Azərbaycan müstəqillik qazandıqdan sonra orqan transplantasiyası ilə bağlı xeyli uğurlarımız olub. Yəni 90-cı illərin əvvəllərində, hətta ortalarına qədər ölkəmizdə demək olar ki, böyük orqanların transplantasiyasını həyata keçirmək mümkün deyildi. Bu sahədə nə tibb ocaqlarının imkanları, nə də bu sahədə yetişmiş kadrlar var idi. Orqan transplantasiyası bir neçə sahənin birgə təşkilatçılığı, və fəaliyyəti sayəsində yalnız uğurla həyata keçirilə bilər. Çox şükürlər olsun ki, bu gün Azərbaycanda bu sahədə böyük işlər görülür. İndi Azərbaycanda böyrək, qaraciyər transplantasiyası geniş şəkildə həyata keçirilir və bu, bizi sevindirir. Ürək transplantasiyasına gəlincə qısa müddətdə 4 əməliyyatın Azərbaycanda aparılması bu sahədə olan ən böyük uğurlardan biridir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” elmi-praktik konfransının rəsmi açılış mərasimindəki çıxışında deyib
"Bu sahədə uğurlarımız olsa da ancaq statistikaya müraciət etsək görərik ki, dünyada, yəni əhalisi bizim ölkə qədər olan və bizim inkişafımız səviyyəsində olan ölkələrlə müqayisədə hələ bizim göstəricilər çox aşağıdır. Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur. Orqan transplantasiyasının ən əsas, ən vacib komponentlərindən biri donorluqdur. Əgər donorumuz olmayacaqsa, biz bu sahədə uğurdan söhbət edə bilmərik”, - deyə Əhliman Əmiraslanov bildirib.
“Məhz belə toplantıların keçirilməsi və ictimaiyyətin belə toplantılarla, orqan transplantasiyası sahəsində aparılan təbliğatla tanışlığı, mütəxəssislərin çıxışları, bəzən o xəstələrin nümayişi ölkəmizdə insanların donorluğa olan münasibətini mən deyərdim ki, kifayət qədər dəyişib.
Əgər bir neçə il bundan qabaq biz çox nadir hallarda kiminsə dünyasını dəyişəndən sonra onun orqanlarından başqa insanların həyatını xilas etmək üçün bağışladığını vəsiyyət etdiyinin şahidi olurduq.
Ancaq indi kifayət qədər vətəndaşlarımız var ki, öz orqanlarını həyatını başa vurduqdan sonra başqa insanların xilası üçün verməyə hazırdır. Bu istiqamətdə də yenə biz işimizi gücləndirməli və donorluğun təbliği sahəsində böyük işlər görməyə çalışmalıyıq", - deyə o qeyd edib.
ZÜMRÜD