Rusiya Ukraynanın işğal altındakı Xerson vilayətində yerləşən Aleşki şəhərində atəşkəs mexanizminin tətbiqini digər ərazilər üçün də nümunə hesab edə bilər. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, burada əldə olunan atəşkəs razılaşması mülki əhalinin humanitar yardıma ehtiyac duyduğu digər istiqamətlərdə də oxşar razılaşmaların əldə olunması üçün presedentə çevrilə bilər.
Bu açıqlama müharibə şəraitində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və humanitar fasilələrin təşkili məsələsini yenidən gündəmə gətirir. Belə mexanizmlərin digər ərazilərdə də tətbiqi insanların təhlükəli zonalardan çıxarılması, humanitar yardımın çatdırılması və mülki itkilərin azaldılması baxımından əhəmiyyət daşıya bilər. Bununla belə, bu cür razılaşmaların genişləndirilməsi tərəflərin mövqeyindən və atəşkəs şərtlərinə əməl edilməsındən asılı olacaq.
Rusiya bir tərəfdən danışıqlar dövründə hərbi əməliyyatların dayandırılmasına və bütün cəbhə boyu atəşkəsə qarşı çıxır, digər tərəfdən isə Aleşkidə tətbiq olunan humanitar atəşkəs mexanizminin başqa ərazilər üçün də presedent ola biləcəyini deyir. Bu yanaşma nə dərəcədə realdır? Aleşkidəki lokal humanitar atəşkəsin digər istiqamətlərə yayılması Rusiyanın ümumi atəşkəs mövqeyində dəyişiklik yarada bilərmi, yoxsa Moskva yalnız konkret humanitar ehtiyaclarla məhdudlaşan müvəqqəti razılaşmalara imkan verməklə, yekun sülh sazişi imzalanana qədər hərbi əməliyyatları davam etdirmək niyyətindədir?
Züriyə Qarayeva: "Humanitar atəşkəslərin artması Rusiyanın genişmiqyaslı atəşkəsə hazırlaşdığı anlamına gəlmir"
Politoloq Züriyə Qarayeva "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın mövqeyində ilk baxışdan ziddiyyət görünsə də, əslində Moskva hərbi və diplomatik maraqlarını fərqli qiymətləndirir.
Onun sözlərinə görə, Rusiya bütün cəbhə xətti boyunca atəşkəsə razılaşmağı hərbi manevr imkanlarının məhdudlaşdırılması və Ukraynaya müdafiə potensialını bərpa etmək üçün əlavə vaxt verilməsi kimi qiymətləndirir. Lokal humanitar atəşkəslərə münasibət isə fərqlidir. Belə razılaşmalar hərbi əməliyyatların ümumi gedişatını dəyişdirmədən mülki əhalinin təxliyəsi, yaralıların çıxarılması və digər humanitar ehtiyacların qarşılanması üçün məhdud imkanlar yaradır.
Politoloq qeyd edib ki, Moskva bu mexanizmlərə razılıq verməklə beynəlxalq ictimaiyyət qarşısında diplomatik çeviklik nümayiş etdirə, eyni zamanda genişmiqyaslı atəşkəslə bağlı mövqeyini dəyişməz saxlaya bilər. Bu baxımdan, lokal humanitar fasilələrin digər istiqamətlərdə də tətbiqi mümkündür. Lakin belə razılaşmaların avtomatik olaraq ümumi atəşkəsə çevriləcəyini düşünmək doğru olmaz.
Züriyə Qarayeva bildirib ki, Aleşkidə əldə olunan razılaşmanın əhəmiyyətli tərəfi ABŞ-nin vasitəçiliyi ilə humanitar atəşkəsin mümkünlüyünü və tərəflər arasında məhdud da olsa, praktiki əməkdaşlıq imkanlarını göstərməsidir. Onun sözlərinə görə, oktyabrın 27-də Melaniya Tramp atəşkəs zonasının şəhər hüdudlarından kənara genişləndirildiyini açıqlayıb. Bununla belə, digər cəbhə istiqamətlərində zərbələrin davam etməsi göstərir ki, bu proses hələlik ümumi hərbi-siyasi strategiyaya təsir etmir.
"Mənim qənaətimcə, Moskva hazırkı mərhələdə lokal humanitar razılaşmalardan diplomatik vasitə kimi istifadə etməyə daha çox maraqlıdır. Rusiya rəhbərliyi hesab edə bilər ki, hərbi təzyiqin saxlanılması gələcək danışıqlarda ona əlavə üstünlük qazandıracaq. Buna görə də yaxın perspektivdə humanitar atəşkəslərin sayının artması mümkündür, amma bu, Rusiyanın genişmiqyaslı atəşkəsə hazırlaşdığı anlamına gəlmir”, – deyə politoloq vurğulayıb.
O qeyd edib ki, əsas dönüş nöqtəsi lokal razılaşmaların davamlı monitorinq mexanizmi ilə müşayiət olunması və tərəflərin hərbi əməliyyatların ümumi dayandırılması barədə siyasi öhdəlik götürməsi ola bilər. Hazırda isə Moskvanın mövqeyi humanitar məsələlərdə məhdud güzəştlərə getmək, strateji məsələlərdə isə hərbi təzyiqi davam etdirmək xəttinə uyğun görünür.
Dəniz NƏSİRLİ