Qasım Hacıyev: “Ukraynadan Kiyevə, Rusiyadan digər ərazilərə qədər müxtəlif bölgələrdə xristianlığın yayılmasında ermənilərin həlledici rol oynadığını iddia etmək ciddi tarixi səhvdir”
Ermənilər iddia edirlər ki, ruslara xristianlığı guya ermənilər qəbul etdirib. Uydurmalar icad etməkdə “usta” olan erməni tarixçiləri yazırlar ki, tarixə “Vladimir Krasno Solnışko” – yəni “Qırmızı Günəş Vladimir” adı ilə düşən knyaz Vladimir Rusiyanın xristianlığı qəbul etməsində mühüm rol oynayıb. Erməni müəlliflərin iddiasına görə, bu tarixi addımın atılmasına təkan verən amillərdən biri onun gələcək həyat yoldaşı, Bizans imperatorunun qızı, şahzadə Anna ilə evliliyi olub. Belə ki, Anna rus knyazı Vladimirin xristianlığı qəbul etməsini onların nikahının əsas şərtlərindən biri kimi irəli sürüb.
Qədim salnamələrdə Anna yunan şahzadəsi kimi təqdim olunsa da, erməni iddialarına görə, bu belə deyil.
Erməni tarixçilərinin iddasına görə, Bizans imperatorluğunda hakimiyyətdə olan sülalənin banisi I Vasili Makedoniyalı hesab olunur. Onun guya erməni mənşəli olduğu barədə tarixşünaslıqda fikirlər mövcuddur (?). “Bəzi tarixi mənbələrdə onun nəsil şəcərəsi erməni hökmdar sülalələri ilə, hətta başlanğıcı IV əsr hökmdarı III Trdatla əlaqələndirilir. Bu sülalə erməni Arşakiləri kimi tanınır”-deyə belə bir cəfəngiyyat irəli sürürlər.
Məhz bu tarixi əlaqələrə əsaslanan bəzi müəlliflər iddia edirlər ki, şahzadə Anna Konstantinopoldan Korsuna (Xersonesə) yola salınarkən onu müşayiət edən din xadimləri arasında guya ermənilər də olub. Lakin bu məlumatın tarixi mənbələrlə ayrıca təsdiqlənməsinə ehtiyac var. Yəni heç bir mənbədə belə bir fakt yoxdur, bu da erməni uydurmasıdır.
Yazırlar ki, gənc həyat yoldaşı ilə Kiyevə qayıdan knyaz Vladimir ilk növbədə oğullarını xristianlığı qəbul etməyə yönəldib. Daha sonra isə 988-ci il avqustun 1-də Kiyev əhalisinin kütləvi şəkildə xaç suyuna çəkilməsi ilə Rusiyanın xristianlaşdırılması prosesində mühüm mərhələ başlandı.
Beləliklə, Vladimir tarixə yalnız dövlət xadimi və knyaz kimi deyil, həm də Rusiyanın dini və mədəni həyatında dönüş nöqtəsi yaratmış hökmdar kimi düşdü. “Qırmızı Günəş Vladimir” adı ilə yadda qalan bu tarixi şəxsiyyətin qərarı sonrakı əsrlərdə Şərqi Slavyan dünyasının dini, siyasi və mədəni inkişafına ciddi təsir göstərdi.
Qeyd edək ki, I Vasili Makedoniyalının erməni mənşəli olması barədə heç bir fakt yoxdur və şahzadə Annanı müşayiət edən din xadimlərinin etnik mənsubiyyəti barədə fikirlər mübahisəlidir.
Tarixçilər bildirir ki, Knyaz I Vladimir (Qırmızı Günəş) Kiyev Rus dövlətinin böyük knyazı olaraq 988-ci ildə xristianlığı dövlət dini elan etmişdir. Bu addım dağınıq slavyan tayfalarını vahid dövlət ətrafında birləşdirmək və Bizans imperiyası ilə strateji ittifaq qurmaq məqsədi daşıyırdı.
Müxtəlif bütlərə sitayiş edən slavyan tayfalarını vahid ideologiya və mərkəzi hakimiyyət altında birləşdirmək zərurəti yaranmışdı.
980-ci ildə Vladimirin vahid bütpərəst panteonu (başda Perun olmaqla) yaratmaq cəhdi tayfalar arasında narazılıq yaratmış və nəticə verməmişdi.
Xristianlığı qəbul etmək Rus dövlətini Avropanın aparıcı xristian ölkələri ilə bərabərhüquqlu tərəfdaşa çevirir və Bizans imperatoru II Vasili ilə sülalə nikahı bağlamağa imkan verirdi.
Salnamələrə görə, Vladimir islam, yəhudilik, katolik və pravoslav dinlərinin nümayəndələrini dinlədikdən və elçilərini müxtəlif ölkələrə göndərdikdən sonra Konstantinopol kilsəsinin möhtəşəmliyinə heyran qalaraq pravoslavlığı seçmişdir.
Bizans imperatoruna üsyanları yatırmaqda hərbi yardım edən Vladimir, vəd edilən şahzadə Anna ilə evlənmək gecikdirildikdə Krımdakı Korsun (Xersones) şəhərini ələ keçirmişdir. O, burada vəftiz olunaraq Vasili adını götürmüş və şahzadə Anna ilə evlənmişdir.
