Təbriz Musayev: “Bu, onu göstərir ki, Ukraynaya qarşı vuruşan Qarabağ ermənilərinin sayı bundan qat-qat çoxdur”
Davam edən Rusiya-Ukrayna müharibəsi zamanı Qarabağdan qaçaraq Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan 450 separatçı məhv edilib, daha 60 nəfərin taleyi barədə heç bir məlumat yoxdur. Bu barədə erməni mediasında məlumat yayılıb.
Məlum olub ki, onların "verbovka"sında "qarabağlı" generallar iştirak ediblər. Həmçinin separatçıların Ukrayna hərbçiləri tərəfindən məhv edilməsinə dair kadrlar yayılıb. Həmin görüntülərdə öldürülən separatçının üzərindən çıxan bez parçası da öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycanın öz torpaqlarında separatçılığa son qoymasından sonra Qarabağda bir çoxu muzdlu əsasla "vuruşan" erməni separatçıları yollarını Rusiyadan salıblar. Onlar pul müqabilində Ukraynaya qarşı Rusiyanın apardığı işğalçı müharibədə iştirak edirlər.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar bir daha ermənilərin əsil simasını ortaya qoyur: “Məsələ ondadır ki, hələ Qarabağda suverenliyimizi tam bərpa etməzdən əvvəl erməni separatçıları Ukraynada müharibədə Rusiyanın tərəfində vuruşurdular. Təsadüfü deyil ki, hələ üç il əvvəl Ukrayna hüquq-mühafizə orqanları Qarabağdakı qondarma separatçı rejimin keçmiş rəhbərlərinə qarşı beynəlxalq axtarış elan edib. Separatçılar təkcə Azərbaycana qarşı deyil, həm də Ukraynanın suverenliyinə qarşı fəaliyyətlərdə və Rusiyaya dəstək verməkdə ittiham olunurlar. Ermənilər Rusiya ordusunun nəzdində yaradılmış "Arbat" kimi xüsusi erməni könüllü batalyonlarında toplaşaraq Ukraynanın müxtəlif cəbhələrində döyüşürlər. İndiyə qədər 500 nəfərdən çox erməni separatçısının zərərsizləşdirilməsi onu göstərir ki, Ukraynaya qarşı vuruşan Qarabağ ermənilərinin sayı bundan qat-qat çoxdur. Bu, bir daha ermənilərin separatçı, terrorçu simasını ortaya qoyur. Əslində burada təəccüblü heç nə yoxdur. Ermənilər hər zaman belə mövqedən çıxış ediblər. 90-cı illərdə ermənilər Abxaziyada separatçılara dəstək verirdilər. Həmin vaxt, yəni 1992–1993-cü illərdə baş vermiş Abxaziya müharibəsi zamanı gürcü ordusuna qarşı vuruşan erməni separatçılarının hərbi birləşməsi olan "Baqramyan batalyonu" çoxlarına məlumdur. Batalyonun tərkibi əsasən Abxaziyanın Qaqra, Qudauta və Suxumi rayonlarında yaşayan ermənilərdən ibarət idi. Rəsmi olaraq erməni əhalisini qorumaq bəhanəsi ilə yaradılsa da, faktiki olaraq abxaz separatçıları və onları dəstəkləyən xarici qüvvələrlə birlikdə Gürcüstan ordusuna qarşı fəal hərbi əməliyyatlar aparıblar. Ona görə də tarix təkrar olunur”.
Vidadi ORDAHALLI