"Cəmiyyətin nizamlı, ədalətli və ahəngdar şəkildə fəaliyyət göstərməsi üçün müəyyən sahələrdə vahid intizam və geyim qaydalarının tətbiq olunması zəruridir. Məktəblərdə vahid geyim formalarının qəbul edilməsi də məhz bu intizamın və bərabərliyin təmin olunmasına xidmət edir. Dövlətin təhsil siyasətinə uyğun olaraq tətbiq edilən vahid məktəbli forması bir neçə mühüm funksiyanı yerinə yetirir:
1.Məktəbli forması şagirdlər arasında maddi və sosial fərqliliklərin ön plana çıxmasının qarşısını alır. Bütün uşaqlar məktəbdə bərabər şəraitdə təhsil aldıqlarını hiss edirlər.
2. Vahid geyim şagirdlərin diqqətini xarici görünüş və debatlardan yayındıraraq bilavasitə dərslərinə yönəltməyə kömək edir.
3. İntizam həm fərdi inkişafın, həm də cəmiyyət həyatının əsas şərtidir. Məktəb forması uşaqlarda məsuliyyət və qaydalara hörmət hissini formalaşdırır". Bu fikirləri baki-xeber.com-a açıqlamasında tanınmış memar, dosent Rizvan Qarabağlı bildirib.
"Məlum olduğu kimi hər bir sahənin və məkanın özünəməxsus etik və praktiki qaydaları mövcuddur. Həyatın müxtəlif sahələrində bu prinsipin necə işlədiyini görmək mümkündür. Məsələn, idman zallarında, futbol və ya voleybol meydançalarında müəyyən olunmuş idman geyimlərindən istifadə olunur. Bu, həm təhlükəsizlik, həm də hərəkət sərbəstliyi baxımından zəruridir. Bununla yanaşı, ibadət məkanlarına daxil olarkən həmin yerin mənəvi mühitinə və daxili intizamına uyğun geyim seçilməsi cəmiyyət tərəfindən təbii qarşılanır və s".
R.Qarabağlı xatırlatdı ki, Azərbaycan Konstitusiyasına əsasən təhsil dünyəvi xarakter daşıyır. "Məktəblərdə tətbiq olunan vahid geyim qaydaları hər hansı dini və ya fərdi baxışı inkar etmir, əksinə, müxtəlif fərqliliklərə sahib olan bütün şagirdləri eyni dam altında birləşdirir. Digər tərəfdən, cəmiyyətin hər bir üzvünün dövlət tərəfindən müəyyən olunmuş qaydalara hörmətlə yanaşması, ortaq dəyərlərin və ictimai asayişin qorunmasında əvəzsiz rol oynayır. Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir.
Gəlin Bu məsələyə biraz yaxından baxaq:
Azərbaycan Respublikasının Konstitusiyasının 48 və 18- ci maddələrində birmənalı şəkildə göstərilir ki, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır və dinin dövlətdən və dövlət təhsilindən ayrı olduğu təsbit edilir. Hətta Azərbaycan Respublikasının Qanununun 14.10 Maddəsində dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərinin müvafiq icra hakimiyyəti organı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edildiyini göstərir.
Nazirlər Kabinetinin müvafiq qərarında isə, dövlət ümumi təhsil müəssisələrində şagird geyim formalarının təsvirlərini və tətbiqi qaydalarını rəsmiləşdirir.
Göründüyü kimi, vahid məktəbli forması dövlərimiz tərəfindən bütün incəliyinə qədər düşünülüb. Bundan xalqımız yalnız xeyir götürə bilər. Eləcə də, cəmiyyətimizin hər bir üzvünün dövlət tərəfindən müəyyən olunmuş qaydalara hörmətlə yanaşması, ortaq dəyərlərimizin qorunmasında ən böyük addım ola bilər..."-deyə R.Qarabağlı vurğuladı.
İradə SARIYEVA