Hüseyn İbrahimov: “Parlament müxalifəti Rusiyanın “beşinci kolon”u statusunda olan siyasi qüvvələrdən ibarətdir”
Ermənistan parlament sədri Ruben Rubinyan hakim Mülki Müqavilə fraksiyasının müxalifət təşəbbüslərinin parlament gündəliyinə daxil edilməsini dəstəkləməyə hazır olduğunu bildirib. Hətta əksəriyyət onların məzmunu ilə razılaşmasa belə, müxalifət deputatları yeni Konstitusiya layihəsinə oxşar yanaşma sərgiləməlidirlər.
Rubinyan, "Güclü Ermənistan" və "Ermənistan" fraksiyalarından olan deputatlar Edqar Qazaryan və Artur Xaçatryanın ölkədə demokratiyanın geriləməsi ilə bağlı bəyanatın daxil edilməsini dəstəkləmək təklifini şərh edib.
Spektaberin sözlərinə görə, hakim fraksiya, müxalifət də parlamentdə məsələlərin müzakirəsinə mane olmamağa razı olarsa, bu cür təşəbbüslərin məzmunu ilə bağlı mövqeyindən asılı olmayaraq, onların nəzərdən keçirilməsinə səs verməyə hazırdır. Xüsusilə, Rubinyan təklif edib ki, müxalifət fraksiyaları vətəndaşlara sənədi müzakirə etmək imkanı yaratmaq üçün yeni Konstitusiya layihəsinin irəli sürülməsini dəstəkləsinlər. Deputa Xaçatryanın cavabında bildirilib ki, müxalifət yeni Konstitusiya layihəsinin nəzərdən keçirilməsini dəstəkləmək niyyətində deyil: “Biz "lehinə" səs verə bilərik, siz "əleyhinə" səs verə bilərsiniz, bunun nə fərqi var? Siz çoxluqsınız, yenə də bu məsələni müzakirəyə çıxaracaqsınız. Amma biz bunun müzakirəsinə, lehinə səs verməyə qarşıyıq”.
Görünən odur ki, Ermənistan müxalifəti yeni Konstitusiyanın müzakirəsində iştirak etmək istəmir. Hətta, Rubinyan desə də ki, biz sizin təklifinizi nəzərə alıb ölkədə demokratiyanın süqutu adlı məsələni müzakirə edə bilərik, ancaq siz də Konstitusiya müzakirəsinə qoçulun. Ancaq müxalifət deyir yox. Maraqlıdır, müxalifət qoşulmasa nə olacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimovun fikrincə, müxalifətin müzakirələrə qoşulmaması hansısa fövqəlada hadisələrə gətirib çıxarmayacaq: “Ona görə ki, Ermənistanın parlament müxalifəti Rusiyanın “beşinci kolon”u statusunda olan siyasi qüvvələrdən ibarətdir. Bunu Ermənistanda bilməyən yoxdur. Belə olmasaydı Paşinyanın komandası bu ilin iyununda keçirilən parlament seçkilərdə böyük üstünlüklə qalib gəlməzdi. Əslində belə müxalifət müəyyən mənada Paşinyana sərf edir. Çünki həmin müxalifət sağlam və müstəqil mövqeyə malik deyil. Rusiya maraqlarına xidmət edən və daxildə sabitliyi pozmaqla məşğul olan qüvvələrdən ibarətdilər. Məlum məsələdir ki, onlar yeni Konstitusiya layihəsini dəstəkləməyəcəklər. Çünki Rusiyadan elə təlimat alıblar. Paşinyan hökuməti və tərəfdarları sabiq prezidentlər Robert Köçəryanın, Serj Sarkisyanın rəhbərlik etdiyi qrupları, müttəfiq siyasətçiləri Moskvanın maraqlarını müdafiə etməkdə ittiham edirlər. Ona görə də Rusiyaya bağlı müxalifətin yeni Konstitusiyaya qarşı olması, müzakirələrə qatılmaması kəskin nəticələrə səbəb olmayacaq. Ona görə ki, sosial dayaqları zəifdir. Ən yaxşı halda proses bir qədər uzana bilər”.
Vidadi ORDAHALLI