Türkiyənin Dəyanət Vəqfində rəhbərliyin müavinlərinin vəzifədən azad edilməsi qurumun fəaliyyəti və maliyyə idarəçiliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Qəzza zolağına humanitar yardım məqsədilə toplanan vəsaitlərin investisiya fondlarına yönəldilməsi və həmin fondlarda maliyyə itkilərinin yaranması ilə bağlı iddialar ictimai narahatlıq doğurur. Bu fonda xeyriyyə məqsədilə toplanan pulların idarə olunmasına nəzarət, maliyyə şəffaflığı və məsul şəxslərin cavabdehliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir.
Dəyanət Vəqfində rəhbər müavinlərinin vəzifədən azad edilməsinin arxasında hansı səbəblər dayanır? Qəzza üçün toplanan ianələrin investisiya fondlarına yönəldilməsi və maliyyə itkiləri ilə bağlı iddialar nə dərəcədə əsaslıdır? Bu hadisə Türkiyədə dini qurumlara və xeyriyyə təşkilatlarına ictimai etimadı zəiflədə, hakimiyyətin belə qurumlar üzərində nəzarəti ilə bağlı suallar yarada bilərmi?
Akif Nağı: "Dəyanət Vəqfi dövlətin siyasətini həyata keçirən yarımrəsmi qurumdur"
Siyasi şərhçi Akif Nağı Türkiyənin Dəyanət Vəqfinin fəaliyyəti və rəhbərliyində baş verən dəyişikliklərlə bağlı "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, bu qurum uzun illərdir həm Türkiyədə, həm də xarici ölkələrdə dini təbliğat, təhsil və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə görə, vəqf rəsmi olaraq qeyri-hökumət təşkilatı statusunda olsa da, faktiki olaraq dövlətin müəyyən siyasətini həyata keçirən yarımrəsmi qurum kimi fəaliyyət göstərir.
Akif Nağı qeyd edib ki, Dəyanət Vəqfi Türkiyədə geniş fəaliyyət şəbəkəsinə malikdir, xarici ölkələrdə təhsil, tikinti və xeyriyyəçilik layihələri həyata keçirir. Vəqfin dini ədəbiyyatın nəşrində də mühüm rolu var. Onun hazırladığı 44 cildlik İslam ensiklopediyası beynəlxalq miqyasda tanınır və istifadə olunur.
Politoloqun fikrincə, vəqfin fəaliyyəti təkcə İslam dininin təbliği ilə məhdudlaşmır, eyni zamanda Türkiyənin xaricdəki nüfuzunun güclənməsinə xidmət edir. O hesab edir ki, bu cür təşkilatlar Türkiyə ilə digər dövlətlər arasında əlaqələrin qurulmasında müəyyən mənada körpü rolunu oynayırlar.
Akif Nağı Dəyanət Vəqfinin fəaliyyətini Türkiyədəki digər dini cərəyan və təşkilatlarla müqayisə etməyin tamamilə düzgün olmadığını, bununla belə, müəyyən oxşarlıqların mövcudluğunu bildirib. Onun sözlərinə görə, Türkiyədə Süleymançılar, Mənsilçilər və digər dini qruplar da geniş sosial bazaya və tərəfdar kütləsinə malikdirlər. Belə təşkilatlar bəzən insanların dini inamından öz siyasi və digər məqsədləri üçün istifadə edə bilirlər.
Siyasi ekspert hesab edir ki, Türkiyədə dini icmaların və təşkilatların fəaliyyətinə nəzarət etmək mürəkkəb məsələdir. Onun fikrincə, bu qurumların bəziləri zaman keçdikcə sosial nüfuzlarını artıraraq dini fəaliyyət çərçivəsindən kənara çıxa və siyasi təsir imkanlarını genişləndirməyə çalışa bilərlər.
Dəyanət Vəqfinin rəhbərliyindəki dəyişikliklərə toxunan Akif Nağı bildirib ki, bu addımların arxasında müxtəlif səbəblər dayana bilər. Əgər maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı iddialar varsa, rəhbər şəxslərin vəzifədən uzaqlaşdırılması həmin halların araşdırılması və qarşısının alınması ilə əlaqəli ola bilər. Bununla yanaşı, onun fikrincə, dövlətin müəyyən etdiyi siyasi xətdən kənara çıxmaq və müstəqil təsir imkanlarını genişləndirmək cəhdləri də mümkün səbəblər sırasında nəzərdən keçirilə bilər.
Akif Nağı vurğulayıb ki, rəhbərlikdə dəyişikliklərin baş verməsi özlüyündə ictimai təşkilatlara inamın azalması demək deyil. Onun fikrincə, dövlət bu cür qurumların fəaliyyətini nəzarətdə saxlayır və zəruri hesab etdiyi məqamda müdaxilə edir.
Siyasi şərhçi Türkiyənin FETÖ ilə mübarizəsini də xatırladaraq bildirib ki, bu istiqamətdə qərarların gecikməsi dövlət üçün ciddi çətinliklər yaradıb. Onun sözlərinə görə, həmin şəbəkələrin müxtəlif sahələrdəki təsirini aradan qaldırmaq hələ də asan deyil. Akif Nağı hesab edir ki, Türkiyə dövləti kifayət qədər oturuşmuş idarəçilik sisteminə malikdir və bu cür halların qarşısını almaq gücündədir.
Onu da əlavə edək ki, Türkiyədə AK Partiyaya yaxın olduğu iddia edilən şəxslərin adlarının hallandığı investisiya fondları qalmaqalı da ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub. Qəzza üçün toplanmış yardım pullarının həmin fondlara yatırılması və bu vəsaitlərin bir hissəsinin itirilməsi barədə iddialar səsləndirilir. Rəsmi məlumatlara görə, Türkiyədə investisiya fondları və birjada şübhəli əməliyyatlarla bağlı genişmiqyaslı istintaq aparılır. Oktyabrın əvvəlində iş üzrə 85 nəfərin saxlanıldığı, 207 nəfər barəsində tədbir görüldüyü açıqlanıb.
İstintaq çərçivəsində çoxsaylı investisiya fondlarının ləğvi qərarı verilib, yüz minlərlə investorun vəsaitləri risk altına düşüb. Qalmaqal hakim AK Partiyanın yüksək vəzifəli şəxslərindən birinin də adının hallanması ilə siyasi müstəviyə keçib. Son məlumatlara görə, cinayət işi ilə bağlı həbs edilən şəxslərin sayı artıq 114-ə çatıb.
Dəniz NƏSİRLİ