Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində alimlər, ziyalılar qarşısında çıxışını, Prezidentin Ana dilinə verdiyi yüksək fikirlərini dinlədikdən qısa bir müddət keçdikdən sonra, hörmətli ziyalımız, ədəbiyyatşünas alim və diplomat, Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin “525-ci qəzet”də növbəti məqaləsini, həyatının bəlli bir dövrünü Azərbaycanda dilçilik elminin, xüsusən də dialektologiyanın inkişafına həsr etmiş, 1923-1926-cı illərdə Bakı Universiteti (indiki BDU) Tarix-Filologiya kafedrasının professoru vəzifəsində çalışmış, türk dillərinin, o cümlədən Azərbaycan dilinin qrammatikasını tədris edərək “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” ilə sıx əməkdaşlıq etmiş Nikolay İvanoviç Aşmarinə həsr etdiyi “Türkoloji Qurultayın Çuvaş-Azərbaycan nümayəndəsi” adlı məqaləsini böyük maraqla oxudum və Çuvaş əsilli türkün Azərbaycan dilinə rəğbətinə heyran qaldım. Aşmarin Azərbaycan dilini incəliklərinə qədər öyrənərək, tədqiq etmək həvəsilə rayonlara, o cümlədən Şəkiyə üz tutmuş, ləhcə və şivələri öyrənməkdə maraqlı olmuşdur.
Hörmətli diplomatın diqqətini cəlb edən Aşmarinin həyatı, elmi yaradıcılığı onu bu nəticəyə gətirmişdir: “Aşmarinin ağır həyat şəraiti ilə üzləşərək 1933-cü ildə dünyasını dəyişməsi, onu 37-ci ilin repressiya qurbanları sırasından azad etmiş oldu”.
Azərbaycana, Azərbaycan dilinə böyük sevgi Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığında da öz əksini tapmışdır. “Azərbaycan” adlı bir sıra şeirlər qələmə almış, böyük şair qəlbləri kövrəldən, Ulu Öndər Heydər Əliyevin də gözlərini yaşla dolduran misraların müəllifidir:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!
Xalq şairi Səməd Vurğunun böyük vətən sevgisi, ana dilinə ehtiram şeirlərində öz əksini tapmış, bu şeirlər “Azərbaycan” ünvanı ilə ilhamla qələmə alınmışdır.
Azərbaycanı vəsf edən “Azərbaycan” şeirindən:
Üstümə hər gələn bac aldı keçdi,
Yaşım döyüşlərdə qocaldı keçdi,
Şairim, bir yaz ki, məndə nələr var
Məndə həqiqətlər, əfsanələr var.
Doğma Azərbaycanı vəsf edən digər “Azərbaycan” şeirindən:
İgidlər yurdudur, bu dağ, bu aran,
Bu dağlar başından çəkilmiş boran...
Əyilməmiş bu dağların dik başı
Koroğlunun mərd vüqarı məndədir.
Şairin “Azərbaycan balası” adlı şeirinin bir neçə misrasına diqqət edək:
Şair Nizaminin gözəl vətəni,
Qoynunda bəsləyib böyütdü səni...
Aşıqlar saz tutub söz açan zaman,
Dastanlar eşitdin qoç Koroğludan.
Bu misralar Vətən, Xalq məhəbbətini tərənnüm etmirmi?
Şairin bu misraları isə onun Müqəddəs Ana dilinə tükənməz məhəbbət və ehtiramını, ona xor baxanlara qarşı üsyanını bildirir:
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar,
Mənim ana dilimdədir, yaxşı saxla yadında.
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,
Azərbaycanın Xalq şairi Səməd Vurğun yuxarıda bir bəndini verdiyimiz “Yandırılan kitablar” adlı şeirini 1947-ci ilin yanvar ayında qələmə almış, 1952-ci ildə Parisdə, özünün də iştirak etdiyi Sülh Konfransında səsləndirmişdi.
