Ramil Hüseynov: “KTMT özünə hörmət edən təşkilat olsaydı Ermənistanı indiyə qədər orada saxlamazdı”
KTMT-yə üzv dövlətlərin liderləri noyabrın 11-də keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatda gələcək üzvlüyü məsələsini nəzərdən keçirə bilər. Bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov İrəvanın təşkilatdakı statusunun rəsmiləşdirilməsi ehtimalını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu həssas məsələyə baxılması qarşıdakı yüksək səviyyəli görüşün rəsmi gündəliyindən asılıdır: “Sözügedən məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, bu, baş verə bilər”.
Bununla belə, o, Ermənistanın təşkilatdan “de-fakto” çıxdığını da təsdiqləyib: “Onlar (Ermənistan) həftəlik hesabatları dinləyirlər, lakin əsas tədbirlərimizdə, təlimlərimizdə və sairədə iştirak etmirlər”.
Bundan artıq nə baş verməlidir ki, KTMT Ermənistan məsələsi gündəliyə salmaqda qərarlı olsun?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, KTMT özünə hörmət edən təşkilat olsaydı Ermənistanı indiyə qədər orada saxlamazdı: “Ermənistan 2024-cü ildə təşkilatda iştirakını və fəaliyyətini dondurduğunu açıqlayıb. Paşinyan Ermənistanın KTMT-də aktiv fəaliyyətini bərpa etməyəcəyini dəfələrlə bildirib. Ölkə təşkilatın əsas tədbirlərinə və hərbi təlimlərinə qatılmır. Ermənistan təşkilatın büdcə qərarlarını imzalamır və fəaliyyətin maliyyələşdirilməsində iştirakdan imtina edir. KTMT rəsmiləri Ermənistanın faktiki olaraq təşkilatdan kənarlaşdığını və ya proseslərdən uzaqlaşdığını qeyd edirlər. Bütün bunlardan sonra Ermənistanı KTMT-dən çıxarmamaq sadəcə proseslərin ardınca sürünməkdir. O baxımdan hesab etmirəm ki, gələn ay KTMT rəhbərliyi Ermənistanla bağlı sərt qərarlar qəbul edəcək. Əslində Paşinyanın istəyi odur ki, Ermənistanı KTMT-dən çıxarsınlar. Lakin Rusiya bunda maraqlı olmadığı üçün proses uzanacaq”.
Vidadi ORDAHALLI