Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətçilik əleyhinə və digər ağır cinayətlərdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq cəza şərti tətbiq olunub. Həmçinin onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi və əmlaklarının dövlət nəfinə xüsusi müsadirəsi barədə qərar qəbul edilib.
Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi hansı hüquqi mexanizmlə həyata keçiriləcək? Bu qərarı vermək səlahiyyəti hansı dövlət orqanına məxsusdur və məhkəmənin təqdimatından sonra prosedur necə davam edəcək? Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi üçün ayrıca hüquqi aktın qəbuluna ehtiyac varmı?
Şəmsəddin Əliyev: "Dövlət məmurunun vəzifə etimadına xəyanəti ən ağır əməllərdəndir"
Hüquqşünas Şəmsəddin Əliyev Ramiz Mehdiyevə çıxarılan hökmü "Bakı-Xəbər" qəzetinə şərh edərkən bildirib ki, bu işin hüquqi və ictimai əhəmiyyəti təkcə konkret şəxsə verilən cəza ilə məhdudlaşmır. Onun sözlərinə görə, cəzanın əsas məqsədi sosial ədalətin bərpası, gələcəkdə oxşar cinayətlərin qarşısının alınması və məhkumun islah edilməsidir.
Hüquqşünas hesab edir ki, dövlətçilik əleyhinə və digər xüsusilə ağır cinayətlərdə təqsirli bilinən şəxslərə münasibətdə cəzanın əməlin xarakterinə və ağırlığına mütənasibliyi mühüm əhəmiyyət daşıyır. Bununla belə, Ramiz Mehdiyevə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və cəzanın şərti tətbiq olunması məsələsinə qiymət verərkən məhkəmənin əsaslandığı hüquqi normaları da nəzərə almaq lazımdır.
Ş.Əliyevin sözlərinə görə, məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini rəhbər tutaraq, təqsirləndirilən şəxsin yaşını və sağlamlıq vəziyyətini nəzərə alıb, onun cəzaçəkmədən islah olunmasının mümkünlüyü qənaətinə gəlib. Hüquqşünas bu yanaşmanı məhkəmənin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar kimi qiymətləndirib.
O, dövlət təltiflərindən məhrumetmə məsələsinə də toxunub. Bildirib ki, Cinayət Məcəlləsinin 48-ci maddəsi bu məsələnin hüquqi əsaslarını müəyyən edir. Məhkəmə hökmündə dövlət təltiflərindən məhrumetmə ilə bağlı müvafiq təqdimatın göndərilməsi nəzərdə tutulduğundan, növbəti mərhələdə məsələ qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunmalıdır.
Ş.Əliyev qeyd edib ki, dövlət təltifləri Prezidentin səlahiyyətləri çərçivəsində verildiyindən, bu təltiflərdən məhrumetmə məsələsində də dövlət başçısının Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və müvafiq təqdimatın göndərilməsi bu prosedur baxımından əhəmiyyətlidir.
Hüquqşünas xüsusi müsadirə məsələsinə də aydınlıq gətirib. Bildirib ki, xüsusi müsadirə cinayət yolu ilə əldə edilmiş əmlakın, pul vəsaitlərinin və qanunvericilikdə nəzərdə tutulan digər əmlakın dövlət nəfinə keçirilməsini nəzərdə tutur. Bu tədbirin tətbiqi zamanı müsadirənin hüquqi əsasları və əmlakın cinayətlə əlaqəsi nəzərə alınmalıdır.
Ş.Əliyevin fikrincə, bu cür işlərin əsas dərslərindən biri dövlət vəzifəsi daşıyan şəxslərin üzərlərinə düşən məsuliyyəti dərk etməsidir. Dövlət məmuru qanunların tələblərini bilməli, səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməməli və dövlətə sədaqət prinsipinə əməl etməlidir.
O vurğulayıb ki, yüksək vəzifə tutmaq şəxsi qanun qarşısında məsuliyyətdən azad etmir. Əksinə, dövlətə etibar edilmiş səlahiyyətlər daha böyük məsuliyyət yaradır. Dövlət məmurunun ümumi maraqlara zidd hərəkətləri yalnız dövlətə deyil, ona göstərilmiş etimada da zərbə vurur.
Hüquqşünas hesab edir ki, gələcəkdə bu kimi halların qarşısının alınması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərini gücləndirməli, vətənə sədaqət, qanunlara hörmət və dövlət qulluqçularının etik məsuliyyəti məsələlərinə xüsusi diqqət yetirməlidirlər.
Akif NƏSİRLİ