SpaceX-in milyarder təsisçisi Elon Mask bildirib ki, Ukrayna prezidenti Zelenskinin istefa verməsinin vaxtıdır. Mask Ukrayna liderinin Rusiya ilə müharibənin bitməsindən və prezident seçkilərinin keçirilməsindən qorxduğunu, çünki Zelenskinin əksər sələfləri kimi uduzacağı təqdirdə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini bildirib.
"Və beləliklə, qırğın davam edir... Zelenskinin getməsinin vaxtıdır", - Mask yazıb. Şərhlərdə istifadəçilərdən biri isə Maskın Putinin istefasına çağırış edən bəyanatını harada paylaşdığını soruşub.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Ukraynanın Rusiya ilə "razılaşma əldə edə" biləcək yeni bir prezidentə ehtiyacı olduğunu bildirmişdi. "Zelenski bir çox razılaşma əldə edə bilərdi, amma nədənsə heç vaxt bunu etmədi. Düşünürəm ki, Ukraynanın yeni bir prezident seçməsinin vaxtıdır", - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp Zelenskini Putinlə Amerika və qlobal bazarlara Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılığa gəlməsindən bir gün sonra tənqid edib. Ukrayna isə Moskva ilə Vaşinqton arasında dizel razılaşmasını sərt tənqid edib. Zelenski qeyd edib ki, Rusiyanın neft məhsullarının satışına icazə verilməsi "müharibəyə investisiya"dır.
Eyni zamanda, Ukrayna lideri Rusiya iki aylıq atəşkəsə razılaşarsa, prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib. O, bu müddətin seçki kampaniyasının təhlükəsizliyini təmin etmək üçün lazım olduğunu bildirib. Kreml isə Ukraynaya qarşı yalnız seçki günü dayanmağa hazır olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Peskovun sözlərinə görə, Zelenskinin "gücünü toplamaq, yaralarını sağaltmaq və müharibəni davam etdirmək" üçün 60 günlük atəşkəsə ehtiyacı var.
Ukraynada sonuncu prezident seçkiləri 2019-cu ildə keçirilib. Yeni səsvermə 2024-cü ilin mart ayında keçirilməli idi, lakin hərbi vəziyyət səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Zelenski həmçinin ukraynalıların xaricə kütləvi şəkildə köçməsini və ölkə ərazisinin təxminən 20%-nin işğalını seçkilərə maneə kimi göstərib.
Tahir TAĞIYEV