Xalq şairi Bəxtiyar Vahabzadəni də duyğulandıran şeir möhtəşəmdir. Bu şeir məndə bir daha onu tam oxumaq istəyi yaratdı. “Yandırılan kitablar” adlanan şeirin ilk bəndi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, paleoqrafiya üzrə ilk yüksək elmi dərəcəli mütəxəssis, mərhum Məmməd Musa oğlu Adilovun (1953-2011) İnstitutun 50 illik yubileyi münasibətilə 2000-ci ildə nəşr etdirdiyi kitabın ön sözündə verilmişdir. Şeirin avtoqraf əlyazması İnstitutun “Şəxsi arxivlərin tədqiqi” şöbəsində mühafizə olunan Xalq şairi Səməd Vurğunun arxivindədir, ərəb əlifbasında yazılmışdır. (Bax: Fond-27, s.v.50)
Filologiya elmləri doktoru Məmməd Adilov yazır: “Böyük Səməd Vurğun bu sözləri heç də təkcə türkdilli əlyazmaları yandıran fars şovinistlərinə ünvanlamırdı: Əlyazmalar Bakının da küçələrində tonqala verilirdi. XX əsrin nadanlarının fitvası ilə bu irsin mütləq böyük bir hissəsi açıq-aşkar məhv edilmişdir.” (Əlyazmalar İnstitutu ̶ 50, Bakı, 2000, səh. 6)
Beynəlxalq Cərrahlıq Cəmiyyətinin idarə heyətinin, Paris Cərrahlıq Akademiyasının üzvü, dünyanın bir çox universitetlərinin fəxri professoru, mərhum Cavad Heyət 1952-ci ildə Parisdə Sülh Konfransı keçirilərkən şairin dilindən eşitdiyi həmin şeir barədə yazır: “Mənzumə Məhəmməd Rza şaha xitab olaraq yazılmışdı. "Cəllad" kəlməsi ilə başlayıb, şahın və şahənşahlıq rejiminin və ordusunun cinayətlərini ifşa edərək, vəhşiliyin və mədəniyyətsizliyin ən bariz nümunəsi olan bir əmələ, kitabların yandırılmasına etiraz olunurdu." (C.Heyət. Mən və Atam. Xatirələr. B, 2025)
Məlumat üçün qeyd etmək lazımdır ki, Xalq şairinin arxivi Əlyazmalar İnstitutunun elmi işçiləri Mərziyə Paşayeva və Mehri Məmmədova tərəfindən çapa hazırlanaraq, 2010-cu ildə nəşr olunmuşdur. Həmin şeirin adı da siyahıdadır. “Yandırılan kitablar” şeirinin bu bəndi məni onu bütünlüklə oxumaq üçün şairin nəşr olunmuş çoxsaylı cildlərini araşdırmağa sövq etdi. Lakin qarşılaşdığım mənzərə məndə təəssüf hissi doğurdu. Şairin arxivində olan “Yandırılan kitablar” şeirinin birinci bəndindəki ikinci misra: “Mənim ana dilimdədir, yaxşı saxla yadında” misrası çoxsaylı nəşrlərdə öz əksini tapmamışdır. Şeir bütünlüklə yalnız 1960-cı il nəşrinin 2-ci cildində dərc olunsa da, həmin möhtəşəm misra verilməmişdir. Müəyyən edilmişdir ki, 1961, 1963, 1972, 1985 və 2013-cü il nəşrlərinə “Yandırılan kitablar” heç daxil edilməmişdir, daxil edilsə də misra yoxdur.
Buna da inanmaq olmur ki, “Ədəbiyyat” qəzetinin 2025-ci il 12 dekabr sayında dərc edilən şeirdə həmin misra yoxdur. Və ürək ağrıdan haldır ki, Xalq artisti, mərhum Rasim Balayevin ifasında “Yandırılan kitablar” şeirində də həmin misra yoxdur və belə səslənir:
Çox təəssüf!
Xalq yazıçısı Anar Avrasiya Yazıçılar Birliyinin “Onur” medalı ilə təltif edilmişdir. O mərasimdə demişdir: “Türk dünyasının böyük oğlu yazıçı Çingiz Aytmatov Qırğızıstanı dünyaya tanıtmaq istəyirdi, mən isə Azərbaycanı Azərbaycana tanıtmağa çalışıram”.
Tahirə Həsənzadə