Ermənistanın Baş naziri Paşinyan Fransa mətbuatına verdiyi müsahibəsində Moskva-İrəvan xəttindəki gərginliyi dəyərləndirib. Paşinyan Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini, lakin əlaqələrin artıq əvvəlki kimi ola bilməyəcəyini deyib.
"Rusiya ilə münasibətlərimizi kəsmək və ya pisləşdirmək heç vaxt məqsədimiz olmayıb və olmayacaq da. Əksinə, Rusiya ilə münasibətlərimizi yaxşılaşdırmaq istəyirik. Lakin etiraf etmək lazımdır ki, şəraitdən və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın Rusiya ilə münasibətləri artıq əvvəlki kimi ola bilməz" – deyə baş nazir bildirib.
Paşinyan Ermənistanın Rusiyadan asılılıqdan qurtulmağı hədəfləmədiyini, əksinə xarici əlaqələrini şaxələndirməyə çalışdığını vurğulayıb: "Biz heç kimdən asılı olmaq istəmirik. Başqa sözlə, A-dan asılılığımızı tərk edib B-dən asılı olmağı hədəfləmirik. Bu, bizim siyasətimiz deyil. Siyasətimiz müstəqilliyimizi gücləndirməyə, möhkəmləndirməyə və inkişaf etdirməyə əsaslanır".
Ermənistanın Avropa Birliyinə qoşulmaq məqsədi barədə də danışan Paşinyan ölkəsinin hələ rəsmi müraciət təqdim etmədiyini deyib: "Ermənistanda bu məsələ ilə bağlı referendum keçirmək üçün ən azı Ermənistan rəsmi olaraq Avropa Birliyinə üzvlük üçün müraciət etməlidir. Biz hələ belə bir müraciət etməmişik. Dolayısı ilə referendumun bu il keçirilməsi real deyil".
Paşinyan Ermənistanın Avropa Birliyinə üzvlük üçün lazımi şərtləri yerinə yetirmədiyini də etiraf edib: "Ermənistan Respublikası bu gün Avropa Birliyinə üzv olmağa hazırdırmı? Sizə açıq şəkildə "yox" deyərdim, çünki bu meyarlara cavab vermək üçün hələ də bir çox islahatlar həyata keçirməliyik."
Tahir TAĞIYEV