Firdovsi Şahbazov: “Azərbaycana münasibətdə Serbiyada prinsipial dəyişikliklər olmayacaq”
Serbiyada keçirilən növbədənkənar parlament seçkiləri Aleksandr Vuçiçin hakimiyyət illərində ən böyük siyasi məğlubiyyəti oldu. Müxalif “Tələbə Siyahısı” Partiyası seçkidə qalib gəlib.
Hökumət dəyişikliyi Azərbaycan üçün xüsusi maraq doğurur. Son illərdə Bakı ilə Belqrad arasındakı münasibətlər siyasət, iqtisadiyyat və xüsusilə enerji sahələrini əhatə edən strateji tərəfdaşlıq xarakteri qazanıb. Azərbaycan Serbiyanın qaz təchizatının şaxələndirilməsi mənbələrindən birinə çevrilir, iki tərəf isə eyni zamanda, birgə enerji layihələri hazırlayır. Sentyabr ayında Serbiyanın EPS və “Srbijagas” şirkətləri SOCAR ilə birlikdə Nişdə bərabər iştirakla birləşdirilmiş dövrəli elektrik stansiyası layihəsi üçün səhmdar müqaviləsi imzalayıblar. Azərbaycan şirkətləri Serbiyada yol tikintisində iştirak edir, bununla bağlı layihələr həyata keçirir.
Onu da qeyd edək ki, Macarıstanda Orban hakimiyyətdən gedəndən sonra yeni hökumət Azərbaycanla bağlı siyasətə nə kimi dəyişiklər edib-etməyəcəyini hələ göstərməyib. Maraqlıdır, Serbiyada bu, necə olacaq?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycana münasibətdə Serbiyada prinsipial dəyişikliklər olmayacaq: “İki ölkə arasında iqtisadi münasibətlər, əlaqələr qaldığı yerdən davam edəcək. Azərbaycan Serbiyaya enerji məhsulları ixrac edir. İki ölkə hərbi sahədə əməkdaşlıq edir. Azərbaycan Serbiyadan bəzi silahlar alır. Ona görə də, Vuçiçin komandasının getməsi mütləq Bakı ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi demək deyil. Bundan əlavə, yeni rəhbərlik enerji risklərini azaltmaqla yanaşı, tədricən Aİ-yə yaxınlaşmağa başlasa, Azərbaycanın Serbiya üçün əhəmiyyəti daha da arta bilər. Düzdür, Vuçiçin Azərbayan-Serbiya münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olub. Ancaq düşünmürəm ki, yeni hökumət buna mənfi mənada yenidən baxsın. Çünki belə olarsa, bu, daha çox Serbiyanın ziyanına olacaq. Ona görə də düşünmürəm ki, onlar buna getsinlər”.
Vidadi ORDAHALLI