17-18 oktyabr gecəsi Rusiyanın onlayn bazarı olan “Ozon”un Sankt-Peterburqdakı logistika mərkəzlərindən birinə hücum olub.
"Sankt-Peterburqdakı logistika mərkəzlərimizdən biri dünən gecə dron hücumuna məruz qalıb. Bütün işçilərimizi dərhal təxliyə etdik və heç kim xəsarət almadı. Yanğın baş verib və təcili yardım xidmətləri hadisə yerində işləyir" – deyə şirkətin açıqlamasında bildirilir.
Logistika mərkəzində saxlanılan malların onlayn siyahılardan çıxarıldığı və digər obyektlərdən yerinə yetirilə bilməyən sifarişlərin ləğv ediləcəyi bildirilir.
Ukraynanın Telegram monitorinq kanalı Exilenova+ bildirib ki, Sankt-Peterburqda təxminən 51.500 kvadrat metr sahəni əhatə edən “Ozon” logistika anbarına ziyan dəyib.
Rusiya hakimiyyəti isə 17-18 oktyabr gecəsi Leninqrad vilayətinin 100-dən çox dron tərəfindən hücuma məruz qaldığını bildirib. Sankt-Peterburq Neft Terminalında yanğın və elektrik təchizatında fasilələr də qeydə alınıb.
Qeyd edilir ki, kütləvi pilotsuz təyyarə hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov sosial mediada bildirib ki, hava təhlükəsi aradan qaldırılıb və şəhər zədələnmiş mülki infrastrukturu bərpa edir.
O əlavə edib ki, hücum nəticəsində 12 çoxmənzilli binaya və iki fərdi evə ziyan dəyib.
"Gecə ərzində təxliyə edilən sakinlər evlərinə qayıdırlar. Fövqəladə Hallar Nazirliyi Peterburq Neft Terminalında, Ruçyi neft bazasında və Kolpino rayonundakı sənaye anbarlarında baş verən yanğınların söndürülməsi işini davam etdirir", - deyə qubernator bildirib.
Tahir TAĞIYEV