Misir prezidenti Əbdülfəttah əs-Sisi hakimiyyət müddətinin 2030-cu ildə başa çatacağını və prezidentlik müddətinin uzadılmasını istisna etdiyini açıqlayıb.
"2030-cu il mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ nəhayət həll olundu", - deyə əl-Sisi bildirib.
Misir lideri həmçinin ölkə konstitusiyasının dəyişməz qalacağını vurğulayıb. Onun açıqlaması hakimiyyətdə qalma müddətinin uzadılması ilə bağlı müzakirələr fonunda səslənib. Prezidentin bəzi tərəfdarları onun 2030-cu ildən sonra da vəzifədə qalmasını açıq şəkildə müdafiə edirlər.
Əs-Sisi 2014-cü ildən bəri Misir prezidenti vəzifəsində çalışır. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərdən sonra onun hazırkı üçüncü müddətinin 2030-cu ilin aprelində başa çatması planlaşdırılır. Bu dəyişikliklər ona üçüncü müddətə namizədliyini irəli sürməyə imkan verib və prezidentlik müddətini dörd ildən altı ilə qədər uzadıb.
Tahir TAĞIYEV