Fransanın baş naziri Sebastyan Lekornu həftəsonu ölkəni bürüyən iğtişaşlardan ən çox zərər çəkən bəzi ərazilərdə 20 oktyabr gecəsi komendant saatı tətbiq etməyi əmr etdi. Ölkə prezidenti Emmanuel Makron qırğınlara görə məsuliyyət daşıyanları cəzalandıracağını vəd edir. Onun üçün bu, 2018-ci il "Sarı jiletlilər" hərəkatından bəri ən kəskin böhranlardan biridir. Bu, həm də ölkənin qonşuları üçün bir sınaqdır. İtaliya, Portuqaliya və Albaniyada etirazlar yalnız öz səbəblərinə görə deyil, həm də Fransa təcrübəsindən təsirlənərək davam edir.
Fransadakı nümayişlər ölkə miqyasında baş verib. Vəziyyətə necə baxmağınızdan asılı olaraq, bəlkə də milli problemə çevrilib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bu həftə sonu ölkə daxilində təxminən yarım milyon insan küçələrə çıxıb. Oktyabrın 19-da tələbələr Luvrda etirazlarını davam etdiriblər və bu da ən qədim muzeylərdən birinin bağlanmasına səbəb olub. Sentyabrın 26-dan bəri fransız məktəbliləri müəllim çatışmazlığına, köhnə məktəblərə və həddindən artıq ağır dərs cədvəllərinə etiraz edirlər. İndi isə nümayişlər daha da geniş yayılıb: həmkarlar ittifaqlarının, əmək hərəkatlarının və ifrat solçu qrupların nümayəndələri küçələrə çıxıblar. Fransızlar etirazlardan yanacaq və yaşayış xərclərinin artmasına qarşı qəzəblərini hakimiyyətə çatdırmaq üçün istifadə etmək qərarına gəliblər. Bu, səkkiz il əvvəl baş vermişdi. "Sarı jiletlilər" benzin və dizel yanacağına vergi artımlarına etiraz ediblər, sonra isə vergi islahatları, əmək haqqı və pensiyaların artırılması, yeni iş yerlərinin yaradılması və mənzil qiymətlərinin aşağı salınması tələbləri irəli sürüblər. Makronun istefası üçün də çağırışlar olub. “Le Monde” qəzetinin məlumatına görə, bu dəfə də nümayişlərin təşkilinin arxasında “Sarı jiletlilər” koordinatorları dayanır. Ümumilikdə, ölkə mediası ölkə daxilində 1700-dən çox etiraz aksiyası barədə məlumat verib. Rəsmi məlumatlara görə, Parisdə nümayişlərdə təxminən 110 min insan iştirak edib. Talançı qruplar izdihamdan və xaosdan istifadə edib. Paytaxt meri Emmanuel Qrequar bildirib ki, bütün küçələr metodik olaraq dağıdılıb. Etirazlardan təsirlənən əsas şəhərlər arasında Lion, Nant, Brest və Marsel də var. Limojda şəhər meriyasının binası tamamilə yanıb. Daxili İşlər Nazirliyi ölkə üzrə təxminən 2400 nəfərin həbs olunduğunu bildirib. Doxsan yeddi polis və jandarm yaralanıb. İğtişaşlara cavab olaraq yerli hakimiyyət orqanları müxtəlif məhdudiyyətlər tətbiq etməyə başladı. Marseldə 19 oktyabr saat 20:00-dan etibarən ictimai toplantılar qadağan edildi, ölkənin şimalındakı Denain şəhərində isə həm yeniyetmələr, həm də böyüklər üçün saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq edildi. Məhdudiyyətlər 25 oktyabr bazar gününə qədər davam edəcək. Makronun özü və Lekornunun rəhbərlik etdiyi hökumət indiyə qədər ölkə miqyasında komendant saatı tətbiq etməkdən çəkiniblər. Baş nazir hesab edir ki, fövqəladə vəziyyət elan edilməsi həddindən artıq olardı. 18 oktyabrda Makron mağazalarda və ictimai binalarda baş verən zorakılıq və talanlara cavab bəyanatı yayaraq, qırğınlara görə məsuliyyət daşıyanların tapılmasında qətiyyətli olacağına söz verdi. O, sosial problemlərin həlli yollarını tapmaq üçün tezliklə Matignonda siyasi partiya liderləri, həmkarlar ittifaqları, yerli hakimiyyət orqanları və tələbə təşkilatları ilə görüşlər keçirməyi planlaşdırır. Fransa prezidenti çoxsaylı cinayətkarların qoşulduğu ifrat sol qrupların nümayəndələrini qınadı. O əlavə etdi ki, nümayişçiləri "qanuni tələblər" və ya "dağıdan, əzən və talan edənlər" ilə qarışdırmaq olmaz. Makron Daxili İşlər naziri Loran Nunezin istefasını rədd etdi. O, nəhayət ölkədəki vəziyyəti nəzarət altına ala biləcəyinə ümid edir.
Ölkə hökuməti müxalifətdəki "France Insoumise" partiyasını və onun lideri Jan-Lük Melanşonu günahlandırır. Onlar etirazların və nəticədə qırğınların ifrat solçuların dəstəyi ilə təhrik edildiyinə inanırlar. Prezidentliyə namizəd olan Melanşon zorakılığın polis hərəkətlərinin və absurd əmrlərin nəticəsi olduğuna inanır. Lakin o, sosial media hesabında yazıb ki, talanları pisləyir və talan edənlərin ifrat solçularda yeri yoxdur. Prezidentliyə namizəd Marin Le Penin təmsil etdiyi ifrat sağçılar, ümumiyyətlə, hökumətin mövqeyini bölüşürdü. Marin Le Penin sözlərinə görə, qanuni tələblərini bildirən fransızlar "özlərini Jan-Lük Melanşonun partiyası üzvlərinin ifrat solçu ritorikasının girovuna çeviriblər. Onlar zorakılığı haqlı çıxararaq, nizamı zülm, nizamsızlığı isə hüquq hesab edərək ölkəni xaosa salmağa çalışırlar". ABŞ vitse-prezidenti Ceyms Vens də etirazlarla bağlı fikirlərini bölüşdü. O, yaşananlara görə Fransanın immiqrasiya siyasətini günahlandırdı: "Qərb liberalları Üçüncü Dünya immiqrantlarını Fransaya və digər ölkələrə idxal etdilər. Onlar assimilyasiya və uyğunluq kimi fundamental məsələləri qulaqardına vurdular. Onlara bunun xaosa səbəb olacağı deyildi, amma onlar qulaq asmadılar". Amma baş verənlərin sadəcə miqrant axınının nəticəsi olduğunu iddia etmək qətiyyən doğru deyil. Fransada ekstremist baxışlara sahib fəallardan ibarət "Qara Blok" adlı bir hərəkat var. Bunlar yerli fransızlardır. Hərəkatın tərəfdarları müntəzəm olaraq etirazlarda və tətillərdə iştirak edir, dinc nümayişləri polislə toqquşmalara çevirir, yanğınlar törədir. Həm də ictimai narazılıq artıq məktəblilərin etirazları ilə alovlanmışdı. Üçüncüsü, nümayişçilərin - gənclərin, həmkarlar ittifaqlarının, təhsil işçilərinin talançılıqda iştirak etdiyini düşünmək səhvdir. Digər qruplar bundan istifadə etdilər. Makronun özündən narazılığı da qeyd etmək lazımdır. Pul yoxdur, dövlətin ÜDM-in 120%-nə bərabər olan 350 milyard avroluq böyük borcu var.
Tahir TAĞIYEV