ABŞ-ın vasitəçiliyi ilə Rusiyanın dizel yanacağı ixracına qoyulan qadağa qaldırıldıqdan sonra Rusiya dizelinin əvvəlki əsas alıcılara yenidən göndərilməsinə başlanıb. "Reuters" agentliyi bu barədə "Kpler" və "LSEG" şirkətlərinin gəmi daşımalarına dair məlumatlarına istinadən xəbər verir. Son günlər azı iki tankerin Türkiyə və Braziliyaya yola düşəcəyi açıqlanıb.
ABŞ-dan sonra dünyanın ikinci ən böyük dizel yanacağı ixracatçısı olan Rusiya hələ yay aylarında ixracı azaltmışdı. Ukraynanın bu ölkədəki neft emalı zavodlarına etdiyi genişmiqyaslı hücumlar səbəbindən Moskva dizel yanacağının xaricə satışına qadağa qoymuşdu. 2023-cü ildən bəri Türkiyə və Braziliya Rusiya dizelinin ən böyük iki alıcısı olub. Qərb Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına cavab olaraq sanksiyalar tətbiq etdikdən sonra Moskva neft ixracı marşrutlarını dəyişmişdi. Rusiyanın Baltik dənizindəki Primorsk limanından yola düşən "Leruo" tankerinin təyinat məntəqəsi kimi Braziliyanın Manaus şəhəri göstərilir. Primorsk limanından çıxan "Dolunay" tankeri isə Türkiyənin Alanya şəhərinə istiqamətlənib. "Kpler" şirkətinin məlumatlarına görə, bu il Rusiyadan ixrac edilən dizel yanacağının təxminən 34 faizi Türkiyənin payına düşüb ki, bu da gündəlik 95 min barel deməkdir. Braziliyanın payı isə 24 faiz, yaxud gündəlik 66 min barel təşkil edib. Türkiyə Moskva ilə Vaşinqton arasında əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın dünya bazarlarına çıxaracağı dizel yanacağının bir hissəsini alacaq. Türkiyənin energetika naziri Alparslan Bayraktarın sözlərinə görə, bu razılaşma Türkiyənin enerji təhlükəsizliyi baxımından vacibdir, çünki ölkə bu sahədə qismən Rusiyadan asılıdır: "Rusiya son aylarda dizel yanacağının ixracına məhdudiyyətlər qoymuşdu. İndi isə onlar Tramp ilə dizel yanacağı üzrə razılığa gəliblər. Danışıqlar nəticəsində biz həmin dizel yanacağının bir hissəsini Türkiyə üçün alacağıq".
Nazir tədarükün həcmi və müddəti barədə ətraflı məlumat verməyib. Daha əvvəl isə ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə 300 min tondan çox yanacağın dərhal tədarük edilməsi barədə razılığa gəldiyini açıqlayıb. Daha 500 min ton yanacaq noyabrda, bir milyon ton bundan dərhal sonra, üç milyon ton isə Rusiya neft emalı zavodlarının vəziyyəti nəzərə alınmaqla yaxın vaxtlarda tədarük olunacaq. Rusiyada dizel yanacağının ixracına qoyulan qadağa 2026-cı il iyulun 8-dən qüvvədə idi. Amma Trampın bəyanatından cəmi bir gün sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak bu qadağanın nəzərdə tutulandan daha tez ləğv ediləcəyini bildirib. Novak bəyan edib ki, müqavilələr bağlandıqdan sonra Rusiyanın dizel yanacağı 15-20 gün ərzində ABŞ bazarlarına çıxarılacaq.
Tahir TAĞIYEV