XVI əsr Azərbaycan klassik ədəbiyyatının ən görkəmli nümayəndəsi Məhəmməd Füzulinin yaradıcılığı həm məzmun və fəlsəfi dərinliyi, həm də bədii bəzək vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir. Füzuli irsinin öyrənilməsi geniş miqyas kəsb etsə də, onun əsərlərindəki vizual-məkan strukturu, xüsusən də memarlıq motivləri və cizgiləri fənlərarası kontekstdə kifayət qədər tədqiq olunmamışdır. Memarlıq təkcə fiziki binaların tikilməsi sənəti deyil, həm də müəyyən dövrün dünyagörüşünü, fəlsəfi düşüncəsini və estetik prinsiplərini əks etdirən mədəni fenomendir.
Füzuli poeziyasında memarlıq terminologiyası, bina və tikili təsvirləri, sakral və dünyəvi məkanların bədii-fəlsəfi funksiyası sadəcə təsviri rol oynamır; onlar şairin metafizik aləmə, insan ruhuna və cəmiyyətə baxışının poetik göstəricisidir. Bu baxımdan, Füzulinin həm divan ədəbiyyatında, həm də epik poemalarında "taq", "revəq", "eyvan", "qəsr", "bünyad", "imarət", "xarabazar", "xanəgah" və "günbəz" kimi memarlıq terminlərinə tez-tez rast gəlinir. Şair bu terminlərdən istifadə edərək kainatın və insan varlığının strukturunu memarlıq konstruksiyası kimi modelləşdirir. Klassik Şərq poeziyasında göy kubbesi ("günbəzi-kəddvar") və kainat tez-tez muazzam bir memarlıq abidəsi kimi təsvir olunur. Füzulinin düşüncəsində də felek və göy cisimləri dəqiq riyazi-həndəsi nisbətlərə malik bir "binadır". Şair könül dünyasını da bir imarətə bənzədir: Gəhi viranəyi-dil, gəhi imarəti-can... Bu yanaşma göstərir ki, Füzuli yaradıcılığında "tikmək-uca tutmaq" (imarət) ilə "dağılmaq-viran olmaq" (xarabazar) dualizmi insani hisslərin – eşq və kədərin dinamikasını ifadə etmək üçün əsas memarlıq metaforası kimi çıxış edir. Araşdırmalar göstərir ki, Füzuli yaradıcılığında memarlıq motivləri iki əsas istiqamətdə təzahür edir:
1. Sakral memarlıq motivləri.
2. Dünyəvi memarlıq və məkan vizualizasiyası.
Şairin sakral memarlıq motivləri əsərlərində məscid, minarə, xanəgah, türbə və məbəd obrazları geniş yer tutur. Lakin sufi-fəlsəfi ideyalara sadiq qalan Füzuli üçün zahiri sakral memarlıq formaları formal xarakter daşıyır. O, əsl məbədi insanın daxili aləmində, "könül kaşənəsi"ndə görür. Məscid və xangah obrazları zaman-zaman zahiri riyakarlığın məkanı kimi tənqid olunur, həqiqi ibadət məkanı isə aşiqin viranə könlü ilə eyniləşdirilir.
Dünyəvi memarlıq və məkan vizualizasiyası istiqamətində isə və konkret olaraq "Leyli və Məcnun" poemasında saraylar, qəsrlər, qala divarları və çadırlar hadisələrin cərəyan etdiyi əsas məkanlar kimi təsvir olunur. Leylinin yaşadığı mühit – onu əhatə edən saray və həyət – cəmiyyətin qoyduğu qadağaların və sosial çərçivələrin memarlıq mühitindəki təcəssümüdür. Məcnunun sığındığı "dağlar və viranələr" isə azadlığın, hüdudsuzluğun və sosial çərçivələrdən imtina etməyin simvolik məkanıdır. Daha dolğun desək, Füzulinin "Leyli və Məcnun" poemasında memarlıq elementləri süjetin inkişafında müstəsna rol oynayır. Məsələn, Kəbə obrazı: Məcnunun atası tərəfindən müalicə və dua üçün Kəbəyə aparılması epizodunda Kəbə sadəcə dini-memarlıq abidəsi deyil, ilahi eşqin təsdiqləndiyi sakral mərkəzdir. Məcnun Kəbənin halqasından yapışaraq eşqinin daha da artması üçün dua edir. Burada memarlıq elementi (Kəbə halqası) maddi dünya ilə metafizik dünya arasında keçid rolu oynayır. Digər bir misal, qəsr və məzar: Poemada Leylinin verdiyi "qəsr" (evlilik-qapalı məkan) Məcnun üçün mənəvi zindana çevrilir. Əsərin sonunda hər iki aşiqin qovuşduğu məkan isə onların qəbridir (türbə).
Füzuli poeziyasında məzar mənfi məkan deyil, ilahi qovuşmanın və mənəvi rahatlığın əbədi abidəsidir. Göründüyü kimi, Füzuli misralarını qurarkən bir memar dəqiqliyi və nəqqaş incəliyi ilə hərəkət edir. Ona görə də, şairin işlətdiyi bədii təsvir vasitələrində memarlıq cizgiləri xüsusi estetik yük daşıyır. Məsələn məşuqənin zülfü tez-tez sarayın eyvanına, qaşları isa məbəd tağına ("taqi-əbru") bənzədilir. Yaxud, aşiqin göz yaşlarının çoxluğundan mənəvi bünövrənin sarsılması təsvir edilir. Bu kimi metaforalar Füzulinin vizual təfəkkürünün nə qədər güclü olduğunu və dövrünün memarlıq estetikası ilə sıx bağlılığını sübut edir.
Nəticə olaraq qeyd edək ki, Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri sadəcə bədii təsvir vasitəsi olmayıb, şairin fəlsəfi, estetik və sufi dünyagörüşünün tərkib hissəsidir. Füzuli maddi memarlıq formalarından (saray, məscid, eyvan, taq) istifadə edərək insanın mənəvi aləminin və kainatın mənəvi dünyasını modelləşdirmişdir. Şairin əsərlərində xarabalıq-viranə obrazı fiziki dağıntını deyil, mənəvi saflaşmanı və ilahi eşqə çatmaq üçün dünyəvi bağlardan azad olmağı tərənnüm edir. Füzulinin məkan poetikasının tədqiqi onun irsinin fənlərarası müstəvidə daha dərin dərk olunmasına şərait yaradır.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent