daxili auditoriyaya hesablanmış informasiya siyasətinin tərkib hissəsi ola bilər”
“Sputnik Ermənistan” iddia edir ki, peyk görüntülərinə görə, guya Azərbaycan Silahlı Qüvvələri 2024–2026-cı illər ərzində Sünik (Zəngəzur) regionundakı Sev göl (Qaragöl) və Cermuk (İstisu) istiqamətlərindəki mövqelərdə genişmiqyaslı mühəndislik və möhkəmləndirmə işləri aparıb.
Guya "Sentinel-2" peyk tərəfindən çəkilmiş müvafiq dövrlərə aid (iyul 2024 və sentyabr 2026) görüntülərin müqayisəsi nəticəsində ərazidəki dəyişikliklər qeydə alınıb.
Ermənistanın səsləndirdiyi iddialar konkret faktlara əsaslanır, yoxsa sərhədin müəyyənləşdirilməsi prosesini Azərbaycanın ərazi genişləndirməsi kimi təqdim etməyə çalışır?
Ekspertlərə görə, Ermənistanın səsləndirdiyi iddialar konkret faktlara əsaslanmır və hansısa sərhəd hərəkətlərini Azərbaycanın yeni ərazilər ələ keçirməsi kimi təqdim etmək düzgün deyil.
Məsələnin əsas tarixi 2021–2022-ci illərə gedib çıxır. 2020-ci il müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sərhədin bütün uzunluğu üzrə dəqiq delimitasiya aparılmamışdı. Sonrakı hərbi-siyasi proseslər zamanı Azərbaycan qüvvələri bəzi istiqamətlərdə irəli mövqelər tutdu.
Ermənistanın mövqeyinə görə, Azərbaycan hərbçiləri müəyyən sahələrdə onun beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşirlər. Bu məsələ 2024–2026-cı illərdə də müzakirə olunub.
2025-ci ilin oktyabrında Ermənistanın CivilNetCheck araşdırma qrupu açıq mənbələrə, peyk görüntülərinə və sovet dövrünün xəritələrinə əsaslanaraq Azərbaycanın Ermənistanın ərazisi hesab etdiyi sahələrdə mövqelər saxladığını iddia edib. Araşdırmada təxminən 241,4 kvadratkilometr rəqəmi göstərilir.
Ermənistanın bu nə dərəcədə doğrudur?
Ermənistan tərəfi bəzi sahələrdə sərhədin dəyişməsini strateji yüksəkliklərin, mühüm kommunikasiya xətlərinin (məsələn, Gürcüstan və İrana gedən yolların) və yaşayış məntəqələrinin təhlükəsizliyinin riskə girməsi kimi təqdim edir. Bu səbəbdən, daxili auditoriyada və beynəlxalq müstəvidə bu proses bəzən Ermənistanın suveren ərazilərinə təhdid və ya Azərbaycanın birtərəfli təzyiqi kimi qiymətləndirilir. Azərbaycan rəsmi Bakının məqsədinin ərazi genişləndirmək deyil, yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri və vaxtilə işğal olunmuş anklav/sərhəd kəndlərini (məsələn, Qazaxın 4 kəndi) geri qaytarmaq olduğunu bildirir.
Azərbaycan delimitasiya prosesinin yalnız bir dövrün xəritəsi ilə məhdudlaşmamalı olduğunu, SSRİ-nin süqutu zamanı mövcud olan bütün hüquqi və inzibati sənədlərin nəzərə alınmalı olduğunu müdafiə edir. Azərbaycan tərəfi prosesi iki ölkənin suverenliyi və bərabərhüquqlu tərəfdaşlığı prinsiplərinə əsaslanan daxili bir razılaşma kimi təqdim edir.
Millət vəkilili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, Ermənistan tərəfindən son dövrlər Azərbaycan Silahlı Qüvvələrinin sərhəd bölgələrində apardığı mühəndislik işləri ilə bağlı müxtəlif iddialar səsləndirilir. “Sputnik Ermənistanın yaydığı son materialda da 2024–2026-cı illərə aid peyk görüntüləri müqayisə edilərək Sünikdə, xüsusilə Sev gölü ətrafında mövqelərin möhkəmləndirildiyi, yeni yolların salındığı və müəyyən mühəndislik işlərinin aparıldığı iddia olunur. İlk növbədə qeyd etmək lazımdır ki, peyk görüntülərində hər hansı ərazidə fiziki dəyişikliklərin müşahidə edilməsi həmin ərazinin hüquqi statusu ilə bağlı yekun nəticə çıxarmağa əsas vermir. Burada əsas məsələ sərhədin hansı hüquqi və kartoqrafik əsaslarla müəyyənləşdirilməsidir. Həmçinin, bu cür görüntülərin müstəqil şəkildə yoxlanılması və qarşı tərəfin mövqeyinin də öyrənilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi sovet dövrünün müvafiq xəritələri və tərəflərin razılaşdırdığı prinsiplər əsasında həyata keçirilməlidir. Tərəflər 2024-cü ildə Tavuş istiqamətində sərhədin müəyyən hissəsinin delimitasiyası ilə bağlı razılığa gəliblər. Lakin bu proses bütün sərhəd boyunca eyni vaxtda və avtomatik şəkildə həyata keçirilmir. Ona görə də hər hansı mövqenin harada yerləşdiyini müəyyənləşdirmək üçün yalnız ayrı-ayrı peyk görüntülərinə deyil, tarixi xəritələrə, hüquqi sənədlərə, koordinatlara və komissiyaların razılaşdırdığı metodologiyaya istinad olunmalıdır. Eyni zamanda, delimitasiya prosesi tərəflərdən heç birinə qarşı tərəfin suverenliyini pozmaq üçün əsas vermir. Bütün məsələlər qarşılıqlı razılaşma və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir.
Mən hesab edirəm ki, Ermənistan tərəfinin bu mövzunu məhz indiki mərhələdə intensiv şəkildə gündəmə gətirməsi bir neçə amillə əlaqəli ola bilər. İlk növbədə, bu, daxili auditoriyaya hesablanmış informasiya siyasətinin tərkib hissəsi ola bilər”.
A.Əlizadənin fikrincə, digər tərəfdən, sərhədlərin delimitasiyası ilə bağlı ictimai rəydə narahatlıq yaratmaq, prosesi Azərbaycanın ərazi genişləndirməsi kimi təqdim etmək və beynəlxalq ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək cəhdi də istisna edilmir. “Bununla belə, konkret siyasi məqsəd barədə qəti nəticəyə gəlmək üçün əlavə sübutlar lazımdır. Azərbaycan tərəfi bu məsələlərdə emosional və ittihamedici yanaşmalardan uzaq durmalı, faktlara, hüquqi sənədlərə və razılaşdırılmış mexanizmlərə əsaslanmalıdır. Regionda davamlı sülhün təmin olunması üçün sərhəd məsələlərinin informasiya qarşıdurması predmetinə çevrilməsi deyil, şəffaf və qarşılıqlı etimada əsaslanan danışıqlar yolu ilə həlli vacibdir”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA