Rəşad Bayramov: “Ölkəmizlə münasibətlərin normallaşdırılması artıq İrəvan üçün təkcə xarici siyasət məsələsi deyil”
Yaxın vaxtlarda Ermənistan diqqətini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına cəmləməlidir. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
“Mən belə fikirləşirəm: yaxın vaxtlarda biz diqqətimizi Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası işinə cəmləməliyik. Və bu baş verəndə biz təsdiq edə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, - Paşinyan sosial şəbəkələrdəki videomüraciətində bəyan edib.
Paşinyan açıq etiraf edir ki, Ermənistanın mövcudluğu, dayanıqlı inkişafı Azərbaycanla normal münasibətlərdən keçir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Paşinyanın Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyasını ölkəsinin dövlətçiliyinin uzunömürlülüyü üçün əsas şərtlərdən biri kimi təqdim etməsi mühüm siyasi mesajdır: “Bu bəyanat nəhayət ki, Ermənistan rəhbərliyinin regionda davamlı sülhün ölkənin gələcəyi baxımından əhəmiyyətini dərk etdiyini göstərir. Paşinyanın yanaşmasından aydın olur ki, Azərbaycanla münasibətlərin normallaşdırılması artıq təkcə xarici siyasət məsələsi deyil. Bu, Ermənistanın təhlükəsizliyi, iqtisadi inkişafı və dövlətçiliyinin gələcəyi ilə birbaşa bağlı strateji prioritetdir. Həqiqətən də, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması Ermənistanın da maraqlarına uyğundur. Azərbaycanla münasibətlərin normallaşması regionda nəqliyyat kommunikasiyalarının açılmasına, ticarətin genişlənməsinə, iqtisadi əlaqələrin inkişafına və Ermənistanın regional proseslərdə iştirakına şərait yarada bilər. Münaqişə və qarşıdurma mühiti əvəzinə əməkdaşlığa əsaslanan münasibətlərin qurulması hər iki ölkənin resurslarını təhlükəsizlik risklərinə deyil, sosial-iqtisadi inkişafa yönəltməsinə imkan verər.
Lakin burada prinsipial məqam var. Belə ki, siyasi bəyanatlar yalnız konkret və ardıcıl addımlarla təsdiqləndikdə real nəticə verir. Sülh sazişinin imzalanmasının zəruriliyini bəyan etmək müsbət mesajdır, amma prosesin başa çatması üçün Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərin praktiki icrasını təmin etməlidir. Paraflanmış sənədin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı ərazi bütövlüyünə hörmət və kommunikasiyaların suverenlik prinsipləri əsasında açılması bu istiqamətdə mühüm məsələlərdir”.
R. Bayramov onu da qeyd etdi ki, xüsusilə Ermənistan Konstitusiyası ilə bağlı məsələ diqqət mərkəzində qalmaqda davam edir: “Azərbaycan olaraq bizim bu məsələdə mövqeyimiz kifayət qədər aydın və qətidir. Ermənistanın konstitusion-hüquqi çərçivəsində əksini tapan və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları əks etdirən müddəalar aradan qaldırılmalıdır. Bu baxımdan, konstitusiya dəyişikliyi məsələsinin hüquqi və siyasi müstəvidə həlli sülh prosesinə etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. İrəvanın bu məsələdə konkret mövqe ortaya qoyması və zəruri hüquqi addımları atması sülh niyyətinin əməli təsdiqi olardı. Nəzərə almaq lazımdır ki, dayanıqlı sülh yalnız iki hökumətin sənəd imzalaması ilə məhdudlaşmır. O, qarşılıqlı suverenliyə hörmət, ərazi iddialarından imtina, düşmənçilik ritorikasının aradan qaldırılması və razılaşdırılmış öhdəliklərin vicdanla yerinə yetirilməsi üzərində qurulmalıdır. Ümumiyyətlə isə Paşinyanın bəyanatı sülh gündəliyinin vacibliyini təsdiqləyir. İndi əsas məsələ bu siyasi iradənin konkret qərarlara çevrilməsidir. Həqiqətən də Ermənistanın gələcək təhlükəsizliyi və dayanıqlı inkişafı Azərbaycanla qarşıdurmanın davam etdirilməsində deyil, qarşılıqlı maraqlara və beynəlxalq hüquqa əsaslanan normal qonşuluq münasibətlərinin qurulmasındadır. Sülhün həqiqi təminatı isə sözlərlə deyil, real siyasi və hüquqi addımlarla ölçüləcək”.
Vidadi ORDAHALLI