Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gürcüstan Respublikasının Əməkdar Mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş "AŞIQ YARADICILIĞI: TƏŞƏKKÜLÜ, İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ MÜASİR İSTİQAMƏTLƏRİ" mövzusunda Beynəlxalq Elmi Konfransı öz işinə başlayacaq.
Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə təşkil olunan Konfransın Plenar iclası AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında keçiriləcək. Sonra konfrans öz işini 8 bölmədə davam etdirəcək.
Konfransın məsul katibi - Filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı baki-xeber.com-a bildirib ki, aşıq yaradıcılığı, söz, saz və sənət vəhdətini özündə birləşdirən aşıq sənəti Azərbaycan xalqının əsrlər boyu formalaşmış, min illər boyu cilalanmış, saflaşmış və hafizələrə, milli təfəkkürümüzə əbədi həkk olunmuş tarixi yaddaşını, zəngin mənəvi-mədəni irsini, mənəvi dəyərlərini, adət-ənənələrini və dünyagörüşünü nəsildən-nəslə ötürən ən mükəmməl və ən mühüm mədəni hadisəsi olmaqla yanaşı, həm də, ən qiymətli və dumduru xalq yaradıcılığının nümunəsidir. Bu yaradıcılıq sahəsi özündə həm poeziyanı, həm musiqini, həm də ifaçılıq məharətini birləşdirərək milli kimliyimizin qorunmasında və təbliğində əvəzsiz rol oynayır.
Aşıq sənətinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Aşıq ənənəsi Azərbaycanla yanaşı, digər türk xalqlarının da folklor və ədəbi mühitində mühüm yer tutur. Qəhrəmanlıq, məhəbbət, vətənpərvərlik, humanizm kimi ümumbəşəri ideyaları özündə əks etdirən aşıq yaradıcılığı türk dünyasının mədəni əlaqələrinin, ortaq ədəbi dəyərlərinin və milli kimliyinin qorunub saxlanılmasında mühüm rol oynayır. Bu baxımdan aşıq sənətinin öyrənilməsi Türk xalqları ədəbiyyatının tarixi inkişaf mərhələlərinin və qarşılıqlı mədəni təsirlərinin araşdırılması üçün geniş imkanlar yaradır. Elə buna görə də, Azərbaycan aşıq sənətinin inkişafında Ustad Aşıq Hüseyn Saraçlının rolu, Aşıq Hüseyn Saraclının lirik və epik yaradıcılığının semantik strukturu və semiotik-sinergetik sistemi, Azərbaycan aşıq mühitində Borçalı məktəbinin mövqeyi: Aşıq Hüseyn Saraçlının ustadlıq fenomeni, Hüseyn Saraçlının dastan yaradıcılığı, Azərbaycan aşıq sənətində aşıq Hüseyn Saraçlının yeri, Sazın və sözün borçalı zirvəsi: Aşıq Hüseyn Saraçlı, Aşıq Hüseyn Saraclının yaradıcılığında Borçalı toponimləri, Aşıq Hüseynin həyat və yaradıcılığı, Aşıq Hüseyn Saraçlı yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Aşıq Hüseyn Saraçlı: milli sənət ənənəsinin ustad daşıyıcısı, Aşıq Hüseyn Saraçlının yaradıcılığında dil, üslub və folklor motivləri, Aşıq Hüseyn Saraçlı yaradıcılığında dastan sənəti: ənənə və novatorluğun sintezi və s. kimi bir-birindən maraqlı mövzularla yanaşı, həm də, Azərbaycan aşıq mühiti; inkişaf yolu, xarakter və çağdaş durumu, Azərbaycan aşıq mühitində Borçalı aşıqlarının rolu, Azərbaycan aşıq məktəbləri və onların nümayəndələri, Azərbaycan aşıq sənəti və estetik düşüncə tərzi, Çağdaş ustad aşıqlar, Aşıq yaradıcılığı və aşıq sənətinin araşdırılması məsələləri, Türk xalqlarında aşıq sənəti və onun təzahür formaları, Türk xalqları aşıq yaradıcılığında oxşar və fərqli cəhətlər, Dastan yaradıcılığını inkişafında aşıqların rolu, Milli-mədəni irsimizin yaşadılmasında aşıq sənətinin mövqeyi, Aşıq yaradıcılığı və sənətinin elmi-nəzəri konteksti, Aşıq yaradıcılığının janr və formaları, Aşıqlarımızın dili, Aşıqlarımızın əsərlərinin leksik-linqvistik xüsusiyyətləri, Aşıqlarımızın yaradıcılığında onomastik vahidlər və s. mövzuların əhatə etdiyi Beynəlxalq Elmi konfransda 100-dən çox məruzə dinlənilərək müzakirə olunacaq.
Müşfiq Borçalı onu da bildirib ki, konfransda Azərbaycan ailimləri ilə yanaşı, Gürcüstan Elmlər Akademiyasının, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun, Türkiyənin Çanakkale Onsekiz Mart Üniversitesinin, Erzincan Binali Yıldırım Universitesinin, Bursa Uludağ Unuversitetinin, Erdahan Universitetinin, eləcə də, Almaniya, Bolqarstan və Orta Asiya respublikalarının, həmçinin, digər dövlətlərin alimləri də yaxından iştirak edəcəklər.
Onu da qeyd edək ki, konfrans çərçivəsində F.ü.f.d. Müşfiq Borçalının "Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri" adlı kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Kitabın Elmi məsləhətçi: AMEA-nın prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru Akademik İSA HƏBİBBƏYLİ, Redaktoru: Əməkdar İncəsənət xadimi, Siyasi elmlər üzrə fəlsəfə doktoru İSMAYIL ÖMƏROV, Rəyçilər: Filologiya elmləri doktoru, professor MAHMUD ALLAHMANLI, Filologiya elmləri doktoru ŞAKIR ALBALIYEVdir. İlk nəşri 2011-ci ildə işıqüzü görmüş bu kitabda tədqiqatçı-filoloq Müşfiq Borçalı görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verir, aşığın böyük oğlu İsfəndiyar Həsənovdan əldə etdiyi "Aşıq Hüseyn Saraçlının "Yaylaq səfəri" adlı bir dastanını, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun "Aşıq Hüseyn Saraçlı" və şair Nizami Saraçlının Ustad aşığa həsr etdiyi "Yalan ola ayrılıq!" poemalarını müəlliflərin dilinə toxunmadan oxuculara təqdim edir. İnanırıq ki, unudulmaz sənətkarımızın bir çox dastanları kimi, bu kitabın ilk nəşrinədək heç yerdə çap olunmamış həmin dastanı da, eləcə də, ustad aşığın 95 illik yubileyinə həsr olunmuş həmin kitabın yeni nəşri bütövlükdə, Ustadın 110 illik yubileyi ərəfəsində oxucular tərəfindən rəğbətlə qarşılanacaq.