“Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir. Yəni elə ailələr, elə şagirdlər var ki, məktəbli forması olmadıqda çox böyük çətinlik çəkirlər. Geyimləri çox zəif olur, başqa uşaqlar onlara yuxarıdan aşağı baxır. Ancaq bütün şagirdlər vahid məktəbli forması geyəndə siz bilirsizmi, imkansız ailələrin uşaqları necə sevinirlər. Bu böyük sevinc onların gələcəyinə, oxumaqlarına təsir edir. Ölkələr var ki, XVIII əsrdən bəri məktəbli formaları eynidir. Məsələn, İngiltərədə belədir. Bu çox yaxşıdır”.
Bunu baki-xeber.com-a professor Qəzənfər Paşayev bildirib.
Q.Paşayevin sözlərinə görə, Bakı kəndləri də daxil bəzi rayonlarda ailələr var ki, onların sosial vəziyyətləri, imkanları elə də yaxşı deyil, bu məsələdə QHT-lər, ictimai qurumlar hökümətin dəstəyi ilə elə ailələrin övladlarını məktəbli formasını təşkil etməlidirlər. “Söhbət imkansız ailələrdən gedir. Bu çox gözəl olacaq, həm valideynlər, həm də uşaqlar sevinəcək. Bu istiqamətdə müəyyən ailələrə dəstək mütləqdir. Rayonlarda, Bakıətrafı kəndlərdə imkansız ailələr var ki, onlara məktəbli forması baxımından dəstək olmalıdır.
Adam baxır, ürəyi açılır, qızlar, oğlanlar məktəbli formasında məktəbə gedib gəlirlər. Hamının eyni formada olması çox gözəldir. Burada pis nə var ki? Heç kim deyə bilməz ki, bu yaxşı deyil. Ancaq niyə bəzən narazılıqlar bildirilir? Səbəb də odur ki, bəzi ailələr imkansızdır. Dediyim kimi ictimai təşkilatlar dövlətin dəstəyi ilə o alələrə yardım etməlidir. Onda hamı sevinəcək...-deyə Q.Paşayev vurğuladı.
İradə SARIYEVA