ABŞ Prezidenti Donald Tramp oktyabrın 22-də, cümə axşamı günü jurnalistlərlə söhbəti zamanı bildirib ki, Amerikanın "SpaceX" şirkəti Ukraynada "Starlink" peyk şəbəkəsinin istifadəsinə qoyulmuş və Ukrayna Silahlı Qüvvələri (USQ) üçün çətinliklər yaradan məhdudiyyətləri aradan qaldırıb. "The Washington Post" qəzetinin əvvəllər verdiyi məlumata istinadən, daha öncə Trampa "Starlink"lə bağlı məhdudiyyətləri "SpaceX"in sahibi İlon Maskla müzakirə edib-etmədiyi barədə sual verildikdə, o, "Bu barədə şərh vermək istəmirəm. Zəngi mən etmişəm, yoxsa başqası – bunun heç bir fərqi yoxdur. Əsas odur ki, o, hər şeyi bərpa edib"- cavabını vermişdi. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, sözügedən "Starlink" məhdudiyyətləri Ukraynada oktyabrın 14-nə keçən gecə müşahidə olunmağa başlayıb. Bu, yüksək sürətlə hərəkət edən cihazlarda peyk şəbəkəsinin işini dayandırması şəklində özünü göstərib. Bu vəziyyət Ukrayna Silahlı Qüvvələri (USQ) üçün kritik əhəmiyyət kəsb edirdi. Onlar Rusiyanın işğalı altında olan Ukrayna ərazilərindəki hədəflərə hücumlar zamanı pilotsuz uçuş aparatlarını (PUA) koordinasiya etmək üçün "Starlink"dən – daha dəqiq desək, onun hərbi təyinatlı versiyası olan "Starshield"dən – istifadə edirlər. Açıq mənbələrdəki məlumatlara görə, USQ "Starshield"dən Rusiyanın öz ərazisindəki hədəflərə zərbə endirmək üçün istifadə etmir, çünki Rusiya bu şəbəkənin əhatə dairəsinə daxil deyil. Britaniyanın "The Telegraph" qəzeti və ABŞ-ın "The Wall Street Journal" nəşri daxil olmaqla, bir sıra media orqanları "Starlink"in USQ tərəfindən istifadəsinə məhdudiyyətlər qoyulması təklifinin məhz İlon Maskdan gəldiyini xəbər veriblər. İddiaya görə, iş adamı bu fikri Pentaqonla müzakirə edib və qurumun dəstəyini alıb. Ağ Ev isə öz növbəsində bəyan edib ki, Ukraynada peyk şəbəkəsinin fəaliyyətini məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Zelenski: Belə görünür ki, ABŞ Ukraynanı təslim olmağa məcbur etmək istəyib. Oktyabrın ortalarında Kiyev təkcə "Starlink"in fəaliyyəti ilə bağlı deyil, həm də ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində problemlərlə üzləşdi; söhbət, digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın ballistik raket buraxılışlarını aşkar etməyə imkan verən məlumatlardan gedir. Volodimir Zelenski qeyd edib ki, ardıcıl bir neçə gecə ərzində Ukrayna tərəfdaşlarından "ballistik" raket buraxılışları barədə xəbərdarlıq ala bilməyib. Tramp administrasiyasının nümayəndələri isə bunu hava şəraiti və "proqram təminatı ilə bağlı problemlər"lə izah ediblər. Maraqlıdır ki, bu vəziyyətdən əvvəl Tramp tərəfindən Zelenskiyə qarşı yeni tənqid dalğası baş qaldırmışdı; belə ki, Tramp Ukrayna prezidentinin müharibəyə son qoymaq üçün təklif olunan "sövdələşmə"ni qəbul etmək istəməməsindən narazı idi. Oktyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Tramp Kiyevə qarşı tənqidlərini yenidən gücləndirdi. Bundan qısa müddət sonra o, Rusiyadan idxal olunan dizel yanacağına qarşı ABŞ sanksiyalarının ləğv edilməsi barədə göstəriş verdi və Rusiyaya qarşı "Lindsi Qrem sanksiyaları"nın tətbiqindən imtina etdi. Zelenski oktyabrın 18-də "Bloomberg" agentliyinə verdiyi müsahibədə Ağ Evin mövqeyindəki dəyişikliyi tənqid etdi. Ukrayna lideri "Düşünürəm ki, Ukraynanı təslim olmağa inandırmaq üçün addımlar atılıb. Mən demirəm ki, tərəfdaşlarımızın qarşılarına qoyduqları konkret məqsəd budur. Amerikalıların müharibəni Ukraynanın hesabına daha tez bitirməyin mümkün olduğuna inandıqlarını düşünmək istəmirəm. Lakin vəziyyət məhz belə görünür"- o deyib.
SAMİRƏ