Kiyevə qayıdan knyaz bütpərəst heykəllərini (o cümlədən Perunu) məhv etdirərək Dnepr çayına atdırmışdır. Daha sonra bütün şəhər əhalisi Dnepr çayında kütləvi şəkildə vəftiz edilmişdir.
Tarix elmləri doktoru, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, erməni tarixşünaslığında xristianlıqla bağlı əsassız iddialar kifayət qədərdir, o cümlədən də, rusların xristanlığı qəbul etməsində ermənilərin rolu məsələsi cəfəngiyyatdır.
“Ruslara xristianlığı ermənilər qəbul etdirməyib. Bu barədə erməni tarixçilərinin iddiaları tam əsassızdır.
Məlumdur ki, Kiyev Rus dövləti xristianlığı Bizans imperiyasından (Şərqi Roma imperiyası) rəsmi şəkildə qəbul edib.
Bu məsələyə çox dərindən varmadan bir məqamı xüsusi vurğulamaq istəyirəm. Erməni tarixşünaslığında qədim dövrlərə aid edilən bir sıra iddialar var ki, onların əhəmiyyətli hissəsi tarixi faktlardan daha çox sonrakı dövrlərdə formalaşdırılmış rəvayətlərə, əfsanələrə və ideoloji yanaşmalara söykənir.
Biz indiyədək dəfələrlə erməni müəlliflərinin müxtəlif yazılarına, çıxışlarına, tarixi iddialarına münasibət bildirmişik. Onların irəli sürdüyü əsassız fikirləri konkret faktlar və tarixi mənbələr əsasında müzakirəyə çıxarmışıq. Bu iddialardan biri də ermənilərin xristianlığın yayılmasında guya müstəsna və həlledici rol oynaması ilə bağlıdır.
Xatırlayırsınızsa, vaxtilə belə bir fikir də irəli sürülmüşdü ki, ermənilər xristianlığı hətta Romadan əvvəl qəbul edib və onun yayılmasında əsas rol oynayıblar. Bu cür yanaşmalar təsadüfi deyil. Burada söhbət sadəcə dini tarixə münasibətdən getmir. Məsələ daha çox keçmişi öz siyasi və milli ideoloji məqsədlərinə uyğun şəkildə təqdim etmək cəhdidir.
Erməni müəllifləri xristianlığın müxtəlif coğrafiyalarda yayılması ilə bağlı o qədər geniş iddialar irəli sürürlər ki, bəzən bu iddiaların tarixi, demoqrafik və siyasi əsaslarının olub-olmadığı sual doğurur. Ukraynadan Kiyevə, Rusiyadan digər ərazilərə qədər müxtəlif bölgələrdə xristianlığın yayılmasında ermənilərin həlledici rol oynadığını iddia etmək ciddi tarixi səhvdir. Belə məsələlər emosional yanaşmalarla deyil, ilkin mənbələr, arxeoloji materiallar və elmi araşdırmalar əsasında qiymətləndirilməlidir.
Bu cür iddiaların arxasında, məncə, daha geniş ideoloji məqsəd dayanır. Söhbət erməni dövlətçilik tarixinin, milli keçmişin və tarixi coğrafiyanın mümkün qədər qədim dövrlərə aparılması, bununla da müasir siyasi və ərazi iddialarına tarixi əsas görüntüsü verilməsi cəhdindən gedir.
Arşakilər sülaləsi, Trdatın şəxsiyyəti və xristianlığın Qafqazda yayılması məsələləri də bu baxımdan xüsusi diqqət tələb edir. Tarixi şəxsiyyətlərin etnik mənsubiyyətini və siyasi kimliyini müasir milli anlayışlarla eyniləşdirmək düzgün deyil. Eyni zamanda, Albaniya tarixi, Arşakilər sülaləsinin bölgədəki hakimiyyəti və xristianlığın yayılmasında yerli hökmdarların rolu ayrıca, mənbələr əsasında araşdırılmalıdır.
Xüsusilə Trdatın kimliyi və onun hansı siyasi sülaləyə mənsub olması məsələsi tarixi mənbələrə əsaslanaraq aydınlaşdırılmalıdır”.
Q.Hacıyev qeyd etdi ki, hər hansı tarixi şəxsiyyəti yalnız sonrakı dövrün milli ideoloji təsəvvürlərinə uyğun şəkildə təqdim etmək elmi yanaşma sayıla bilməz.
“Mənim əsas etirazım da məhz budur: tarixi keçmişi sübut olunmamış iddialar üzərində qurmaq, dini və mədəni hadisələri bir xalqın müstəsna mülkiyyəti kimi təqdim etmək elmi tarixçiliklə uzlaşmır.
Erməni müəlliflərinin din tarixi, mədəniyyət tarixi və qədim dövlətçilik haqqında yazdıqları çoxsaylı kitabların mövcudluğu özlüyündə həmin əsərlərdəki bütün iddiaların həqiqət olduğunu göstərmir. Tarixi iddianın dəyəri kitabın qalınlığı ilə deyil, istinad etdiyi mənbələrin etibarlılığı və elmi sübutların gücü ilə ölçülür.
Ona görə də belə iddialara münasibət bildirərkən emosiyalara deyil, tarixi sənədlərə, arxeoloji faktlara və obyektiv elmi araşdırmalara söykənməliyik. Çünki tarix kiminsə arzusuna, ideoloji ehtiyacına və ya siyasi marağına uyğun yazıla bilməz. Tarixin öz həqiqəti var və həmin həqiqət yalnız mötəbər mənbələr əsasında üzə çıxarıla bilər”-deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA