Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra Prezident Heydər Əliyevin “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” imzaladığı fərman (27 iyul 1999-cu il) turizmin inkişafında yeni mərhələnin başlanğıcığını qoymuşdu.
Fərman imzalandıqdan sonra turizm sahəsində və bu sektorun idarəetmə strukturunda yaranmış problemləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001- ci il tarixli, 464 saylı fərmanı ilə Gənclər və İdman Nazirliyi Gənclər, İdman və Turizm Nazirliyinə çevrildi.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikasının bu beynəlxalq turizm təşkilatına üzv olması, 2002-ci ilin avqust ayının 27-də “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması, 2002-ci ildə Böyük İpək yolu layihəsinə 24 dövlətin, o cümlədən Azərbaycan Respublikasının qoşulması turizmin gələcək inkişafında mühüm rol oynamışdı.
Azərbaycanda Turizmin inkişafı bu sahədə çalışan yüksək ixtisaslı mütəxəssislərə olan təlabatın artırılmasına səbəb oldu və bu da turizm üzrə ali təhsilli kadr hazırlayan təhsil müəssisəsinin açılmasını zəruri etdi. Məhz bu zərurətdən 2006-ci ildə Azərbaycan Turizm İnstitutu yaradıldı. Azərbaycan Turizm İnstitutunu yaradılması, İnstitutun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında sərəncamlar bu ali məktəbin fəaliyyəti ilə bağlı əsas hüquqi sənədlərdir.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə Azərbaycan Turizm İnstitutu təsis edilmişdi. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdı.
Azərbaycan Turizm İnstitutu yarandığı gündən tədrisin təşkilini Boloniya prosesi standartları əsasında qurmuşdur. ATİ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. 4 iyul 2007-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edirlər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər.
ATİ eyni zamanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qaliblərindəndir. Proqram çərcivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir.
Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması Azərbaycan Turizm İnstitutu kollektivi qarşısında yeni məsul vəzifələr qoymuşdu.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutuniun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdı.
ATMU “Times Higher Education Impact Rankings 2025” reytinqində təmsil olunaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələri beynəlxalq səviyyədə təsdiqləyib və bir neçə istiqamət üzrə dünya universitetləri arasında yer alıb. Eyni zamanda, ATMU ilk dəfə “Round University Ranking 2025” reytinqinə daxil olaraq Azərbaycan universitetləri arasında ilk yeddilikdə qərarlaşıb. Bu nailiyyətlər tədrisin keyfiyyəti, elmi-tədqiqat, beynəlmilləşmə və institusional inkişaf sahəsində aparılan islahatların nəticəsidir. Universitetdə iyirmi il ərzində Avstriyanın IMC Krems Universiteti ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində 400-ə yaxın məzun yetişib. Bundan əlavə, 2023-cü ildən Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə ikili diplom proqramı həyata keçirilir. ATMU, həmçinin DAAD kimi mübadilə proqramları vasitəsilə Avropa ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlıq edərək tələbələrə beynəlxalq mübadilə imkanları yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə ATMU yeni yaradılmış Dövlət Turizm Agentliyinin (DTA) tabeçiliyinə verilmişdir.
Dövlət Turizm Agentliyinin rəhbərliyi ilə “ATMU-nun 2022-2026-ci illər üçün Strategiyası”na uyğun olaraq universitet son illər çox böyük nailiyyətlər əldə edib.
Azərbaycan Turizm İnstitutu, onun bazasında yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin 20 illik fəaliyyəti dövrü - iki rektorun rəhbərlik illərinə düşür. Cəfər Cəfərovun rəhbərlik etdiyi dövr 2006-2017-ci illəri, İlham Mədətovun rəhbərlik etdiyi dövr 2017-2026-ci illəri əhatə edir. Bundan başqa prorektor Eldar Aslanov Cəfər Cəfərov ADPU-ya rektor təyin olunduqdan sonra 23 iyun 2016-cı il tarixindən 11 sentyabr 2017-ci il tarixinədək Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsini icra etmişdir.
ATMU-nun rektoru İlham Mədətov universitetin 20 illik yubiley münasibətilə demişdir: “ATMU-nun bu günə gəlib çatmasında əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Müəllimlərimizin zəhməti, tələbələrimizin fəallığı və məzunlarımızın uğurları universitetimizin ən böyük qazancıdır. Əminəm ki, qarşıdakı illərdə ATMU daha böyük uğurlara imza atacaq. ATMU-nun 20 illik yolu möhkəm təməl üzərində qurulan, davamlı inkişaf və real uğurlarla müşayiət olunan bir yoldur”.
Məhərrəm Zülfüqarlı
t.e.d., professor