İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd bildirib ki, müharibə dövründə İrana yardım göstərən 18 ölkə arasında Azərbaycan, Rusiya, Çin, Hindistan və Pakistan da olub. Onun sözlərinə görə, Rusiya İrana 313 ton dərman göndərib. Kolivənd qeyd edib ki, İran heç bir ölkədən rəsmi yardım istəməsə də, müxtəlif dövlətlər və ayrı-ayrı şəxslər ona dəstək göstəriblər.
Pirhüseyn Kolivəndin müharibə dövründə Azərbaycandan İrana yardım göstərildiyi barədə açıqlaması indiki geosiyasi şəraitdə hansı məqsədlərə xidmət edə bilər? Azərbaycanla ABŞ TRIPP layihəsinin reallaşdırılması istiqamətində israrlı mövqe nümayiş etdirir, layihənin həyata keçirilməsi üçün müəyyən işlər görülüb və Ermənistan da bu prosesə hazır olduğunu bildirir. Belə bir məqamda İran rəsmisinin Azərbaycanın İrana yardım etdiyini xüsusi vurğulaması Bakı ilə Vaşinqton arasında münasibətlərə təsir göstərmək, yaxud Azərbaycanı ABŞ-la strateji əməkdaşlığı məsələsində çətin vəziyyətə salmaq cəhdi kimi qiymətləndirilə bilərmi, yoxsa bu açıqlama İranın Azərbaycana münasibətdə müsbət mesaj vermək və regional gərginliyi azaltmaq istəyindən irəli gəlir?
Akif Nağı: "Azərbaycanın İrana humanitar yardımı münasibətlərin normallaşmasına xidmət edə bilər”
Politoloq Akif Nağı məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İran rəsmilərinin Azərbaycanın İrana göstərdiyi yardımla bağlı müsbət fikirlər səsləndirməsi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müəyyən tendensiyanın göstəricisi ola bilər.
Onun sözlərinə görə, İranda Azərbaycanla münasibətlərə yanaşma məsələsində fərqli mövqelər mövcuddur. Prezident Məsud Pezeşkianın xətti Azərbaycanla münasibətlərin normallaşdırılmasını nəzərdə tutduğu halda, digər siyasi dairələrdən zaman-zaman ölkəmizə qarşı əsassız iddialar səsləndirilir. Bu baxımdan, Azərbaycanın İrana göstərdiyi humanitar yardıma müsbət münasibət bildirilməsi Tehranda münasibətlərin yaxşılaşdırılmasını istəyən qüvvələrin mövqeyini əks etdirə bilər.
Politoloq qeyd edib ki, Azərbaycan İrana hərbi yardım göstərdiyini bəyan etməyib. Söhbət ağır vəziyyətlə üzləşən qonşu ölkəyə humanitar dəstəkdən gedir. Azərbaycan bu yardımı heç kimdən gizlətmədən, açıq şəkildə həyata keçirib. Onun fikrincə, humanitar yardımın müsbət qiymətləndirilməsi iki ölkə arasında münasibətlərin istiləşməsinə və Azərbaycan əleyhinə təbliğat aparan qüvvələrin təsirinin azalmasına kömək edə bilər.
Akif Nağı vurğulayıb ki, Azərbaycanın xarici siyasəti, ayrı-ayrı ölkələrlə münasibətlərdən asılı olmayaraq, öz prinsiplərinə əsaslanır. Azərbaycan İsraillə müttəfiqlik münasibətlərinə malik olsa da, Fələstin məsələsində öz mövqeyini ortaya qoyur. Eyni zamanda, Rusiya ilə əməkdaşlıq münasibətlərini davam etdirərkən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə humanitar yardım göstərir. Son günlərdə Ukraynaya elektrik enerjisi böhranının aradan qaldırılmasına yönələn növbəti yardımın göndərilməsi də bu siyasətin nümunəsidir.
Politoloqun qənaətinə görə, Azərbaycanın İrana yardım etməsi ABŞ-la münasibətlərə mənfi təsir göstərməməlidir. Çünki Bakı beynəlxalq münaqişələrə münasibətdə öz mövqeyini müəyyənləşdirir və humanitar məsələlərdə müstəqil qərarlar verir.
O bildirib ki, Azərbaycan İranla qonşu ölkədir və orada 30 milyondan artıq azərbaycanlının yaşadığı bildirilir. İranda yaranan humanitar çətinliklərin, ərzaq və enerji problemlərinin qarşısının alınması Azərbaycanın da maraqlarına uyğundur. Belə vəziyyətdə qonşu ölkəyə yardım göstərilməsi həm humanitar məsuliyyət, həm də regional sabitlik baxımından əhəmiyyətlidir.
Akif Nağı hesab edir ki, İran rəsmilərinin Azərbaycanın yardımını xüsusi vurğulaması təkcə ölkəmizə təşəkkür kimi qiymətləndirilməməlidir. Bu cür açıqlamalar İran cəmiyyətinə də mesaj ola bilər ki, Azərbaycanla münasibətlərə daha müsbət yanaşmaq və ölkəmizə qarşı sərt ritorikadan uzaqlaşmaq lazımdır.
Politoloq əlavə edib ki, məktəblərdə geyim forması və hicabla bağlı müzakirələrin də iki ölkə arasında münasibətlərə təsir edən məsələlərdən birinə çevrilməsi mümkündür. Onun fikrincə, Azərbaycanın İrana göstərdiyi dəstəyin xatırladılması İran cəmiyyətində ölkəmizə qarşı daha obyektiv münasibətin formalaşmasına xidmət edə bilər.
Akif Nağının fikrincə, Azərbaycan öz prinsipial mövqeyini qorumaqla yanaşı, qonşu İranda humanitar böhranın dərinləşməsinin qarşısını almağa kömək edir. Bu dəstək iki ölkə arasında münasibətlərin normallaşması üçün əlavə imkan yarada bilər.
Dəniz NƏSİRLİ