Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır və bunun üçün məkan və tarixlə bağlı məsləhətləşmələrə başlamağı təklif edir. Onun sözlərinə görə, Azərbaycan müqavilənin imzalanmasını Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə əlaqələndirir. Mirzoyan sülh müqaviləsinin imzalanmasının təxirə salınmamalı olduğunu vurğulayıb və bu məsələnin Ermənistanın siyasi gündəliyində olduğunu qeyd edib.
Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərti – Konstitusiyaya dəyişiklik edilməsini – yerinə yetirmədən müqavilənin imzalanacağı yer və tarixin müəyyənləşdirilməsini təklif edir. Bu təklifin real siyasi və diplomatik əhəmiyyəti nədir? Ermənistan bu şərti yerinə yetirmədən sülh prosesində irəliləyiş görüntüsü yaratmağa, məsuliyyəti Azərbaycanın üzərinə qoymağa, yoxsa danışıqlarda əlavə vaxt qazanmağa çalışır?
Əli Orucov: "Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan yekun sülh sazişi imzalana bilməz"
Politoloq Əli Orucov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar aradan qaldırılmadan iki ölkə arasında yekun sülh sazişinin imzalanması mümkün deyil.
Onun sözlərinə görə, rəsmi Bakı bu dəyişməz mövqeyini dəfələrlə həm İrəvanın, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ermənistan tərəfi isə Konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanın tələbini siyasi manipulyasiya predmetinə çevirərək, bunu İrəvana qarşı irəli sürülmüş xüsusi tələb kimi təqdim edir. Halbuki, söhbət dövlətlərarası münasibətlərin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə uyğunlaşdırılmasından gedir.
Əli Orucov qeyd edib ki, hər hansı dövlətə qarşı ərazi iddiaları digər dövlətin Konstitusiyasında saxlanılarsa, imzalanacaq sülh sazişinin dayanıqlılığı sual altında qalacaq. Yekun sülh sazişi hüquqi təminatların yaradılması və qarşılıqlı etimadın formalaşması baxımından vacibdir.
Politoloqun fikrincə, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq bu istiqamətdə praktiki addımlar atdığı halda, Ermənistan hakimiyyətinin mövqeyində qeyri-müəyyənlik müşahidə olunur. Xarici işlər naziri Ararat Mirzoyanın açıqlamaları ilə Baş nazir Nikol Paşinyanın bəyanatları arasındakı fərqlər hakimiyyət daxilində vahid yanaşmanın formalaşmadığı barədə suallar yaradır. Belə ki, Paşinyan Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun 2027-2028-ci illərdə keçirilə biləcəyini bildirir, Mirzoyan isə sülh sazişinin daha tez imzalanmasını təklif edir.
Əli Orucov hesab edir ki, Bakı İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün konkret vaxt çərçivəsi müəyyənləşdirməli və bu istiqamətdə diplomatik təzyiqləri artırmalıdır. Onun sözlərinə görə, 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sənədin və sülh sazişinin paraflanmasından sonra Ermənistanın müxtəlif səbəblərlə prosesi uzatması beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılmalıdır.
Politoloq vurğulayıb ki, Ermənistanın sülh sazişinin imzalanmasını yubadması təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, Ermənistanın öz maraqlarına da mənfi təsir göstərir. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan imzalanacaq sülh sazişi dayanıqlı və etibarlı ola bilməz.
Dəniz NƏSİRLİ