Hüseyn İbrahimov: “Bir sıra məsələlər Trampın belə hədə xarakterli açıqlamalar verməsinə səbəb olub”
Birləşmiş Ştatlar prezidenti Donald Tramp İran məsələsində NATO-nu yoxladığını bir daha xatırladıb və ardınca Birləşmiş Ştatların Avropadan çıxa biləcəyini bəyan edib: “Əgər avropalılar tezliklə düzgün yolu tapmasalar, çıxıb getməkdən başqa seçimimiz qalmayacaq. Bizim başqa çıxış yolumuz olmayacaq. Bu, olduqca ciddi bir vəziyyətdir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimovun fikrincə, ABŞ-la Avropa ölkələri arasında yaşanan fikir ayrılıqları Trampın bu məsələdə daha ucadan danışmasına səbəb olub: “Avropa dövlətləri NATO çərçivəsində müdafiə xərclərini əsasən ABŞ-ın üzərinə qoyması buna səbəb olub. Bunun nəticəsidir ki, Birləşmiş Ştatlar Avropada hərbi mövcudluğunu azaldır. Düzdür, ABŞ Avropadan tamamilə çıxmır, lakin oradakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaldır. 2026-cı ildə Tramp administrasiyasının qərarı ilə Pentaqon Avropadakı qoşunlarının sayını azaltmağa və hərbi resurslarını digər regionlara yönəltməyə başlayıb. ABŞ artıq Almaniyadan 5 000 hərbçisini çıxarıb. Bundan əlavə, Pentaqon Avropada olan təxminən 80 000 hərbçisinin üçdə birini (25 000-dən 40 000-ə qədər hərbçi) geri çəkməyi nəzərdə tutan genişmiqyaslı planı və hərbi doktrinanı nəzərdən keçirir. Bu qərarlar ABŞ-ın İrandakı hərbi əməliyyatlarına bəzi Avropa müttəfiqlərinin öz bazalarından istifadə icazəsi verməməsi və NATO-nun müdafiə xərclərini kifayət qədər ödəməmələri ilə bağlıdır. Bu arada NATO Ukraynaya silah və hərbi texnika tədarükünü sürətləndirmək, eləcə də satınalma xərclərini azaltmaq üçün yeni mexanizmi işə salır. Ancaq Trampın son vaxtlar Ukraynaya təzyiqləri artırdığı, Rusiyaya reveranslar etdiyi bir zamanda NATO-nun Kiyevə silah və hərbi texnika tədarükünü sürətləndirmək mexanizmini işə salmasını Ağ Evin müharibəni başa çatdırmaq cəhdlərinə qarşı addım hesab edilir. Hesab edirəm ki, Trampı qəzəbləndirən həm də budur. Bütün bunların üst-üstə düşməsi Trampın belə hədə xarakterli açıqlamalar verməsinə səbəb olub”.
Vidadi ORDAHALLI