Oktyabrın 23-ü səhər saatlarında Qara dənizdə Rumıniya sahillərində pilotsuz təyyarənin vurduğu iddia edilən ticarət gəmisi batıb.
Rumıniyanın Digi 24 televiziya kanalının məlumatına görə saat 10:00 radələrində Rumıniya Hərbi Dəniz Qüvvələrinin koordinasiya mərkəzi, ölkənin ərazi sularından kənarda, Konstansadan 13 dəniz mili (təxminən 24 km) məsafədə, qəzaya uğramış "Xorıv" gəmisindən həyəcan siqnalı aldı.
Rumıniya Hərbi Dəniz Qüvvələri İdarəsinin məlumatına görə, gəmidə 10-u Ukrayna, üç isə Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 13 heyət üzvü olub.
Qeyd edilir ki, həyəcan çağırışından sonra Rumıniya Dənizdə İnsan Həyatının Xilasetmə Agentliyinin (ARSVOM) və Rumıniya Daxili İşlər Nazirliyinin gəmiləri dənizçilərə kömək etmək üçün yola düşüb.
Rumıniya Hərbi Dəniz Qüvvələri İdarəsindən bildirilib ki, əlverişsiz hava şəraiti və aşağı görünürlük səbəbindən xilasetmə əməliyyatına helikopter cəlb etmək mümkün olmayıb. Bildirilir ki, xilasetmə gəmiləri doqquz insanı sağ və bir cəsədi sudan çıxara bilib. Xilasetmə işçiləri qalan üç heyət üzvünün axtarışını davam etdirir. İlkin məlumatlara görə, gəmi dron hücumu nəticəsində batıb.
Mövcud məlumata görə, bu, Komor bayrağı altında üzən gəmi ticarət gəmisi olub.
Tahir TAĞIYEV