İran və ABŞ yaxın bir neçə həftə ərzində gübrələrin Hörmüz boğazından tranziti üçün effektiv mexanizm barədə razılığa gəlməlidirlər, əks halda Asiya və Afrikanın bir çox ölkəsi ərzaq böhranı ilə üzləşəcək. Bu barədə “Reuters” agentliyinə BMT-nin Layihə Xidmətləri Ofisinin direktoru və Hörmüz boğazından keçən Humanitar Yardım üzrə İşçi Qrupunun rəhbəri Xorxe Moreyra da Silva bildirib.
"Növbəti bir neçə həftə ərzində razılığa gəlmək çox vacibdir. Əks təqdirdə, əkin mövsümünü qaçıracağıq. Əkin mövsümünü qaçırsaq, kənd təsərrüfatı məhsuldarlığı əhəmiyyətli dərəcədə azalacaq ki, bu da qiymətlərə əhəmiyyətli dərəcədə təsir edəcək", - deyə da Silva bildirib.
O qeyd etdi ki, gübrə tranziti məsələsi dərhal həll olunmalıdır. ABŞ və İran bunu tərəflərin sonradan əldə edə biləcəkləri daha əhatəli bir razılaşma ilə əlaqələndirməməlidirlər: "Təklifimiz budur ki, siz (ABŞ və İran) hərtərəfli razılaşma üzrə danışıqları davam etdirərkən, gəlin biz də işləyək, öz işimizi görək".
BMT-nin məlumatına görə, dünya gübrə ticarətinin üçdə biri Hörmüz boğazından keçir.
Tahir TAĞIYEV