Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır. Bu barədə prezident İlham Əliyev AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib: "Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır".
Dövlət başçısı əlavə edib ki, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Ölkə lideri qeyd edib ki, təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı: "Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur etdi. Onun arxasında dayanan havadarlar isə, görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar". İlham Əliyev bəyan edib ki, Azərbaycan müharibədə qalib gəldi, işğalçıları torpaqlardan qovdu, lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərin dağıdılmasına görə onlardan qisas almadı: "Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik". İndi əsas məsələ kövrək durumda olan sülhün möhkəmləndirilməsidir. Amma bunun üçün əsas vəzifə Ermənistanın üzərinə düşür. Bu fonda Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanması ehtimalından danışıb: "Ən mühüm gündəliyimiz Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasıdır. Mən özüm üçün 2031-ci ilədək bu məsələnin həllinə nail olmaq vəzifəsini qarşıya qoymuşam". Ermənistanın “Hraparak” nəşri yazır ki, Nikol Paşinyan sülh sazişinin mümkünlüyündən danışır, lakin hakimiyyət daxilində müzakirələr göstərir ki, sənədin imzalanması üçün Ermənistanın konstitusiyasının dəyişdirilməsi məsələsi yenidən gündəmə gətirilir.
Nəşrin məlumatına görə, Nikol Paşinyan ötən gün səhər saatlarında sülh sazişi və sülhə necə nail olmağın mümkünlüyü barədə videomüraciət yayımlayıb: “Videoda o, Türkmənistanda İlham Əliyevlə təmasından sonra sülhün mümkün olduğunu anladığını deyir və bunun necə baş verə biləcəyini təsvir edirdi”. “Hraparak” eyni zamanda bildirir ki, bundan əvvəlki axşam “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclasında ədliyyə naziri Qalyan yeni konstitusiya layihəsi ilə bağlı məsələləri təqdim edib. Nəşr qeyd edir ki, bu müzakirələr konstitusiya komissiyasının üzvü Daniel İoannisyanın açıqlamaları ilə ziddiyyət təşkil edir:
“Belə ki, İoannisyan komissiyanın uzun müddətdir iclas keçirmədiyini və konstitusiyanın mətninin hələ hazır olmadığını bildirib. Buna baxmayaraq, hakimiyyətin pərdəarxası müzakirələrində dünəndən etibarən Nikol Paşinyana Azərbaycanın vaxt verməsi məsələsi müzakirə olunur. İddialara görə, Paşinyan sülh sazişini mümkün qədər tez hazırlamalı, ilk növbədə ilkin şərt kimi irəli sürülən maneəni, yəni köhnə konstitusiyanı aradan qaldırmalı və yeni konstitusiya qəbul etməlidir ki, sazişin imzalanması prosesi irəliləsin”. Məqalədə qeyd olunur ki, hakimiyyətin son açıqlamaları və addımları da məhz bu prosesə hazırlıq kimi qiymətləndirilir: “İndi bu birbaşa yayımla və digər addımlarla hakimiyyət həmin prosesi hazırlayır”.
Tahir TAĞIYEV